“Uğur qazanmaq üçün analitik düşüncə də vacibdir” - RFO medalçıları
Respublika fənn olimpiadalarının final mərhələsində region məktəblilərinin uğurlu nəticələri bir daha göstərir ki, məqsədyönlü hazırlıq və zəhmət yüksək nailiyyətlərin əsasını təşkil edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, Masallı və Cəlilabad məktəblilərinin əldə etdiyi nəticələr də bu baxımdan xüsusi diqqət çəkir.
RFO-da tarix fənni üzrə qızıl medal qazanan Masallı şəhər 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mahirə Bəşirova təhsil aldığı müddət ərzində müxtəlif bilik yarışlarında və fənn olimpiadalarında uğurla iştirak edib. Tarix fənninə olan xüsusi marağı onu bu istiqamətdə daha böyük nailiyyətlərə aparıb. O, iştirak etdiyi olimpiadalarda ardıcıl olaraq qızıl, gümüş, gümüş və yenidən qızıl medal qazanaraq yüksək nəticələr əldə edib.
Bundan əlavə, Lənkəran-Astara regionu üzrə keçirilən “Xarıbülbül” bilik yarışmasında X və XI siniflərdə iştirak edərək hər iki ildə I yerə layiq görülüb.
Mahirə qeyd edir ki, final mərhələsi əvvəlki mərhələlərdən ciddi şəkildə fərqlənir:
“Bu mərhələdə yalnız fənn bilikləri kifayət etmir. Eyni zamanda xüsusi düşüncə tərzi, güclü analiz qabiliyyəti və yaradıcılıq tələb olunur. Bu il təqdim olunan suallar da mürəkkəbliyi ilə seçilirdi. Lakin dörd il ərzində topladığım təcrübə və məqsədyönlü hazırlıq sayəsində çətinliklərin öhdəsindən gələ bildim və yenidən qızıl medal qazandım”.
Onun sözlərinə görə, son hazırlıq mərhələsində daha çox analiz tələb edən tapşırıqlara üstünlük verilib. Məktəb həyatının son ilində müəllimlərinə və məktəbinə bu sevinci yaşada bildiyi üçün qürur hissi keçirdiyini bildirən Mahirə Bəşirova əlavə olaraq buraxılış imtahanında 275 bal topladığını qeyd edib. Gələcəkdə ali təhsil pilləsində uğurlarını davam etdirərək ölkəni beynəlxalq səviyyədə təmsil etməyi də qarşısına məqsəd qoyub.
RFO-da tarix üzrə ikinci qızıl medalçı Cəlilabad rayon Əli Kərimov adına Gülməmmədli kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Kənan Vəliyev də müxtəlif olimpiadalarda qazandığı nailiyyətlərlə seçilən şagirdlərdəndir. O, 2024-cü ildə “Qərbi Azərbaycana Qayıdış” olimpiadasının Naxçıvan Muxtar Respublikasında keçirilən final turunda qızıl, 2025-ci ildə isə gümüş medal qazanıb.
Bununla yanaşı, zonalararası keçirilən “Xarıbülbül” (“Zəfər”) olimpiadasında 2024-cü ildə III, 2025-ci ildə isə II yerə layiq görülüb.
Kənan Vəliyev final mərhələsinin xüsusiyyətlərini belə dəyərləndirir:
“Final mərhələsində suallar əsasən açıq tipli olur və daha çətin hesab edilir. Burada uğur qazanmaq üçün yalnız bilik deyil, eyni zamanda analitik və yaradıcı düşüncə vacibdir. Mənim üstünlüyüm isə əzmim, mübarizliyim və davamlı çalışmağım olub”.
O qeyd edir ki, imtahan zamanı ən çox çətinlik çəkdiyi tapşırıq akademik esse olub: “Esse yazarkən yaradıcı yanaşmadan istifadə etməyə çalışdım. Hazırlıq prosesində isə əsas diqqəti esse, cədvəl və qrafik kimi yaradıcı düşüncə tələb edən tapşırıqlara yönəltmişdim”.
Şagirdin sözlərinə görə, təqdim olunan suallar balanslı olub və gözləntiləri doğruldub.
Gələcək planlarından danışan Kənan Vəliyev hüquq sahəsinə yönəlmək istədiyini bildirib:
“Məqsədim hüquq fakültəsinə daxil olmaq, peşəkar hüquqşünas kimi formalaşmaq və gələcəkdə hakim olmaqdır”.
Bu cür uğurlar region məktəblərində təhsilin keyfiyyətinin yüksəldiyini, şagirdlərin isə bilik və bacarıqlarını inkişaf etdirmək üçün böyük əzmlə çalışdıqlarını bir daha təsdiqləyir.



