Təhsildə süni intellekt bizim əvəzimizə düşünməməlidir - Eston təhsil nazirindən çağırış
Estoniyanın təhsil və tədqiqat naziri Kristina Kallas Yaponiya və təhsildə süni intellektlə işləməkdə öncüllük etməyə hazır olan digər ölkələri siniflərdə hansı növ süni intellektə ehtiyac duyulduğu ilə bağlı qlobal siyasətin formalaşdırılması məqsədilə koalisiya yaratmağa çağırıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Avropa İttifaqının mövcud qaydalarının təkbaşına kifayət etmədiyini bildirən K.Kallas Yaponiyanın “Kyodo News” agentliyinə müsahibəsində vurğulayıb ki, ölkələr məxfilik məsələləri, qərəzlilik və süni intellektin insanlara vura biləcəyi digər zərərlər də daxil olmaqla bir sıra məsələlər üzrə bir araya gəlməli və süni intellekti qlobal səviyyədə tənzimləməlidirlər.
“Növbə təhsilə gəldikdə, biz düşünməyimizə kömək edən süni intellektə ehtiyac duyuruq; bizim əvəzimizə düşünən süni intellektə yox”, – deyə nazir bildirib. O, həmçinin xəbərdarlıq edib ki, şagirdlər süni intellektə həddindən artıq güvənərlərsə, özlərinin düşünmə qabiliyyətini koqnitiv baxımdan inkişaf etdirə bilməyəcəklər.
Dünyanın ən qabaqcıl rəqəmsal cəmiyyətlərindən biri olan Estoniyanın ötən ilin fevralında “AI Leap” proqramını işə saldığını deyən nazir bildirib ki, proqramda cavablar təqdim etməyən, əksinə, şagirdləri müstəqil düşünməyə sövq etmək üçün suallar verən, “ChatGPT”nin xüsusi uyğunlaşdırılmış versiyasından istifadə olunur.
Onun sözlərinə görə, Estoniya proqramın hazırlanmasına 2024-cü ilin əvvəlində başlayıb və bunun üçün koqnitiv elm, təhsilin inkişafı elmi və neyroelm sahələrində çalışan alimlərdən ibarət süni intellekt üzrə məsləhət şurası yaradıb. Şura proqram rəsmi olaraq işə salınmazdan əvvəl bir il ərzində fəaliyyət göstərib.
Bu ilin fevralından iyun ayınadək cəmi dörd aylıq istifadəni əhatə edən ilk il üzrə hesabat göstərib ki, Estoniyada şagirdlərin təxminən 80 faizi süni intellektdən həddindən artıq istifadənin onların öz düşünmə qabiliyyətlərini zəiflədə biləcəyini anlayır. K.Kallas bunu müsbət göstərici kimi qiymətləndirib.
O bildirib ki, “AI Leap” proqramının məqsədinə o zaman nail olunmuş hesab ediləcək ki, məzunlar süni intellektin necə işlədiyini başa düşsün, analitik düşünə, tənqidi qiymətləndirə və yarada bilsinlər. Nazir hesab edir ki, bu bacarıqlar uzun müddət təhsili müəyyənləşdirən “əzbərlə – anla – tətbiq et” çərçivəsindən daha genişdir.
“Təhsilin mənası dəyişməz olaraq qalır – insanlara düşünməyi öyrətmək. Amma... siz nə qədər dərindən düşünmək qabiliyyətinə maliksiniz? Bax, bu dəyişəcək”, – deyə o bildirib.
K.Kallasın sözlərinə görə, süni intellektin təsiri ilə gələcəkdə siniflər, çox güman ki, daha kiçik olacaq və bir müəllimin təxminən 15 şagirdlə işləməsi mümkün olacaq. O bildirib ki, debat, müzakirə və yaradıcı fəaliyyətlər üçün daha kiçik qruplara ehtiyac yaranacaq. Nəticədə isə daha az deyil, daha çox müəllimə ehtiyac olacaq.
Tokioda səfərdə olan nazir həmçinin qeyd edib ki, Estoniya və Yaponiya müəllim çatışmazlığı və peşədən uzaqlaşma ilə bağlı oxşar problemlərlə üzləşirlər. O, müəllimlərə öz tədris metodlarını seçməkdə daha çox sərbəstlik verilməsinin bu peşəni daha cəlbedici edəcəyini bildirib.




