Təhsilin İnkişafı Fondu 500-dən çox qızın təhsilinə dəstək olub

11 Fevral, 2026 - 11:01
Təhsilin İnkişafı Fondu 500-dən çox qızın təhsilinə dəstək olub

Qadınların və qızların elmə tam və bərabər çıxışını təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 2015-ci il tarixli qətnaməsi əsasında fevralın 11-də Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü qeyd edilir.

Azərbaycanda qızların təhsilinə dəstək verən bir sıra layihələr həyata keçirilir. Təhsilin İnkişafı Fondunun icra etdiyi həmin layihələr çərçivəsində yüzlərlə qız təhsildə əlavə imkanlar əldə edib.

“Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramına 233 tələbə qız cəlb edilib

Təhsilin İnkişafı Fondundan (TİF) "Azərbaycan müəllimi"nə bildirilib ki, “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramına 233 tələbə qız cəlb edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə həyata keçirilən təqaüd proqramı çərçivəsində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən və həssas qruplardan olan tələbə qızlar təhsil müddəti ərzində aylıq 200 manat məbləğində təqaüd ilə təmin olunurlar. Ümumilikdə bu günədək təqaüd verilən tələbələrin sayı 233, hazırda təqaüd alan qızların sayı isə 229-dur. 

“Parla” təqaüd və inkişaf proqramı ilə 109 qız

“Parla” Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə tələbə qızlar üçün elan etdiyi təqaüd proqramıdır. İki qurum arasında əməkdaşlığa əsasən, Azərbaycanda hər il 50 tələbə qız üçün “Parla” təqaüd və inkişaf proqramı həyata keçirilir. Proqram çərçivəsində müxtəlif təlimlər, mentor görüşləri, düşərgələr, təcrübə səfərləri baş tutur. 2025-ci il ərzində 86 nəfər təqaüdlə təmin olunub, onlardan 27-si məzun olub, proqrama qəbul yeni tədris ilindən açıq elan edilib və 50 tələbə qız proqrama qoşulub. Beləliklə, proqram çərçivəsində təqaüd alan qızların sayı 109-a çatıb.

“Zərif mühəndislər”in sayı 50 nəfər olub 

“Zərif mühəndislər” təqaüd proqramı Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupu tərəfindən birgə həyata keçirilir. Layihənin məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan aztəminatlı ailələrdən olan tələbə qızların təhsilinə, mühəndislik sahəsində peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir. 2024-2025-ci tədris ilini əhatə edən layihə çərçivəsində 50 qız tədris ilinin sonuna qədər təqaüd almaqla yanaşı, təcrübə və təlim proqramlarından yararlanmaq imkanı əldə edib.    

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı

2024-cü ildə Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı ilə “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı təsis edilib. Proqram üzrə təqaüd ayrılan 43 iştirakçıdan 20-si qızdır.

78 qız “Maarifçi” tələbə-məzun təcrübə proqramından yararlanıb

“Maarifçi” tələbə-məzun təcrübə proqramı Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşəbbüsü ilə həyata keçirilir. 2024-cü ildən etibarən indiyədək 3 dəfə keçirilən proqram çərçivəsində 106 nəfər iştirak edib və 200 manat təqaüdlə təmin olunub. Onlardan 78-i qızdır.

Təhsilin İnkişafı Fondu 500-dən çox qızın təhsilinə dəstək olub
Təhsilin İnkişafı Fondu 500-dən çox qızın təhsilinə dəstək olub
Təhsilin İnkişafı Fondu 500-dən çox qızın təhsilinə dəstək olub
Təhsilin İnkişafı Fondu 500-dən çox qızın təhsilinə dəstək olub