"TEKNOFEST 2026" üçün qeydiyyat BAŞLADI

19 Yanvar, 2026 - 17:24
"TEKNOFEST 2026" üçün qeydiyyat

Dünyanın ən böyük texnologiya və aviasiya festivalı olan TEKNOFEST 2026 üçün qeydiyyat prosesi rəsmi olaraq start götürüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu il festival çərçivəsində ümumilikdə 52 yarışma və 127 alt-kateqoriya üzrə müsabiqələr təşkil olunacaq.

Yarışmaların mükafat fondu 75 milyon TL, iştirakçılara təqdim ediləcək material və layihə dəstəyi isə 100 milyon TL-dən çoxdur.

Müsabiqələrdə iştirak etmək istəyənlər üçün son müraciət tarixi 20 fevral 2026-cı il olaraq müəyyən edilib.

"TEKNOFEST 2026" 30 sentyabr – 4 oktyabr 2026 tarixlərində Türkiyənin Şanlıurfa şəhərində, GAP Hava Limanında keçiriləcək.

Festivalın əsas yarışma kateqoriyalarına Raket yarışması, Kənd təsərrüfatı texnologiyaları yarışması, İnsansız hava aparatları (İHA) yarışmaları, “Çelikkubbe” hava müdafiə sistemləri yarışması, Səhiyyədə süni intellekt yarışması və Təhlükəsiz peyk rabitəsi yarışması daxildir.

2026-cı ildə ilk dəfə olaraq Elektron müharibə yarışması, Qabaqcıl otonom sistemlər (dizayn və əməliyyat) yarışması, Mədən texnologiyaları yarışması, FPV dron izləmə (tracking) yarışması və İnsanlıq xeyrinə texnologiyalar yarışması kimi yeni kateqoriyalar da iştirakçılara təqdim olunur.

"TEKNOFEST 2026" ilə bağlı ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün QR koddan və ya rəsmi internet səhifəsindən istifadə etmək mümkündür: https://www.teknofest.org/tr/