Təranə Mahmudova: “İdman nizam-intizamı, məqsədə çatmaq üçün çalışmağı öyrədir”
"İdmanın təsiri sadəcə güclü əzələlər və ya yaxşı fiziki forma ilə məhdudlaşmır. İdman uşaqlara nizam-intizam, məsuliyyət hissi və məqsədə çatmaq üçün çalışmağı öyrədir".
Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin Fizioterapiya şöbəsinin müdiri, həkim-fizioterapevt Təranə Mahmudova söyləyib.
Onun sözlərinə görə, fiziki baxımdan onların sümük və əzələ sistemi möhkəmlənir, hərəkət koordinasiyası yaxşılaşır, əzələləri, dayaq hərəkət sistemini möhkəmlədir, ürək qan-damar sistemini güclənir, immuniteti artırır:
“Fiziki məşqdən sonra dayaq hərəkət aparatı, hərəkətlərin dəqiqliyi, koordinasiyası,cəldlilik, dözümlülük formalaşır. Psixoloji baxımdan isə özünəinam artır, stres azalır və uşaqlar daha sosial olurlar. Müşahidələrimiz göstərir ki, idmanla məşğul olan uşaqlar adətən daha fəal, təşəbbüskar və ünsiyyətcil olurlar. Onlarda stres və narahatlıq azalır, diqqət və yaddaş yaxşılaşır.
Fizioterapevt kimi gündəlik praktikamda həm də görürəm ki, hərəkətli həyat tərzi keçirən uşaqlarda duruş pozğunluqları, əzələ zəifliyi və artıq çəki problemlərinə daha az rast gəlinir.
İdman uşağın yalnız fiziki inkişafına deyil, həm də bədənini düzgün idarə etməsinə və hərəkət bacarıqlarının formalaşmasına kömək edir”.




