Təhsilə fotonun gözü ilə baxanlar mükafatlandırıldı 

17 Dekabr, 2025 - 17:39
Təhsilə fotonun gözü ilə baxanlar mükafatlandırıldı 

Milli mətbuatımızın 150 illiyinə həsr olunan “Elm və təhsil obyektivdə” foto-video müsabiqəsi yekunlaşıb. Bu gün Bakı Fotoqrafiya Evində düzənlənən tədbirdə qaliblər mükafatlandırılıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

“Təhsil prosesinə fotoqrafların münasibəti, baxışı əksini tapıb”

Nazir müavini Firudin Qurbanov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, foto nəinki bir insanın, hətta bir ailənin, dövlətin, bəşəriyyətin xatirələrini yaşada bilər. Foto tarixinə nəzər salan nazir müavini ilk fotonun yaranmasından keçən 200 ilin və rəqəmsal fotonun yarandığı son 50 ilin tarixinin fotolarda əksini yaratdığı təsirdən danışaraq bu gün həmin fotoların nə qədər dəyərli olduğuna diqqət çəkib: “Fotonun əsas məqsədi gözəlliyi, emosiyaları insanlara çatdırmaqdır”.

F.Qurbanov milli mətbuatımızın 150 illiyinə həsr olunan sərginin əhəmiyyətini vurğulayıb: “Sərgilənən fotolarda həm təhsilalanlar, həm təhsilverənlər, həm də valideynlərin hissləri əks olunub, təhsil prosesinə fotoqrafların münasibəti, baxışı əksini tapıb”.

Nazir müavini qeyd edib ki, sərginin özəlliyi həm də ondadır ki, burada Ulu Öndərin şəxsi fotoqrafı Rafiq Bağırovun fotoları da nümayiş etdirilir: “Həmin fotolardan Ümummilli Liderin təhsilə olan diqqəti aydın görünür. Bilirsiniz ki, Heydər Əliyevin hakimiyyəti dövründə 15 mindən artıq gənc Sovet İttifaqının ən nüfuzlu ali təhsil müəssisələrində təhsil alıb. Bu ənənə indi də davam etdirilir. Dövlət proqramları qəbul olunub və gənclər dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıblar”.

Firudin Qurbanovun sözlərinə görə, foto-video sərgilərin təşkili ənənəyə çevrilə bilər: “Fotosərginin gələcəkdə inkişaf etdirilməsinə də diqqət edəcəyik. Yaxşı olar ki, sənətkarlarımız da müsabiqəyə qoşulsunlar. Təhsilimizin inkişaf mərhələlərini, müasir təhsildə hansı proseslər getdiyini fotolarda görmək maraqlı olar”.

Nazir müavini Qarabağ müharibəsi və böyük zəfərdə payı olan təhsil işçilərinin fotolarda yer almasının arzuolunan olduğunu bildirib. Sərgilənən foto və videoların daha geniş ictimaiyyətə də təqdim olunacağını vurğulayıb.

Sərginin keyfiyyəti onun səmimi olmasındadır

Tədbirdə çıxış edən millət vəkili Elçin Mirzəbəyli bildirib ki, bəzən bir fotonun ifadə etdiyini bir hekayə, povest ifadə edə bilmir. Fotoqrafin məharəti tutduğu bir anı yaşatmaqdır: “Fotolar ölkə təhsilinin müxtəlif tərəflərini göstərir. Sərginin keyfiyyəti onun səmimi olmasındadır. Təhsilin çətin tərəfini də göstərir, müasir məktəblərdə oxuyan balalarımızı da. Qənaətimə görə, ən doğru yanaşma budur”.

“Fotolarını təqdim etmələri və qalib olmaları üçün çox yaxşı śərait yaradılıb”

Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı, Münsiflər Heyətinin sədri Rafiq Bağırov çıxış edərək belə bir sərginin təşkilinə görə təşkilatçılara təşəkkür edib. “Uşaqlıqdan fotoların içərisində böyümüşəm və çoxuşaqlı ailədə ancaq mən foto ilə maraqlandım”, - deyən məşhur fotoqraf Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrindən danışıb. “Həvəskar fotoqraf idim, o məni peşəkar elədi”, - deyib.

Müsabiqəyə təqdim olunan fotoların peşəkarlıq nöqteyi-nəzərindən deyil, əks etdirdiyi anlarına görə dəyərli olduğunu deyib.
Məşhur fotoqraf müsabiqəyə təqdim olunan fotoların sayının az olduğunu deyib: “Hesab edirəm ki, bu müsabiqə sayəsində gələcək müsabiqələrdə daha çox fotolar təqdim ediləcək. Xalqımız istedadlıdır, burada daha çox adam iştirak edə bilərdi. Fotolarını təqdim etmələri və qalib olmaları üçün çox yaxşı śərait yaradılıb”.

25 iş münsiflər heyəti tərəfindən qiymətləndirilib 

Xatırladaq ki, Elm və Təhsil Nazirliyinin və Azərbaycan Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən müsabiqə foto və video məzmun olmaqla iki kateqoriya üzrə keçirilib. Peşəkar və həvəskar vizual məzmun yaradıcıları, foto-müxbirlər və media nümayəndələri iştirak ediblər. Müsabiqəyə ümumilikdə 100-ə yaxın müraciət daxil olub, 245 iş qəbul edilib. Qəbul olunan işlərdən 10-u video, 235-i isə foto materiallardır. Müsabiqə qaydalarına uyğun olaraq texniki meyarlara cavab verən 25 iş münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Mükafatlandırılanlardan biri Təhsil TV-nin əməkdaşı Çingiz Xankişiyevdir. O, “Azərbaycan müəllimi”nə deyib ki, foto müsabiqənin qalibi olmaq sevindiricidir: Çox maraqlı şəkillər vardı. Peşəkarlıqla çəkilmiş şəkillərin arasında mənim işimin də olması qürurvericidir. Fərqli gözəl anları əbədiləşdirən çoxsaylı fotolar arasında insanın qəlbini titrədən anlar çox idi. Hər foto şirin bir təbəssüm yaradır”.

Orxan Əzim 2001-ci ildən fotoqrafiya ilə məşğuldur. Hazırda “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində fotoqrafiya üzrə təlimçidir: “2022-ci ildə Astaranın Diqo kəndində çəkdiyim foto II oldu. Nənə nəvəsini belində məktəbə aparır. O kənddə məktəb yoxdur. Həmin fotodan sonra həmin kənddə modul tipli məktəb tikildi. Bu nəticə fotonun gücünü göstərir və mənim üçün qürurvericidir. Fotonun gücünü bilirəm, amma qalib olacağımı düşünərək verməmişdim. Gözləntimiz olmamalıdır, yoxsa seçilməmək xəyal qırıqlığı olar”.   

Qaliblərdən biri Müzəffər İsmayılov 2012-ci ildən fotoqrafiya ilə məşğul olub. Hazırda bu sənətdən uzaq olan fotoqraf “Azərbaycan müəllimi”nə bildirib ki, anı yaxalayan fotolar fərqlənir və bu sərgidə də təhsilə maraq göstərdiyi üçün iştirak edib: “Müsabiqələrə fotolar təqdim edən biri deyiləm. Amma bu müsabiqənin obyektiv olacağına inamım olduğu üçün qatıldım. Həm də təhsillə bağlı fotolarım çoxdur. Maraqlı tədbir oldu, fərqli yanaşmalar gördüm. Fotoları izləyərkən fərqli fotoqrafların fərqli yanaşmaları ilə rastlaşmaq, foto sənətinin peşəkarlığa doğru getdiyini görmək sevindirici oldu. Fərqli kadrlar gələcəyə ümid bəxş edir. Uşağı məktəbə hazırlayan ananın fotosu çox xoşuma gəldi. Bu kadr həm də ona görə gözəldir ki, hər birimiz onu yaşamışıq”.

Müsabiqəyə münsif rəyi: “Biz onlara peşəkar gözü ilə baxmadıq”

Rafiq Bağırov münsiflər heyətindəki işindən danışıb: “Bizə təqdim olunan fotoların müəllifləri bilinmirdi. Ayrılıqda şəkilləri qiymətləndirdik, yerləri toplantıda müəyyənləşdirdik: “Peşəkar olmayan müəlliflər olduğu üçün biz onlara peşəkar gözüylə baxmadıq. Biz bu fotoları sadə bir insanın gözü ilə baxmışıq”.

"Hər foto bu sənətin böyüklüyünü göstərir”

F.Qurbanov “Azərbaycan müəllimi”nə açıqlamasında çox xoşuna gələn fotolardan danışıb: “Ulu Öndər Heydər Əliyevin I sinfə gələn şagirdlə görüşündən təsirləndim. Onunla necə səmimi görüşür! Məncə, çox təsiredici bir fotodur. Sərgidə çox maraqlı fotolar var. Təsirləndiyim şəkillər birinci sinfə gələn uşaqların fotolarıdır. Birində ağlayır, birində sevinir, gülür. Hər foto bu sənətin böyüklüyünü göstərir”.

Foto: Kənan QAFAROV

Təhsilə fotonun gözü ilə baxanlar mükafatlandırıldı 
Təhsilə fotonun gözü ilə baxanlar mükafatlandırıldı 
Təhsilə fotonun gözü ilə baxanlar mükafatlandırıldı 
Təhsilə fotonun gözü ilə baxanlar mükafatlandırıldı 
Təhsilə fotonun gözü ilə baxanlar mükafatlandırıldı 
Təhsilə fotonun gözü ilə baxanlar mükafatlandırıldı 
Təhsilə fotonun gözü ilə baxanlar mükafatlandırıldı