Tələbəsinin peşə sevgisi müəllimin ən böyük uğurudur - Peşə Təhsil Mərkəzinin müəllimi 

25 Fevral, 2026 - 14:53
Tələbəsinin peşə sevgisi müəllimin ən böyük uğurudur

“Peşə təhsili artıq çilingərin, dəmirçinin, rəngsazın deyil, həm də mühəndisin, texnoloqun, innovatorun da yetişdiyi vacib ünvandır”.

Bunu Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Qismət Məsim “Azərbaycan müəllimi”nə müsahibəsində deyib. Onun fikrincə, “peşə” sözü, sadəcə zəhməti deyil, həm də zəkanı, texnologiyanı, yeniliyi ifadə edir: “Bu gün dünyada uğur qazanan ölkələrə baxın – Almaniyada, İsveçrədə, Skandinaviya ölkələrində peşə təhsili elə ali təhsil qədər nüfuzludur. Hətta daha praktik, daha əhatəli, daha faydalıdır. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində çalışan müəllim olaraq, bunun fərqindəyəm. Bu gün sinif otağımızda, sadəcə dərs keçmirik, tələbələrimizə bacarıq öyrədirik, istiqamət veririk, onların gələcək həyatına dəyər qatırıq. Nəqliyyat sahəsində bilik alan bir tələbə, sabah öz emalatxanasını qurur, yeni texnologiyaları tətbiq edir, ölkənin sənayesinə töhfə verir”.

Qismət Məsimin fikrincə, peşə təhsilinin uğurunun sirri əl əməyi ilə beyin işinin vəhdətindədir: “Peşə təhsili ali təhsildən geri deyil, əksinə, onun tamamlayıcısıdır. Sənət sahibi olmaq bir qürur mənbəyi, bir hünərdir.

“Nəqliyyatın istismarı” üzrə ixtisas fənn müəllimi olan Qismət Məsim Azərbaycanda peşə təhsilinə dəyişən münasibəti məhz peşə təhsilinin dünyada və Azərbaycanda möhkəmlənən mövqeyi ilə izah edib: “Bilirsiniz ki, uzun illər boyunca bu sahədə səssizlik hökm sürüb. Valideynlər orta təhsil səviyyəsini bitirən övladları barədə “Ali təhsil alsın, oxusun, işıq üzü görsün”, - deyirdilər. Amma heç kim düşünmürdü ki, işıqlı sabahlar yalnız diplomla deyil, biliklə, bacarıqla, yəni əlləri ilə düşünüb, düşüncələri ilə işləyənlər sayəsində qurulur”.

Müəllimlik – onun ən doğru qərarı

“Müəllimlik həyatda sonradan verdiyim ən doğru qərarlardan biri oldu”, - deyən Qismət Məsimin sözlərinə görə, nəqliyyat uşaqlıqdan onun diqqətini çəkib: “Orta məktəbdə də, ali məktəbdə də texniki fənləri əla qiymətlərlə bitirmişəm. Zaman keçdikcə bu maraq peşəyə, peşə isə müəllimliyə çevrildi.  Çünki bir müddət texniki sahədə yalnız mütəxəssis kimi çalışmaq barədə düşünürdüm. Sonra başa düşdüm ki, bilik paylaşılmadıqda öz dəyərini itirir. Gənclərlə işləmək, onların formalaşmasına təsir etmək insana tamam başqa bir məsuliyyət və mənəvi məmnunluq verir. Bu hiss məni müəllimliyə gətirdi”.

Qismət Məsim Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub, orta təhsilini burada başa vurduqdan sonra Azərbaycan Texniki Universitetində “Nəqliyyat vasitələrinin texniki istismarı” ixtisası üzrə ali təhsil alıb.

Hazırda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində nəqliyyat ixtisası üzrə yüksək peşə təhsili pilləsində müəllim kimi fəaliyyət göstərir. Pedoqoji fəaliyyəti dövründə ixtisas üzrə bir sıra peşəkar təlim və seminarların iştirakçısı olub, avtomobil texnologiyaları və nəqliyyat vasitələrinin texniki istismarı sahəsində bilik və bacarıqlarını davamlı olaraq inkişaf etdirib: “Bu sahə həm nəzəri bilik, həm də praktik bacarıq tələb etdiyi üçün müəllimdən daim öz üzərində işləməyi tələb edir. Peşə təhsili canlı bir prosesdir, burada yalnız danışmaq yox, göstərmək, birlikdə işləmək, səhvləri birlikdə düzəltmək lazımdır. Emalatxanada tələbə ilə yanaşı dayanmaq bəzən auditoriyada dərs deməkdən daha təsirlidir”.

Texniki sahədə mütəxəssis olsa da, söz oyunu da qurur

Texniki sahədə ixtisaslaşsa da, Qismət Məsimin sözlə də arası yaxşıdır. Deyir ki, peşə təhsilində uğur qazanmasının səbəblərindən biri də məhz budur:

“Mən həm də şeir yazıram, ədəbiyyatı sevirəm. Bəziləri texniki sahə ilə poeziyanın bir araya sığmadığını düşünür. Amma, məncə, əksinədir. Texnika insana dəqiqliyi, poeziya isə hiss etməyi öyrədir. Bu iki tərəf bir-birini tamamlayır. Peşə təhsilində işləmək şair ruhuna mane olmur, əksinə, onu həyatın real səhnələri ilə zənginləşdirir. Hər insan bir hekayə, bir əsərdir. Peşə təhsilində təhsil alan gənclərin isə hekayəsi daha zəngindir. İnanın ki, bu sahədə müəllim öz davranışı ilə bir insanı göyün yeddinci qatına da qaldırar, yerin dibinə də salar”. 

Peşə təhsili alan gənclərə qarşı daha çox həssaslıq tələb olunmasının səbəbini belə izah edib: “Bəziləri peşəyə böyük maraqla gəlir, amma çoxunda bu maraq zamanla, təhsil aldıqları müddətdə formalaşır. Müəllimin işi yalnız öyrətmək deyil, həm də istiqamət verməkdir. Bir tələbənin öz peşəsini sevdiyini görmək müəllim üçün ən böyük uğurdur”.

Müəllimliyinə elə aludə olub ki, bütün hədəfləri tələbələri ilə bağlıdır: “Bir müəllim kimi əsas hədəfim tələbələrimin gələcəkdə yaxşı mütəxəssis olmaqla yanaşı, məsuliyyətli və dürüst insanlar kimi yetişməsidir. Çünki peşə yalnız çörək qazanmaq vasitəsi deyil, insanın cəmiyyətə fayda vermə yoludur. Gənclərə bunu anlatmaq peşə təhsilinin ən vacib tərəflərindən biridir”.

İxtisas fənn müəllimi deyir ki, hazırda olmaq istədiyi yerdədir: “Geriyə baxanda düşünürəm ki, olmaq istədiyim yerdəyəm. Çünki həm sevdiyim sahə ilə məşğulam, həm də gənclərin həyat yolunda kiçik də olsa, iz buraxa bilirəm. Müəllimlik mənim üçün sadəcə peşə deyil, gələcəyi formalaşdırmaq imkanıdır!”

Sonda bir arzumu bölüşüm: Gələcəkdə peşə təhsili ilə bağlı olan hər bir məktəb, hər bir müəllim, hər bir tələbə – bir marka, bir nümunə olsun. Və bizlər – bu təhsilin yolçuları, o markanın qürurlu daşıyıcıları olaq.

Qələm, çilingər açarı qədər qiymətlidir. Və bəzən bir açar, min qələmin bacarmadığını bacarar. Gəlin, o açarı düzgün əllərə verək...!