Tələbə Basketbol Liqasının 2025/2026 mövsümündə II dövrə oyunları keçirilir
Ali təhsil müəssisələrinin tələbələri arasında Tələbə Basketbol Liqasının 2025/2026 mövsümü üzrə II dövrə oyunları keçirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, A qrupunda mübarizə aparan Azərbaycan Dövlət İqtisad Universitetinin komandası Bakı Mühəndislik Universitetinin komandasını 66:39, Azərbaycan İdman Akademiyasının komandası Bakı Ali Neft Məktəbinin komandasını 20:0 hesabı ilə məğlub edib.
B qrupunda mübarizə aparan Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandalarının qarşılaşması olub, oyun 54:37 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Tələbə Basketbol Liqası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilir.
8 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı liqaya may ayında yekun vurulacaq.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında basketbol idman növünün təbliği, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət yığma komandaların heyətinin müəyyənləşdirilməsi və onlar arasında vətənpərvərlik, dostluq əlaqələrinin gücləndirilməsindən ibarətdir.



