Təmayül təhsili uğurun ən etibarlı yollarındandır - Sertifikasiyada 59 bal toplayan müəllim
Məlumat verdiyimiz kimi, 2026-cı ildə keçiriləcək müəllimlərin sertifikasiya imtahanlarının tarixləri məlum olub. Sertifikatlaşdırılma prosesinin 17-19, 23-25 iyun tarixlərində təşkil olunması planlaşdırılır.
"Azərbaycan müəllimi" əvvəlki illərdə sertifikasiya imtahanında iştirak etmiş və uğur qazanmış müəllimlərin sertifikasiya imtahanı ilə bağlı fikirlərini öyrənib.
Sertifikatlaşdırmanın əsas məqsədi...
Vəfa Cəfərova Sumqayıt şəhər yeni təmayül tədris modeli tətbiq olunan 37 nömrəli tam orta məktəbdə riyaziyyat fənni üzrə müəllim işləyir. 22 illik pedaqoji fəaliyyəti dövründə müxtəlif təlimlərdə, müsabiqələrdə, layihələrdə və peşəkar inkişaf proqramlarında, ARTİ-nin təşkili etdiyi "Müasir metodist" layihəsində iştirak edib və uğur qazanıb. Eyni zamanda DİM-in təşkil etdiyi yazı işlərinin qiymətləndirilməsi və yoxlanılması üzrə marker kimi fəaliyyət göstərib. Vəfa müəllim diqqətə çatdırır ki, işlədiyi müddətdə fənn müsabiqələrində respublika birinciləri yetişdirib, müxtəlif qəzet və jurnallarda məqalələri dərc olunub.
2024-cü ildə sertifikatlaşdırma prosesində iştirak etmiş və 59 bal, müsahibə mərhələsində isə 37 bal toplamış müəllim kimi, Vəfa Cəfərova hesab edir ki, bu proses müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, peşəkar inkişafının təşviq olunması və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından olduqca əhəmiyyətlidir: "Sertifikatlaşdırma müəllimləri daim öz üzərində işləməyə, yenilikləri izləməyə və tədris metodlarını təkmilləşdirməyə sövq edir. Eyni zamanda, bu proses müəllimin güclü tərəflərini və inkişaf etdirməli olduğu istiqamətləri müəyyənləşdirməyə imkan yaradır. Məncə, sertifikatlaşdırmanın əsas məqsədi müəllim nüfuzunun artırılması, təhsil sistemində keyfiyyət göstəricilərinin yüksəldilməsi və şagirdlərin daha yaxşı təhsil almasına şərait yaratmaqdır. Bu baxımdan sertifikatlaşdırmanı müəllimlərin peşəkar inkişafına xidmət edən vacib bir mexanizm hesab edirəm".
"Yeni yəmayül tədris modeli ali təhsilə hazırlıq funksiyasını gücləndirir"
Qeyd etdiyimz kimi, Vəfa Cəfərovanın işlədiyi 37 nömrəli tam orta məktəbdə 2024-2025-ci tədris ilindən "Tam orta məktəb" (hazırda yeni təmayül tədris modeli layihəsi) tətbiq olunur. Bu model ümumi orta təhsilin yuxarı pilləsində tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin akademik potensialının məqsədyönlü şəkildə inkişaf etdirilməsi və ali təhsil müəssisələrinə qəbul göstəricilərinin artırılması məqsədini daşıyır. Layihəyə qəbul zamanı əsas meyarlardan biri IX sinif üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanında 150 baldan yuxari nəticə əldə etməkdir. Eyni zamanda, tədris prosesinə sertifikasiya imtahanlarında yüksək nəticə göstərmiş peşəkar müəllimlər cəlb olunur ki, bu da təhsilin keyfiyyətinə müsbət təsir göstərən əsas amillərdən biridir.
Vəfa Cəfərova məktəbdə fəaliyyət göstərən belə peşəkar müəllimlərdən biri olaraq yeni təmayül tədris modeli layihəsinə münasibət bildirib: "Yeni təmayül tədris modeli yalnız X və XI sinifləri əhatə edir. Tədris prosesi şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun təşkil edilir, nəticədə onların ali məktəbə qəbul üçün zəruri olan fənlər üzrə daha dərin və sistemli biliklər əldə etmələrinə şərait yaradılır. Bu yanaşma şagirdlərin əlavə hazırlıq kurslarına olan ehtiyacını minimuma endirməklə məktəbin özünün ali təhsilə hazırlıq funksiyasını gücləndirir”.
V.Cəfərova qeyd edir ki, layihənin effektivliyi əldə olunan nəticələrdə aydın şəkildə öz əksini tapır. Buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərin sayının artması tətbiq olunan modelin səmərəliliyini təsdiqləyir. “Buna nümunə olaraq, heç bir əlavə hazırlıq kursuna qatılmadan bu il keçirilən buraxılış imtahanında 292 bal toplamış Ləman Muradlının nəticəsini göstərmək olar. Bu uğur məktəbdə yaradılmış akademik mühitin və keyfiyyətli tədris prosesinin real göstəricilərindən biridir. Hesab edirəm ki, yeni təmayül tədris modeli müasir təhsil tələblərinə cavab verən, şagirdyönümlü və nəticəəsaslı yanaşması ilə ölkəmizdə orta təhsilin inkişafına mühüm töhfə verir. Layihənin əhatə dairəsinin genişləndirilməsi və daha çox şagirdin bu imkanlardan faydalanması gələcəkdə ali təhsilə qəbul göstəricilərinin və insan kapitalının keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcəkdir. Hazırda layihə üzrə qeydiyyat davam edir və uyğun göstəricilərə malik şagirdlər bu təhsil modelindən yararlanmaq imkanına malikdirlər".
Vəfa müəllim əlavə edir ki, işlədiyi məktəbdə tətbiq olunan yeni təmayül tədris modeli çərçivəsində şagirdlərə seçdikləri ixtisas qruplarına uyğun fənlər daha dərindən və məqsədyönlü şəkildə tədris olunur: "Tədris planına uyğun olaraq, bu fənlərə ayrılan dərs saatları ümumtəhsil məktəbləri ilə müqayisədə daha genişdir ki, bu da şagirdlərin ali təhsil müəssisələrinə hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir".
Həmsöhbətim vurğulayır ki, buraxılış imtahanlarının başa çatmasından sonra məktəbdə tədris prosesi yeni mərhələyə keçir. Bu mərhələdə diqqət tam şəkildə ali məktəblərə qəbul imtahanlarında tələb olunan fənlərə yönəldilir, həmin fənlər üzrə dərs saatları artırılır və şagirdlərin bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılır. "Dərslər müasir təlim yanaşmalarına uyğun olaraq qoşa saat prinsipi ilə təşkil edilir. Bu isə müəllimlərə mövzuları daha əhatəli izah etməyə, şagirdlərə isə əldə etdikləri bilikləri möhkəmləndirmək, tətbiq və müzakirə etmək üçün əlavə vaxt qazandırır. Məqsədimiz hər bir şagirdin seçdiyi ixtisas istiqaməti üzrə yüksək nəticələr əldə etməsinə, gələcək təhsil və karyera hədəflərinə inamla addımlamasına dəstək olmaqdır. Şagirdlərimizin uğuru bizim ən böyük nailiyyətimizdir. Təmayül təhsili isə bu uğura aparan ən etibarlı yollardan biridir".




