Uğurlu şəhərsalma üçün düzgün təhsil, effektiv elmi-tədqiqatlar əsasdır - Rektor
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ölkəmizdə təşkili olduqca əhəmiyyətli hadisədir. Bu, Azərbaycanın qlobal şəhərsalma problemlərinə verdiyi önəmi və bu sahənin ölkəmiz üçün nə dərəcədə vacib olduğunu nümayiş etdirir. Tədbirdə çoxlu sayda təşkilatın, xüsusilə də ali təhsil müəssisələrinin iştirakı mühüm rol oynayır. Çünki uğurlu şəhərsalma üçün infrastruktur və resurslarla yanaşı, insan potensialı, cəmiyyətin maarifləndirilməsi, düzgün təhsil və effektiv elmi-tədqiqatların aparılması da həlledici komponentlərdəndir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov deyib.
Rektor bildirib ki, WUF13-də bir çox yerli ali məktəbin, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin iştirakı, sərgidə öz dayanıqlı inkişaf, su resurslarının idarə olunması və bərpaolunan enerji proqramlarını təqdim etməsi çox vacibdir.
“Hazırda ADNSU təhsil, tədqiqat və beynəlxalq əməkdaşlıq çərçivəsində su və bərpaolunan enerji resurslarının idarə edilməsi, həmçinin digər dayanıqlı inkişaf layihələrini uğurla nümayiş etdirir. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə ADNSU 5 mühüm istiqamət üzrə müştərək layihə icra edir. Tamamilə BƏƏ Universiteti tərəfindən maliyyələşdirilən bu layihələrin hamısı birbaşa dayanıqlı inkişaf, dayanıqlı şəhərlər və ağıllı infrastruktur mövzularını əhatə edir”, - deyə R.Əzizov əlavə edib.



