Türkiyədə 15 yaşdan aşağı uşaqlara sosial media qadağası qoyuldu – Nəzarət sərtləşdirildi

23 Aprel, 2026 - 10:48
Türkiyədə 15 yaşdan aşağı uşaqlara sosial media qadağası qoyuldu

Türkiyə Böyük Millət Məclisində (TBMM) 15 yaşını tamamlamamış uşaqların sosial media platformalarına çıxışını qadağan edən qanun qəbul edilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, yeni tənzimləməyə əsasən, sosial şəbəkə platformaları 15 yaşdan aşağı istifadəçilərə xidmət göstərə bilməyəcək və yaşın təsdiqi üçün zəruri mexanizmlər tətbiq ediləcək. 15 yaşdan yuxarı, lakin yetkinlik yaşına çatmayan istifadəçilər üçün isə ayrıca məhdudlaşdırılmış xidmət formatı təqdim ediləcək. Bu tədbirlər platformaların rəsmi saytlarında açıqlanmalıdır.

Qanuna əsasən, sosial media şirkətləri valideyn nəzarəti alətləri də təqdim etməlidir. Bu alətlər hesab parametrlərinin idarə olunması, ödənişli əməliyyatların valideyn razılığı ilə həyata keçirilməsi, eləcə də istifadə müddətinin izlənməsi və məhdudlaşdırılması kimi funksiyaları əhatə edəcək. Bundan əlavə, aldadıcı reklamların qarşısının alınması üçün texniki və inzibati tədbirlərin görülməsi məcburi olacaq.

Gündəlik girişi 10 milyondan çox olan platformalar üçün daha sərt tələblər müəyyənləşdirilib. Belə ki, təcili hallarda məzmunun silinməsi və ya girişin məhdudlaşdırılması ilə bağlı qərarlar ən geci bir saat ərzində icra edilməlidir. Qanunun tələblərinə əməl etməyən platformalara əvvəlcə inzibati cərimələr, daha sonra reklam qadağası tətbiq olunacaq. Öhdəliklər yenə yerinə yetirilməzsə, internet trafikinin bant genişliyi mərhələli şəkildə – əvvəl 50%, daha sonra isə 90%-dək azaldıla bilər.

Qanun oyun platformalarına da şamil edilir. Buna görə, uyğun yaş kateqoriyası üzrə qiymətləndirilməmiş oyunların təqdiminə icazə verilməyəcək. Xarici mənşəli və Türkiyədən gündəlik girişi 100 min nəfəri keçən oyun platformaları ölkədə rəsmi nümayəndə təyin etməli və bu barədə məlumatları aidiyyəti qurumlara təqdim etməlidir.

Eyni zamanda, Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumuna (BTK) oyun platformalarının koorporativ strukturu və məlumatların emalı prosesləri ilə bağlı məlumat tələb etmək səlahiyyəti verilir.

Qəbul edilən qanun “Rəsmi qəzet”də dərc olunduqdan 6 ay sonra qüvvəyə minəcək.