Türküstanda Azərbaycana həsr olunan “açıq dərs” keçirilib
Qazaxıstanın Türküstan vilayətinin Karasu kəndində fəaliyyət göstərən Qarabağ həftəsonu Azərbaycan məktəbində “açıq dərs” keçirilib. Dərsin mövzuları "Azərbaycanda çay mədəniyyəti" və "Azərbaycanda qədim idman oyunları" olub.
“Azərbaycan müəllimi” Diasporla iş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycandan gələn müəllimlər də iştirak ediblər.
Azərbaycan Dillər Universitetinin Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının baş müəllimi Aygün Soltanzadə və Kəmalə Qurbanlı Azərbaycanda çay mədəniyyəti haqqında ətraflı məlumat veriblər. Onlar ölkədə çayçılığın tarixi, Lənkəranda çay istehsalının formalaşması barədə danışıb, çay dəsgahının qurulmasını əyani şəkildə nümayiş etdiriblər. Təqdimatın sonunda Şövkət Ələkbərovanın ifasında “Çay” mahnısı səsləndirilib.
Azərbaycan İdman Akademiyasının müəllimi Xədicə Abasova isə Azərbaycanın qədim idman oyunlarından danışıb. O, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Qarabağ atları ilə oynanılan çövkən oyunu, eləcə də pəhləvan döyüşləri barədə məlumat verib, mövzuya dair videoçarxlar göstərib.
Tədbirin sonunda Qarabağ Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva Azərbaycandan gələn müəllimlərə təşəkkürnamələr təqdim edib.
“Açıq dərs” Azərbaycanın milli musiqilərinin səsləndirilməsi ilə başa çatıb



