Son 4 ildə 560-dan çox qız xüsusi təhsil təqaüdü əldə edib
2022-ci ildən bu günədək sırf qızların təhsilinə dəstək məqsədilə 4 təqaüd proqramı həyata keçirilib və bu proqramlar vasitəsilə 469 qız təqaüd əldə edib.
Bunu Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova “Azərbaycan müəllimi”nə açıqlamasında deyib.
Onun sözlərinə görə, Təhsilin İnkişafı Fondu 2022-ci ildən qızların təhsil imkanlarının genişləndirilməsi, akademik və peşəkar inkişafının dəstəklənməsi məqsədilə müxtəlif təqaüd proqramları həyata keçirir. Bu təşəbbüslər çərçivəsində qızlara maliyyə dəstəyi ilə yanaşı, bilik və bacarıqlarını inkişaf etdirmək, yeni təcrübələr qazanmaq və gələcək karyeralarına hazırlaşmaq üçün imkanlar yaradılır: “2022-ci ildən bu günədək sırf qızların təhsilinə dəstək məqsədilə həyata keçirilən proqramlar vasitəsilə 469 qız təqaüd əldə edib. Hazırda həmin proqramlardan ikisi aktiv şəkildə davam edir. Bununla yanaşı, Fondun digər təqaüd proqramlarından da 98 qız yararlanıb. Beləliklə, bu günədək fondun bütün təqaüd proqramları üzrə 567 qız dəstək alır. Yeni tədris ilində proqramlara yeni iştirakçıların qoşulması ilə bu göstəricinin 700-ü ötəcəyi proqnozlaşdırılır”.
K.Abdulrəşidova əlavə edib ki, proqramların mühüm istiqamətlərindən biri iştirakçıların şəxsi və peşəkar inkişafına şərait yaratmaqdır: “İngilis dili və IELTS hazırlığı beynəlxalq təhsil imkanlarına çıxışı dəstəkləyir, mentorluq təcrübəli mütəxəssislərin biliklərindən yararlanmağa imkan verir. Şirkətlərdə təşkil olunan təcrübə proqramları isə qızların nəzəri biliklərini praktikada tətbiq etməsinə, iş mühiti ilə tanış olmasına və əmək bazarının tələblərini daha yaxından anlamasına kömək edir”.
Təhsilin İnkişafı Fondu qızların təhsilinə dəstəyi onların bilik və bacarıqlarının inkişafına, potensiallarının reallaşdırılmasına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş mühüm istiqamət kimi qiymətləndirir: “Həyata keçirilən proqramlar vasitəsilə qızların özünəinam qazanmalarına, yeni təcrübələr əldə etmələrinə və gələcək hədəflərinə doğru inamla irəliləmələrinə şərait yaratmağı hədəfləyirik”.




