Türkiyədə məktəblərdə təhlükəsizlik tədbirləri artırılıb
Türkiyədə məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Türkiyənin milli təhsil naziri Yusuf Tekin məlumat verib.
O bildirib ki, məktəblər risk səviyyəsinə və fiziki imkanlarına uyğun olaraq təhlükəsizlik kateqoriyalarına ayrılıb, bir sıra təhsil ocaqlarında isə kamera sistemləri, təcili vəziyyət düymələri, turniketlər, əl detektorları və üz tanıma texnologiyaları tətbiq olunub.
Nazirin sözlərinə görə, Milli Təhsil Nazirliyi məktəb ətrafları üzrə risk xəritələri də hazırlayıb. Bununla yanaşı, valideyn görüş sistemi, mobil telefon istifadəsi ilə bağlı qaydalar, məktəb forması və müəllim önlüyü tətbiqləri, eləcə də şagird servis xidmətlərinin monitorinqi istiqamətində işlər davam etdirilir.
Yusuf Tekin məktəblərdə xidmət göstərəcək gözətçilərlə bağlı da məlumat verərək bildirib ki, planlaşdırılan 31 min əməkdaşdan artıq 23 mindən çoxu rəsmən işə başlayıb. Qalan əməkdaşların da prosedurlar tamamlandıqdan sonra mərhələli şəkildə vəzifələrinin icrasına başlayacağı qeyd olunub.
Nazir canlı yayımda məktəb təhlükəsizliyi, sosial media istifadəsi və uşaqların qorunması ilə bağlı görülən tədbirlərdən danışıb. O, Manisanın Turqutlu rayonunda lisey yaxınlığında baş verən silahlı insidentə toxunaraq hadisənin yalnız məktəb təhlükəsizliyi kontekstində qiymətləndirilməsinin düzgün olmadığını deyib.
Tekin vurğulayıb ki, evlərində qanuni silah saxlayan ailələr uşaqların bu silahlara çıxışının qarşısını almalıdır. Onun sözlərinə görə, ictimai təhlükəsizliyin təmin olunması təkcə hüquq-mühafizə orqanlarının deyil, bütün cəmiyyətin məsuliyyətidir.
Nazir valideynlərə sosial media ilə bağlı da çağırış edərək uşaqların rəqəmsal platformalardakı fəaliyyətlərinin nəzarətdə saxlanmasının vacibliyini bildirib. O qeyd edib ki, sosial şəbəkələrdə zorakılıq meyilləri və ya riskli davranış əlamətləri müşahidə olunarsa, valideynlər bunu nəzərə almalı və zərurət yarandıqda mütəxəssis dəstəyinə müraciət etməlidirlər.




