“Uğur nəticə deyil, o, nəticəyə qədər keçdiyin yoldur" – London Universitet Kollecindən qəbul alan Ləman Quliyeva ilə MÜSAHİBƏ

6 Fevral, 2026 - 14:12
“Uğur nəticə deyil, o, nəticəyə qədər keçdiyin yoldur" – London Universitet Kollecindən qəbul alan Ləman Quliyeva ilə MÜSAHİBƏ

– Özünü qısa şəkildə təqdim edə bilərsənmi? Hazırda hansı universitetdə, hansı ixtisas üzrə təhsil alırsan?

– Salam, mən Ləman Quliyeva. Bakı Dövlət Universitetinin SABAH fakültəsinin, "Tarix müəllimliyi" ixtisası üzrə sonuncu kurs tələbəsiyim. Hazırda həm təhsilimi tamamlayır, həm də gələcək akademik hədəflərimə doğru addımlayıram.

– Artıq dördüncü kursu bitirirsən. Bu illər sənin üçün daha çox nə verdi: akademik bilik, yoxsa düşüncə tərzi?

– Bu müddətdə həm akademik bilik, həm də fərqli düşüncə tərzi qazandım. Universitet bizi təkcə elmi biliklə deyil, həyata fərqli yönlərdən yanaşmaq və problemləri analiz etmək bacarığı ilə də təmin edir.

– Hazırda oxuduğun universitetdə orta göstəricinin 99 olması sənin üçün nəyi ifadə edir? Bu nəticələr təsadüfdürmü, yoxsa uzun illər qurulmuş sistemin nəticəsi?

– Bəli, yekun semestr ortalama göstəricimi 99 bal ilə bilirdim, ümumi isə hələki 97-dir bu göstərici. Bu rəqəmlərin heç biri mənim üçün sadəcə bir bal göstəricisi deyil. Bu mənim üçün davamlı çalışmağımın, məsuliyyətimin və əzmimin göstəricisidir.

– Sənin oxu yanaşmanda əsas prinsip nə olub: sürət, dərinlik, yoxsa davamlılıq?

– Mən hər zaman keyfiyyətli oxunu əsas götürmüşəm. Mənə görə çox oxumaq yox, oxuduğunu dərindən anlamaq və ondan bir nəticə çıxarmaq əsasdır.

– Universitet illərində səni ən çox dəyişən akademik və ya şəxsi məqam hansı olub?

– Sadəcə dərslərlə kifayətlənməyib bir çox intellektual yarışlara, layihələrə və könüllülük proqramlarına müraciət etməyim məni çox dəyişdi. Hər təcrübə mənə fərqli bir dəyər qazandırdı.

– Magistratura üçün müraciət qərarını nə vaxt və hansı səbəblərlə verdin?

– Hələ 1-ci kursu bitirəndə hədəfimi müəyyənləşdirmişdim: dünyanın TOP-10 universitetindən birində təhsil almaq. Öz sahəmi beynəlxalq standartlarda öyrənmək və qlobal akademik mühitin bir parçası olmaq istəyim bu qərarın əsas hərəkətverici qüvvəsi idi. Nəticədə, bir çox universitetlərə müraciət etdim, xüsusilə, Böyük Britaniya universitetlərinə. Yaxın zamanlarda London Universitet Kollecindən "Beynəlxalq ictimai siyasət" ixtisasına qəbul məktubumu aldım. Elə əsas hədəflərimdən biri məhz UCL və bu ixtisas idi. İndisə səbirsizliklə digər müraciət etdiyim universitetlərdən nəticələrimi gözləyirəm və ümid edirəm ki, onlardan də qəbul xəbərimi tezliklə alacağam.

– Dünyanın ən yaxşı universitetlərindən yüksək nəticələrlə qəbul almaq üçün əsas üstünlüyün nə oldu?

– Magistratura üçün TOP universitetlərə müraciət etdikdə sizin bir çox göstəriciləriniz nəzərə alınır. Elə məhz məni daim ümumi ortalama göstəricimi yüksək saxlamaqda motivasiya edən səbəblərdən biri də məhz elə xaricdə təhsil almaq arzum idi. Sizin hədəfiniz artıq dünyanın tanınmış universitetləridirsə, sizin akademik göstəricilərinizlə yanaşı, digər sosial təcrübələriniz də burada mühim rol oynayır. Bura daxil ola bilər, təcrübə, könüllülük proqramları, məqalələr, müxtəlif layihələr, müsabiqələr və digərləri. Bu kimi göstəricilər bu qəbul prosesində xüsusi rol oynayır.

– Səncə, xarici universitetlər səndə nəyi gördü və bu qərarı verdi?

– Onlar yalnız qiymət cədvəlimi görmədilər. Onlar mənim tədqiqat potensialımı, seçdiyim proqrama nə dərəcədə uyğun olduğumu və motivasiyamı gördülər. Liderlik keyfiyyətlərim və tövsiyə məktublarım mənim gələcəkdə bu sahəyə verə biləcəyim töhfəni onlara sübut etdi.

– Bu qəbul prosesi sənə özün haqqında hansı yeni reallıqları göstərdi?

– Gördüm ki, qarşıma qoyduğum hədəflər nə qədər "əlçatmaz" görünsə də, sistemli çalışdıqda hamısı mümkündür. Bu proses mənə öz potensialıma daha çox güvənməyi və qlobal rəqabətə hazır olduğumu göstərdi.

– GOC könüllü komandasında rəhbər olmaq qərarı necə yarandı?

– Bilik və təcrübəmi paylaşmaq, daha geniş kütləyə təsir etmək istəyirdim. GOC-un enerjisi və məqsədləri mənim dəyərlərimlə üst-üstə düşdüyü üçün bu məsuliyyəti üzərimə götürdüm.

– Akademik cəhətdən güclü olmaqla ictimai məsuliyyəti bir arada aparmaq çətin olmadı ki?

– Düzünü desəm, asan deyildi. Akademik yükün ağırlığı ilə ictimai işləri balanslaşdırmaqciddi    intizam tələb edirdi. Amma məhz bu çətinlik məni daha dözümlü və planlı birinə çevirdi.

– GOC-da gördüyün işlər sənin liderlik anlayışını necə formalaşdırdı?

– Anladım ki, liderlik sadəcə idarə etmək deyil, həm də komandanı ruhlandırmaq və hər kəsin ən yaxşı versiyasını üzə çıxarmaq üçün şərait yaratmaqdır.

– Sənin kimi akademik profili olan bir gəncin GOC-da aktiv olması niyə vacibdir?

– Çünki ancaq kitab oxumaqla insan birtərəfli qalır. Bizim kimi gənclər "mən ancaq dərslərimi oxuyum" deyib kənara çəkilməməlidir. Əldə etdiyimiz o akademik bazanı cəmiyyət üçün, faydalı işlər üçün istifadə etməliyik. GOC da gənclər üçün kifayət qədər faydalı təşkilatlardan biridir, məhz oradan qazandığım beynəlxalq  sertifikatlar da mənim xarici universitetlərə qəbul prosesimdə əhəmiyyətli rol oynamışdır.

– Bugünkü Ləmana baxanda keçmişdə verdiyin hansı qərarın həlledici olduğunu deyə bilərsən?

– Bugünkü Ləmanı formalaşdıran ən həlledici qərar, rahat zonada qalmaq əvəzinə məsuliyyət götürməyi seçməyim oldu. Sadəcə tələbə olmaqla kifayətlənmədim, özümü müxtəlif mühitlərdə sınamağa qərar verdim.

– Yol boyu çətinlik yaşadığın, amma səni gücləndirən bir dövr olubmu?

– Özümü ən çox gücləndirən dövr, eyni anda çox şeyi çatdırmağa çalışdığım vaxtlar idi. Yorulduğum, şübhə etdiyim anlar oldu, amma məhz həmin dövrdə nə qədər dözümlü ola bildiyimi gördüm. Özünə məsləhətim bu olardı: “Prosesdən zövq al və narahat olma, çəkdiyin heç bir zəhmət qarşılıqsız qalmır.”Bəzən nəticəyə o qədər fokuslanırıq ki, keçdiyimiz yolun gözəlliyini unuduruq. Amma hər oxunan kitab, hər yuxusuz gecə bu gün məni mən edən kərpiclər idi.

– Sənin fikrincə, gənclər akademik uğur anlayışını harada səhv başa düşürlər?

– Ən böyük səhv akademik uğuru sadəcə qiymət cədvəli  ilə eyniləşdirməkdir. Yüksək ortalama bir qapını aça bilər, amma o qapıdan içəri girdikdən sonra sənə lazım olan şey o qiymətin arxasındakı bilikdir. Akademik uğur diplom deyil, o diplomu alarkən qazandıqlarımızdır.

– Magistratura və xaricdə təhsil arzulayan tələbələr ən çox hansı yanlışlara yol verir?

– Xaricdə təhsil arzusunda olanların ən böyük yanlışı, öz hekayələrini yox, “hamıya uyğun” profili yaratmağa çalışmalarıdır. Bundan başqa Ən böyük yanlış hazırlığa son anda başlamaqdır. Xarici universitetlərə müraciət 3-4 illik bir "portfolionun" nəticəsidir. Həmçinin, yalnız GPA-ya güvənib sosial aktivliyi, xarici dili və motivasiya məktubunu arxa plana atmaq da ciddi xətadır.

– Yüksək nəticə əldə etmək istəyən bir tələbə ilk olaraq nəyi dəyişməlidir?

– Yüksək nəticə əldə etmək istəyən bir tələbə ilk olaraq özünə yanaşma tərzini dəyişməlidir. Daim özünü başqaları ilə müqayisə etmək əvəzinə, dünənki halından bir addım irəli getməyə fokuslanmalıdır. Nəticə yox, proses üzərində işləməyi öyrəndikdə, inkişaf özü ilə birlikdə gəlir.

– Bu mərhələdə “uğur” anlayışını necə izah edərdin?

– Uğur mənim üçün hər gün özünün dünənki versiyasından bir addım öndə olmaqdır. Hazırda UCL kimi bir TOP universitetlərdən qəbul almağım sadəcə bir nəticədir; əsl uğur isə o nöqtəyə qədər keçdiyim çətin, öyrədici və dəyişdirici yoldur.

– GOC-un sənin həyatındakı rolunu bir cümlə ilə ifadə etsən, nə deyərdin?

–GOC mənim üçün sadəcə bir qurum deyil. Mən GOC-da fəaliyyətimə sadə bir könüllü olaraq başlamışam, amma zamanla bura mənim üçün nəzəriyyənin praktikaya çevrildiyi bir sınaq meydanına çevrildi. Hər layihədə, hər görüşdə öz daxili potensialımı kəşf etdim, məsuliyyət götürməyi və ən əsası, komanda ilə birgə böyüməyi öyrəndim. Könüllülüklə başlayan bu yol məni komanda rəhbərliyinə qədər gətirdi və bu müddət ərzində anladım ki, əsl inkişaf sadəcə fərdi qazanılan uğurlarda deyil, bir komandanın parçası olaraq yaradılan dəyərdədir.

– Səni izləyən gənclərə son mesajın nə olardı?

– Hər kəs bizdən sadəcə nəticəni, qəbul aldığımız universitetləri və ya yüksək ballarımızı görür. Amma mən onlara o nəticəni yox, o nəticəyə qədər keçdiyim o yorğun, bəzən ümidsiz, amma heç vaxt dayanmadığım günləri xatırlatmaq istəyirəm. Heç vaxt 'mən hələ hazır deyiləm' və ya 'başqaları məndən daha yaxşıdır' deyib geri çəkilməyin. Çünki dünya öz xəyallarına hər gün kiçik də olsa bir addım atacaq qədər cəsarətli olan gənclərə hər zaman qapılarını açır.

Unutmayın ki, ən böyük rəqibiniz güzgüdə gördüyünüz insandır. Hər gün özünüzün dünənki versiyanızdan bir addım öndə olmağa çalışın. Zəhmət heç vaxt itmir, sadəcə zamanını gözləyir. İnanın ki, bir gün geriyə baxanda o yuxusuz gecələrin və çətinliklərin necə gözəl bir gələcəyə çevrildiyini görəcəksiniz. Sadəcə başlayın və özünüzə şans verin.