Uğura aparan yol
İnsan övladının qədir-qiyməti onun məqsədyönlü və şüurlu həyatı dərk olunanda, başa düşüləndə daha rövnəqli və tutumlu olur. Ömür yolunda parlaq iz salmağın təsir dolayları nə qədər geniş və əhatəli olsa da, müdriklik baxımından o daima özünün qüdsi keyfiyyətləri ilə ətrafdakılardan fərqlənir, peşə, sənət yollarında püxtələşmək məramı ilə güc tapdıqca, həyatına bir daha qonacaq şan-şöhrət zirvəsini fəth etməklə yeni uğurlar ardınca təkmil addımlar atmaqda da davam edir, bu işdən mənəvi zövq alır. Aydın həqiqətdir ki, hər bir insanın həyatında parlaq ömür səhifələri, uzun və keşməkeşli həyat kredosu yüksək tələbkarlıq, əzmkarlıq nümunəsi olaraq daim çalışmağı, əməyi sayəsində ətrafdakılara münasibətilə cəmiyyətdə özünə layiqli mövqe qazana bilirlər.
Adına, şərafətinə, insanlığına və ləyaqətinə xüsusi hörmət bəslədiyim tədqiqatçı-alim, həssas pedaqoq, qədirbilən insan Vidadi Paşa oğlu Bəşirov da belə şəxsiyyətlərdəndir. O, şaxtalı, sazaqlı bir qış günündə 14 yanvar 1951-ci il tarixində Neftçala rayonunun Xolqarabucaq kəndində anadan olub. Mənim onunla tanışlığım isə xoş təsadüf nəticəsində baş verib. Onunla görüşməzdən əvvəl haqqında xeyli ürəkaçan sözlər eşitmişdim. Xoş ovqat bəxş edən xeyirxah insan, elmin, təhsillənməyin qapılarını şagirdlərinin, tələbələrinin üzünə səxavətlə açan təcrübəli müəllim ucqar bir guşədə, Neftçala rayonunun Qırmızıkənd və Xəzərkənd kəndlərində nümunəvi coğrafiya müəllimi olaraq qabaqcıl təcrübəsi ilə müəllim adının ehtişamını uğurlu fəaliyyəti ilə reallaşdırmağa böyük rəvac verməklə özünəxas tədris-tərbiyə metodikası ilə fərqli, effektiv iş nümunəsi göstərməyə qadir keyfiyyətləri barədə yerli dövri mətbuatdan da xəbərdar idim. O xüsusən, məktəb və müəllim təcrübəsinə aid silsilə məqalələrlə “Qələbə” (Salyan) və “Gündoğar” (Neftçala) qəzetlərində müntəzəm məqalələr dərc etdirir, zəhmət və istedad ucalığına aparan yaradıcılıq fəzilətlərinin ilkin təməl prinsiplərini yüksək etimadla, potensial zəka mədəniyyəti ilə araya-ərsəyə gətirirdi.
Sözün birmənalı yozumu ilə söyləsək, onu qeyd etmək yerinə düşər ki, həyatı boyu o, müəllim dünyasından xəbərdar olmağın min bir möcüzəsinə məftunluqla inanıb geniş pedaqoji ictimaiyyətə çatdırmaqda əsl fədakarlıq nümunəsi göstərməklə, ürəyinin hərarətini və gözlərinin nurunu böyüyən nəslin vətən üçün gərəkli bir şəxsiyyət kimi yetişməsinə bəxş edib. 1974-cü ildən başlayan 75 illik həyat növrağının əlli ildən çoxunu bu müqəddəs peşə səltənətinə həsr edib.
Müəllimlik amalına sidqi-ürəklə bağlanan, bu yaradıcı ömürdən nəşət götürən Vidadi müəllim çalışdığı kollektivlərdə ona tapşırılan işin öhdəsindən həmişə layiqincə gəlib. Bu yolda qazandığı inkişaf imkanlarını neçə-neçə həmkarlarının metodik iş prinsiplərini müəyyənləşdirən mənəvi-intellektual, etik-mədəni amala xidmət edən yüksək səviyyəli yazıları ilə sevimli kollektivinə başucalığı gətirib. Maarif və ziya işığı saçan məktəbdarlıq əməyi ilə sıx surətdə bağlı olub, iş, sənət xiridarlığının böyük bir qismini müəllim statusu ilə davam etdirməklə, qonşu kəndlərdə də özünün maarifləndirici məqalələri ilə böyük ad-san sahibinə çevrilib. O, peşəkar müəllim fəaliyyətinin düz dörd ilini məhz, o illərdə respublikanın ən sayılıb-seçilən Qırmızıkənd kənd orta məktəbində nümayiş etdirdi. Xüsusən, uğurlu əməyinə həmişə həssas qayğı və münasibət göstərən məktəb direktoru, əməkdar təşviqatçı Abuzər Ağayevin zəngin tövsiyələri onun üçün “qızıl qayda”ya çevrildi.
Müəllim ömrünün sonrakı mərhələsi isə Xəzər kənd orta məktəbində davam etdi. 1978-1982-ci illərdə Neftçala rayonunun demək olar ki, ən ucqar kəndi olan Xəzər kənd ümumtəhsil məktəbində əvvəlcə sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı, sonra isə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olundu.
Haqqında ümidverici, inamlı sözlər söylənildi. Rayon rəhbərliyində onun haqqında xoş sözlər deyilirdi. Məsul vəzifələrə dəvət aldı. Lakin, elm və təhsil sferasında olmaq həyatının əsas məramını bu müqəddəs peşə yolunda sınasa da, o, elmi, təhsili həyatının mənası bildi. Növbəti tədris ilində (1982-ci ildə) sənədlərini Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun “Pedaqogika tarixi” ixtisası üzrə əyani aspiranturasına təqdim etdi və qəbul olundu. Beləliklə, onun Bakı günləri başladı. Üç il aspirant olduğu indiki Təhsil İnstitutunun elmi əməkdaşlarının rəğbətinə dərin məna verərək, 9 fevral 1989-cu ildə “XIX əsrin ikinci yarısında Azərbaycanda pedaqoji fikrin inkişafına mütərəqqi rus pedaqoji ideyalarının təsiri” mövzusunda namizədlik dissertasiyasını hasilə gətirdi.
Vidadi Bəşirov elmi fəaliyyətə başladığı dövrdən bəri pedaqogikanın nəzəriyyəsi və tarixi problemləri üzrə ali, orta ixtisas və orta ümumtəhsil məktəblərinə genişmiqyaslı istiqamət verən metodik tövsiyələr hazırlayıb, özəl və dövlət təhsil müəssisələri üçün pedaqogika tarixi kursu üzrə milli kurikulum (təhsil proqramları) və tədris vəsaitlərinin hazırlanmasında digər həmkarlarına yardımçı olub. Xüsusən, pedaqogika tarixi ixtisası üzrə formalaşan V.Bəşirov öz üzərində məsuliyyət hiss edən tədqiqatçıdır. Onun yaradıcı aləmi müxtəlif səpkidə olan məktəb və pedaqoji fikir tariximizə həmişə aydın çıraq tutub, milli-mənəvi dəyərlərimizin öyrənilməsi yolunda nəzəri-təcrübi tədqiqatlar üçün faydalı təhsilləndirici mənbə rolu oynayıb. V.Bəşirovun elmi yaradıcı fəaliyyətinin məhsulu olan “Nəriman Nərimanovun ictimai-tərəqqi ideyalarının tarixi əhəmiyyəti və onun gənc nəslə aşılanması yolları” (1990), “Azərbaycan maarifpərvərlərinin yaradıcılığında vətənpərvərlik tərbiyəsi məsələləri” (1994), “Azərbaycan pedaqoji fikrində milli tərəqqi ideyaları (XIX əsrin sonu, XX əsrin əvvəlləri” (2008) adlı milli ruha, vətənpərvərliyə, mənəvi-tarixi yaddaşın qorunmasına səsləyən kitabları oxucular tərəfindən maraqla qarşılanıb. O, milli-pedaqoji mətbuat tariximizin uğurlu ənənələrini davam etdirən “Pedaqogika” adlı elmi-pedaqoji, bədii-publisistik jurnalın (2006) redaksiya heyətinin üzvü kimi pedaqoji biliklərin öyrənilməsi və tətbiqi sahələrində səmərəli iş aparır.
O, uzun illərin tədqiqat məhsulu olan fundamental “Azərbaycan milli izahlı ensiklopedik pedaqoji lüğət” (2005) və “Milli pedaqogikanın elmi yenilikləri” (2015) adlı tədris vəsaitlərinin hazırlanmasında iştirak edib. Vidadi müəllimin elmlər doktoru proqramı üzrə üzərində işlədiyi “Azərbaycan maarifpərvərlərinin mütərəqqi pedaqoji ideyaları (1870-1920-ci illər)” mövzusunda doktorluq dissertasiyasında son tamamlama və təkmilləşdirmə işləri aparılır.
Vidadi Bəşirov məhsuldar alimdir. Onun mənəvi-etik və pedaqoji səpkili 250-dən çox qəzet və jurnal məqalələri pedaqoji ictimaiyyətdə böyük maraq doğurub.
O, 1997-1999-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun “Tədqiqatçı” Azad Həmkarlar Birliyinin sədri, 1998-1999-cu illərdə isə ictimai əsaslarla AETPEİ-nin nəzdində fəaliyyət göstərən birləşdirilmiş-ixtisaslaşdırılmış Müdafiə Şurasının elmi katibi olub.
Vidadi Bəşirov hazırda Azərbaycan Dillər Universitetinin Psixologiya və pedaqogika kafedrasında dosent vəzifəsində çalışır. Universitetin ictimai-mədəni həyatında yaxından iştirak edir. “Təhsil” fakültəsi üzrə elmi-metodik Şuranın sədridir. Son illərdə o, milli-mənəvi dəyərlərimizlə bağlı uğurlu axtarışlarını yenə də böyük səylə davam etdirir. Bu il onun yubiley yaşıdır. Yubilyar alimi təbrik edir, ona elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.
İlham CAVADOV,
Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent



