Ümumi təhsilin milli ideyası - tələbyönlü və ləyaqətli vətəndaş tərbiyəsi...

25 Noyabr, 2025 - 09:57
Ümumi təhsilin milli ideyası

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi uzaqgörənlik nümunəsi olan müdrik fikridir ki, “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır”. Bu konseptual müddəanı rəhbər tutaraq, həmin Sərəncamda qeyd edildiyi kimi, “... kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir”. 

Bu qürurverici hadisədən ötən bütöv bir qərinə dönəmində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi fəaliyyət sahələrində müstəsna inkişafa nail olunması birmənalı qəbul edilir. Ölkəmizin ərazi bütövlüyü və suverenliyini, uzun müddət yurd həsrəti ilə yaşamış vətəndaşlarımızın da konstitusion hüquqlarının tam bərpası, şübhəsiz, nailiyyətlərimizin zirvəsidir, möhtəşəm tarixi zəfər salnaməsinin parlaq səhifəsidir. Millətimizin qürur və iftixar mənbəyinə çevrilmiş bu əzəmətli qələbənin memarı, təbii ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti, onu döyüş meydanlarında reallaşdıranlar isə şanlı ordumuz, Azərbaycan məktəblərinin və müəllimlərinin tərbiyə etdiyi qəlbi Vətən eşqi ilə döyünən əsgər və zabitlər olmuşdur. Lakin bu misilsiz qələbədən nə qədər ruhlanıb nikbinləşsək də, indiki nəsli əvəz edəcək gələcək nəsillərin xalqımızın milli-mənəvi, əxlaqi keyfiyyətlərini yaşadan dəyərlər ruhunda tərbiyəsi bu gün hər zaman olduğundan daha artıq dərəcədə taleyüklü problem kimi ön plana çəkilməlidir.

Dövlət müstəqilliyini bərpa etmiş ölkəmizin bugünkü ümumi təhsil sistemi xalqımızın mütərəqqi maarifçilik ənənələri və müasir dövrün qabaqcıl təhsil ideyaları əsasında formalaşmış və inkişaf etməkdədir. Təsadüfi deyil ki, ölkəmizin “Təhsil haqqında” Qanununda fərdin müasir bilik, bacarıq və səriştələrə yiyələnməsi, cəmiyyətdə rəqabətədavamlı və tələbatyönlü olması ilə yanaşı, onun milli-mənəvi dəyərlərə, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq ləyaqətli vətəndaş və şəxsiyyət olaraq yetişdirilməsi tələbi konseptual hüquqi əsas və prioritet istiqamət olaraq təhsilin ən ümdə vəzifələri sırasına daxil edilmişdir. Buna görə də ümumi təhsillə bağlı bütün təşkilati-normativ səciyyə daşıyan sənədlərin, dövlət təhsil standartlarının, dərslik və dərs vəsaitlərinin, metodik tövsiyələrin, təlim texnologiyalarının, pedaqoji-metodik fəaliyyətlərin məzmun və mahiyyətində “tərbiyəolunma”, tərbiyəedicilik” komponentlərinin xüsusi çəkisinin artırılması və gücləndirilməsi daim əlahiddə diqqət tələb edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 fevral 2024-cü ildə keçirilmiş andiçmə mərasimindəki nitqində mənəvi-əxlaqi məsələlərlə bağlı irəli sürdüyü müddəalar, əslində, sosial-humanitar və digər mərkəzi icra hakimiyyəti orqanları tərəfindən bu sahədə həyata keçiriləsi fəaliyyətlərin əsasını təşkil edir: “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun... Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır... Ona görə gənclərimizin tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur”.

Tarixə nəzər salsaq, hələ orta əsrlərdən etibarən müqəddəs “Quran”dan qaynaqlanan ideyalar üzərində qurulmuş müsəlman Şərqinə məxsus həyat fəlsəfəsində mənəvi tərbiyə, əxlaqi dəyərlər cəmiyyətin təşəkkülündə, insanların, xüsusilə də gənclərin milli, vətənpərvər ruhda formalaşmasında öncül mövqeyə malik olmuşdur. Təsadüfi deyil ki, “Orta əsr Şərq təsəvvürlərinə görə, tərbiyəsiz bilik - odunsuz ocaq, biliksiz tərbiyə - bədənsiz ruh kimidir” (F.Rüstəmov, Pedaqogika tarixi, Bakı, “Elm və təhsil”, 2010, səh. 136) anlamında qəbul edilmişdir. Məşhur türk alimi və mütəfəkkiri Əbdülfəttah Şahinin də bir ibrətamiz fikrini xatırlatmaq yerinə düşər: “Məktəblərdə ən azı digər dərslər qədər tərbiyə və millilik üzərində dayanılmalıdır ki, Vətəni cənnətə çevirə biləcək sağlam ruh və sağlam xarakterli nəsillər yetişə bilsin”. Çünki “Hər işin ibtidası tərbiyədir” (Mirzə Ələkbər Sabir - dahi Azərbaycan şairi), “Bütün millətin rifah halı uşaqların tərbiyəsindən asılıdır” (Con Lokk - ingilis filosofu və pedaqoqu).

Heç şübhəsiz, əsrlər bir-birini əvəz etsə də, dünyanın ictimai-siyasi, ideoloji mənzərəsi dəyişikliklərə məruz qalsa da, xalqımızın milli adət-ənənələrə, mənəvi-əxlaqi dəyərlərə bağlılığı dəyişməz qalmaqdadır. Nahaq yerə deməyiblər ki, “Bütün insani dəyərlərin təməli əxlaqdır” (Albert Eynşteyn - dahi alim, filosof). Bununla belə, həyati məsələlərə müxtəlif mövqelərdən yanaşmaların yarandığı, qloballaşma proseslərinin təsir dairəsinin getdikcə daha sürətlə genişləndiyi indiki dövrdə milli dünyagörüşümüzlə və əxlaqi münasibətlərimizlə bir araya sığmayan meyillər istər-istəməz cəmiyyətimizə yol tapır ki, bunlar da daha çox nisbətən iradəcə zəif, sadəlövh uşaq və yeniyetmələrin, gənclərin psixologiyasına, mənəviyyatına təsirsiz ötüşmür. Xüsusilə son vaxtlar bəzi yeniyetmə və gənclərdə müşahidə olunan laqeydlik, hörmətsizlik, mərhəmətsizlik, hətta amansızlıq və intihar halları ciddi narahatlıq doğurmaqdadır. Qəribədir ki, bu cür hallar baş verdikdə “günahkar” axtarışına, “qınaq obyektləri” tapılmasına başlanılır. Halbuki rast gəlinən bu və ya digər belə  faktlara qarşı “birdəfəlik tədbir” görüb təsirsiz nəsihətlərlə kifayətlənmək əvəzinə problemə kompleks yanaşmaq, fəsadların törəmə səbəblərini real prizmadan təhlil edərək onları obyektiv qiymətləndirib aradan qaldırılması yolları haqda düşünülməlidir. 

Kütləvilikdən uzaq olsa da, cəmiyyətimizdə mövcud olan bir sıra ikrah doğuran hadisələr, o cümlədən, davamlı ailə münaqişələri, valideynlərdən hər hansı birinin  ailədən uzaqlaşması nəticəsində övladlarının himayəsiz və maddi çətinliklər içərisində qalması, uğursuz nikahlar, həmçinin aldadıcı xarakter daşıyan qeyri-rəsmi vətəndaş nikahları, valideynlərin uşaqlarını zorla təhsildən uzaqlaşdırıb kənar işlərə cəlb etmələri və bununla da bəzilərinin, xüsusilə də qızların nəinki tam orta, hətta ümumi orta təhsil ala bilməməsi, səbatsız valideynlərin övladlarının müəyyən peşəyə, sənətə yiyələnməsi barədə düşünməməsi, qız uşaqlarının məcburən ərə verilməsi, reytinq xatirinə bəzi telekanalların uğursuz insan münasibətlərini, eləcə də əxlaqi dəyərlərdən uzaq hərəkətləri şou xislətli verilişləri vasitəsi ilə ictimailəşdirmələri və digər bu kimi faktlar cəmiyyət həyatında mənəvi-psixoloji, pedaqoji iqlimə, uşaq və yeniyetmələrin mənəvi durumuna müstəsna dərəcədə mənfi təsir göstərən amillərdir. 

Fikrimizcə, müşahidə olunan həmin problemli məsələlər ətrafında təhsil, mədəniyyət, səhiyyə, hüquq sistemləri və KİV-in nümayəndələrinin, din xadimlərinin, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə işgüzar müzakirələrin keçirilməsi, konstruktiv təkliflər əsasında perspektiv fəaliyyətləri hədəfləyən mükəmməl bir sənədin qəbul olunması, burada irəli sürülən müddəalarla bağlı təhsil, ailə, mədəniyyət, səhiyyə və hüquq sahələri üzrə qanunvericilik aktlarında zəruri dəyişikliklərin edilməsi məqsədəuyğun sayılardı.

Bununla əlaqədar ümumi təhsilə yönələn məsələləri diqqətə çatdırarkən, ilk növbədə, hesab edirik ki, indi qüvvədə olan “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” 14 il bundan əvvəl qəbul edildiyindən hazırda ölkəmizin ümumi təhsil müəssisələrinin fəaliyyətinin dövlətin çağdaş dövrdəki təhsil siyasəti əsasında tənzimlənməsinə, yerli təhsili idarəetmə orqanlarının, məktəb rəhbərlərinin, pedaqoji işçilərin, valideynlərin və təhsil prosesinin digər aidiyyəti iştirakçılarının hüquq və vəzifələrinin müasir çağırışlar, xüsusilə də uşaq və yeniyetmələrin azərbaycançılıq ideologiyası, milli ruh, milli əxlaq, şəxsiyyətyönlü dəyərlər əsasında tərbiyə edilməsinin prioritetliyi nəzərə alınmaqla dəqiqləşdirilməsinə xidmət edən, eləcə də təhsilalanların təhsil prosesinin bərabərhüquqlu iştirakçısı olmalarını, təlim-tərbiyə prosesinin keyfiyyətinin təmin edilməsində məsuliyyət daşımalarını, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə uyğun sağlam həyat tərzi keçirmələrini, nümunəvi davranışa və humanist münasibətə malik olmalarını, ölkəmizə edilən haqsızlıqlara qarşı barışmaz mövqe tutmalarını hüquqi cəhətdən əsaslandıran təkmil bir normativ sənədin  ərsəyə gətirilməsi zərurəti yaranmışdır. “Təhsil haqqında” Qanuna görə, ümumi təhsil müəssisələri sırasına daxil edilmiş ibtidai, ümumi orta, tam orta ümumtəhsil məktəbləri; istedadlı uşaqlar üçün ümumtəhsil məktəbləri; ümumtəhsil internat məktəbləri; lisey və gimnaziyalar öz təyinatı və fərqli xüsusiyyətləri ayrıca əhatə olunmaqla yeni direktiv xarakterli bu sənədin “Ümumi təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi” adlandırılması daha məntiqli olardı. Düşünmək olar ki, həmin qanunvericilik aktının təsdiqi həm də belə bir müddəanın pedaqoji aləmdə qəbuluna möhkəm zəmin yaradar ki, təhsil müəssisəsinin, pedaqoji işçilərin fəaliyyətinə verilən qiymətin xüsusi çəkisi, hər şeydən əvvəl, şagirdlərin mənəvi-psixoloji, fizioloji cəhətdən sağlam və dayanıqlı, milli dəyərlərə sadiq, mübariz və vətənpərvər ruhlu tərbiyə olunması, onlarda şəxsiyyətyönümlü keyfiyyətlərin formalaşdırılması istiqamətində atılan addımların nəticələri ilə ölçülür. Bu mənada, məlum həqiqətdir ki, həmin vəzifələrin həyata keçirilməsinə məsuliyyət daşıyan ümumi təhsil məktəbinin forma və məzmunca təkmilləşdirilməsi hazırkı dövrün reallığına çevrilmişdir. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf  Strategiyası”nda ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar dövrün çağırışlarına cavab verən təkmil məktəb-təhsil modellərinin yaradılması tələbi bunu bir daha sübut edir.

Bununla belə, mövcud dönəmdə uşaq və yeniyetmələrin təlim-tərbiyəsinin təşkili kimi taleyüklü missiyanı həyata keçirə biləcək orta statistik ümumtəhsil məktəbi, fikrimizcə, aşağıdakı keyfiyyətlərə malik olmalıdır:

* məktəbdə normal və təhlükəsiz təhsil şəraiti yaradılmışdır, peşəkar səviyyədə təcrübəli rəhbər və ixtisaslar üzrə səriştəli pedaqoji kadr heyəti, ehtiyacları ödəyəcək maddi-tədris baza, İKT avadanlığı, tibb və internet xidməti mövcuddur;
* bütövlükdə pedaqoji kollektiv və texniki-yardımçı heyət vahid məqsədə xidmət edən komanda ruhunda birləşmişdir. Valideynlərlə işgüzar pedaqoji-psixoloji əlaqələr yaradılmışdır, vaxtaşırı onlarla təhsil məsələlərinə aid maarifləndirici tədbirlər aparılır.
* məktəb yeniliklərə açıqdır, faydalı pedaqoji ideyaların öyrənilib şəraitə uyğun tətbiqində maraqlıdır, təşəbbüskar və yaradıcı fəaliyyət dəstəklənir və dəyərləndirilir;
* məktəbdə qarşılıqlı hesabatlılığa, məsuliyyət bölgüsünə və fəaliyyətin monitorinqinə əsaslanan kollegial idarəetmə sistemi yaradılmışdır, ümumi təhsil sahəsi üzrə aktual məsələlərin, qarşıya qoyulmuş vəzifələrin kollektivə çatdırılmasında, təlim-tərbiyə işlərinin məqsədyönlü planlaşdırılması, təşkili və keyfiyyətli həyata keçirilməsi baxımından mövcud vəziyyətin təhlil olunub qiymətləndirilməsi və zəruri təkliflərin hazırlanmasında ali idarəetmə orqanı kimi Pedaqoji Şuranın imkanlarından səmərəli istifadə edilir;
* bütövlükdə təhsil prosesinin - müəllimlərin fəaliyyətinin, ibtidai, ümumi orta, tam orta təhsil səviyyələrində fənlərin tədrisi vəziyyətinin, şagirdlərin fərdi xüsusiyyətlərinin öyrənilib obyektiv qiymətləndirilməsi sayəsində alınan nəticələr keyfiyyətin idarəolunmasında əsas indikatorlar kimi nəzərə alınır və bunlara uyğun perspektiv fəaliyyət istiqamətləri müəyyənləşdirilir; 
* məktəb psixoloqu, sinif rəhbərləri, müəllimlər arasında işgüzar əlaqə mövcuddur, birgə fəaliyyət qaydasında şagirdlərlə psixoloji müşahidələr, diaqnostik qiymətləndirmələr aparılır, meyil və maraqlarının diferensiasiyası həyata keçirilir, məktəbdaxili olimpiadalar, müsabiqələr, müzakirələr təşkil edilir, nəticələr ümumiləşdirilir, təhlil olunur və yekunları barədə valideynlərin də məlumatlandırılması təmin edilir;
* şagirdlərin müstəqil olaraq əlavə bilik və məlumatlar əldə etmək, ilkin tədqiqatçılıq meyillərini stimullaşdırmaq məqsədilə onların milli tariximizin əlamətdar hadisələri və görkəmli şəxsiyyətləri, milli-mənəvi dəyərlər, ölkəmizin flora-faunasının özəllikləri və s. mövzularda təqdimatları təşkil edilir və rəğbətləndirilir;
* “uşağın təlimdə müvəffəqiyyətsizliyə uğraması” fikri müəllimin vəzifəsi və statusu ilə bir araya sığmadığı üçün şagirdin (şagirdlərin) təkrar eyni sinifdə saxlanması pedaqoji etikaya zidd hərəkət kimi qiymətləndirilir, ibtidai siniflərdə ev tapşırığı verilməsindən imtina edilir və s.

Ümumi təhsil məktəblərində təhsil prosesinin tamlığı onun öyrədici, tərbiyəedici, inkişafetdirici xarakterdə olması ilə müəyyənləşirsə, hesab edirik ki, bu rəsmi dövlət tələbinin reallaşdırılması istiqamətlərini özündə birləşdirən konseptual səciyyəli ümumi təhsilin dövlət standartları və ona nəzərən hazırlanmış fənlər üzrə məzmun standartları ilə bağlı peşəkar səviyyəli araşdırmaların aparılmasına ehtiyac duyulur. Bu  prosesdə belə suallara cavab axtarmaq lazımdır ki, müasir dövrün tendensiyaları nəzərə alınmaqla həmin standartlarda deklarativ (məlumat xarakterli), prosedural (icraya dair qaydalar), kontekstual (problemin həlli yolunu əhatə edən) biliklərin faiz nisbəti necə müəyyən olunub; idraki, ünsiyyət, psixomotor bacarıqların əhatə dairəsi hansı səviyyədədir; uşaq şəxsiyyətini şərtləndirən dəyərlərin formalaşmasına məzmun standartları nə dərəcədə xidmət göstərir və bunlarda ifadə edilən zəruri biliklərin mahiyyəti dövrün tələbatı ilə mütənasibdirmi; həmçinin fənlər üçün müəyyənləşdirilmiş məzmun şagirdlərin inkişafını, maraqlarını və mənəvi ehtiyaclarını ödəmək iqtidarındadırmı və s. Şübhəsiz, belə təhlillər ümumi təhsilin hər bir səviyyəsi üzrə aparılmalıdır, lakin mübaliğəsiz desək, bu prosesdə ümumi təhsilin əsas bünövrəsi sayılan, millətin genofondunun formalaşdırılmasının ilk dövrü hesab olunan ibtidai təhsil mərhələsi daha çox xüsusi diqqət və bəsirətli yanaşma tələb edir, çünki yuxarı səviyyələrdə təhsilin keyfiyyəti, uşaqların davranışı barədə hər hansı bir mülahizə yürüdülərkən, ilk növbədə, bu siniflər üzrə ibtidai təhsilin real vəziyyəti xatırlanmış olur. Həm də doğru fikirdir ki, ibtidai sinif şagirdlərinin təlim-tərbiyəsinin nəticələri onun müəlliminin pedaqoji səviyyəsindən xəbər verir. Məhz peşəkar müəllim tərəfindən təşkil edildiyi halda, uşaqların sosiallaşması və mənəvi-əxlaqi cəhətdən formalaşmasında, qayda-qanun anlayışlarının dərkində və onlara əməl etməsində, ətraf aləmə, insanlara qayğılı, humanist münasibətin yaranmasında ibtidai təhsil, bir növ, tənzimləyici və səfərbəredici rol oynayır. 

Bütün bunları nəzərə alaraq, vacib fəaliyyət istiqaməti kimi ibtidai sinif müəllimlərinin elmi-nəzəri, metodik, peşəkarlıq səviyyəsinin daha təkmil forma tətbiq etməklə bir neçə mərhələdə araşdırılması, onların tərkibinin ciddi təhlil olunması, pedaqoji ali məktəblərdə ibtidai sinif müəllimi hazırlığı üzrə kurikulumların əsaslı surətdə təkmilləşdirilməsi, eyni zamanda hər tədris ilinin sonunda ibtidai təhsili başa vurmuş şagirdlərin mütərəqqi dünya təcrübəsinə istinadən oxu, yazı, hesablama bacarıqlarına, məntiqi təfəkkür elementlərinə, tələb edilən həyati bilgilərə, bacarıq və səriştələrə hansı səviyyədə yiyələndiklərinin monitorinqinin aparılması, nəticələrin araşdırılıb müvafiq hesabatlar şəklində ictimaiyyətə təqdim edilməsi, monitorinqlərin yekunu ilə əlaqədar nöqsan və çatışmazlıqları doğuran səbəblərin (müəllimlərin qeyri-peşəkarlığı; tətbiq olunan təlim texnologiyalarının effektsizliyi; kurikulum və dərsliklərin müasir tələbləri ödəməməsi; maddi-texniki tədris bazasının zəifliyi; məktəb rəhbərliyinin nəzarətsizliyi və səriştəsizliyi; müəssisədə mənəvi-psixoloji iqlimin qeyri-qənaətbəxş olması; valideynlərin laqeyd münasibəti; məktəbdə normal təhsil şəraitinin yaradılmaması və s.) qiymətləndirilməsi və müvafiq cari və perspektiv zəruri tədbirlərin müəyyənləşdirilməsi, eləcə də ibtidai təhsilin sonunda dördillik müşahidələr əsasında müəllimin dərs dediyi hər bir şagirdinin psixoloji-fərdi xüsusiyyətləri, diqqəti, davranışı, maraq dairəsi, hansı fənn sahələrinə daha çox meyil etməsi, idraki keyfiyyətləri, tənqidi təfəkkürü, kollektivçiliyi, ədəb-ərkanı barədə lakonik xasiyyətnamə hazırlaması yuxarı siniflərdə fənn müəllimlərinin, sinif rəhbərinin, məktəb psixoloqunun (yeri gəlmişkən, pedaqoji ali məktəblərdə hər bir tələbənin uşaq psixologiyasına, uşaqlarla qarşılıqlı əməkdaşlığın psixoloji əsaslarına yiyələnməsi üçün tədris planlarında müvafiq ixtisas kursu, yaxud praktik fənlərin mövqeyinin genişlənməsi, məzunlara diplomla yanaşı, müəyyən edilmiş formada sertifikat və ya diploma əlavə kimi rəsmi sənədin verilməsi müstəsna əhəmiyyət kəsb edərdi. Çünki mövcud psixoloq ştatları ilə bugünkü tələblərin yerinə yetirilməsi, sadəcə, qeyri-mümkündür)  məlumatlılığının təmin olunmasında xeyli faydalı olardı. 

Tələbyönlü standartlar əsasında tərtib olunmuş hər bir dərslik də şagirdlərin bilik, bacarıq və məlumatlılıq səviyyəsinin genişlənməsinə etibarlı zəmin yaratmaqla bərabər, milli şüurun təbliği və təşviqində, milli-mənəvi duyğuların oyanışında səmərəli mənbə səviyyəsində olmalıdır. Peşəkarlıqla hazırlanmış dərslik hansı fənnə aidliyindən asılı olmayaraq, şagirdlərdə rabitəli nitq mədəniyyətinin, savadlı yazı vərdişlərinin, mücərrəd, həmçinin obrazlı təfəkkürün, elmi təsəvvür və fərziyələrin, bədii-estetik zövqün formalaşmasına heç də təsirsiz ötüşmür. Yeri gəlmişkən, dərsliklərdə müvafiq məzmun standartlarının reallaşdırılması vəziyyəti də düşündürücü məsələ kimi xüsusi araşdırma tələb edir. 

Şagird nailiyyətlərinin qiymətləndirilməsinə də münasibət köklü şəkildə dəyişilməsi, bu prosesə uşaq şəxsiyyətinin mənəvi cəhətdən formalaşmasında mühüm vasitə kimi baxılması məqsədəuyğundur.  Məsələn, Finlandiya və Yaponiyanın ümumi təhsil məktəblərinin ibtidai siniflərində, hətta  bəzi yuxarı siniflərdə rəqəmli qiymətləndirmə aparılmır. Əvəzində uşaqlara savad təlimi ilə yanaşı, məqsədyönlü qaydada ünsiyyət, qarşılıqlı hörmət, əməksevərlik, insanlara və təbiətə həssas münasibət, sadə tədqiqatçılıq, milli adət-ənənələrə, əxlaqi dəyərlərə sədaqət və məişət mədəniyyətinə aid ilkin bacarıqlar, gözəlliyi dəyərləndirmək və digər mənəvi, estetik və fiziki keyfiyyətlər aşılanır ki, bütün bunlar uşaqların sağlam milli-bəşəri ruhda tərbiyə olunmasına, cəmiyyətə inteqrasiyasına ciddi müsbət təsir göstərir. Məntiq isə çox sadədir: qiymət almaq deyil, inkişaf etmək prioritet sayılır. Belə bir dünyagörüşünün mövcudluğu uşaqlarda azad düşüncə tərzinin, sağlam tənqidi təfəkkürün formalaşması ilə nəticələnir. Gələcəkdə qiymətləndirmə, dəyərləndirmə üzrə mütərəqqi təcrübələrdən yararlanmaq faydalı olardı.

Gənc nəslin tərbiyə işinin təşkili ilə bağlı Ulu Öndər Heydər Əliyev  belə bir konseptual müddəa irəli sürmüşdür ki, “İslam dini bizim müqəddəs dinimizdir. İslam dininin bəşəriyyətə bəxş etdiyi bütün nemətlərdən hər bir azərbaycanlı səmərəli istifadə etməlidir... Gənclərimizin islam dinini mənimsəməsi üçün lazımi tədbirlər görülməlidir”. 

Ulu Öndərin bu hikmətli fikrini rəhbər istiqamət kimi qəbul edərək uşaq və gənclərimizin fəlsəfi-hüquqi-ideoloji mahiyyəti Vətən sevgisi, mənəvi ucalığa, düzlüyə, halallığa, humanizmə, birliyə, qəhrəmanlığa, elmə, mədəniyyətə çağırış ideyaları olan İslam dininin təlqin etdiyi bəşəri dəyərlər ruhunda tərbiyəsi mühüm əhəmiyyət kəsb edir. Fikrimizcə, humanitar yönlü dərsliklərin mətnləri müəyyənləşdirilərkən onların məzmununun islami ideyalarla səsləşməsi, şifahi xalq ədəbiyyatı nümunələrinin, ədəbi əsərlərin, tarixi şəxsiyyətlərə və hadisələrə həsr edilmiş təlim materiallarının, məqamı gəldikcə, ilahi dəyərlərdən qaynaqlanan həyati həqiqətlərə istinadən izahı tədris prosesinin keyfiyyətinə, maraqlı və yaddaqalan olmasına, şagirdlərin mənəvi tərbiyəsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərərdi. Bunlarla yanaşı, sonradan meydana çıxmış elmi kəşflər haqda hələ neçə-neçə əsr əvvəl yaranmış “Quran”da müvafiq bilgilərin verilməsi də sübuta yetirilmiş faktlarla şagirdlərə çatdırılmalıdır ki, bu işin də uğurlu həlli bilavasitə müəllimlərin ümumi savad və hazırlıq səviyyəsinin keyfiyyətindən asılıdır.

Vətən tarixinin, mədəni abidələrinin, flora-faunasının öyrənilməsində xüsusi rola malik ekskursiyaların sistemli təşkili üçün tədris planlarında müvafiq saat nəzərdə tutulması, respublikamızın şəhər və rayonlarının özəllikləri barədə zəruri məlumatların “Azərbaycan tarixi”nə əlavə kimi toplu şəkində nəşr edilməsi, eləcə də Azərbaycan tarixində baş vermiş ən mühüm hadisələri, görkəmli şəxsiyyətləri (dövlət xadimləri, alimlər, incəsənət xadimləri, sərkərdələr, müharibə qəhrəmanları) əks etdirilən bukletlərin hazırlanması, imkan daxilində uşaqların yaşlarına uyğun məzmunda olan teatr tamaşalarına aparılması və onlar üçün səyyar tamaşaların təşkili, məktəblərə dövlət vəsaiti hesabına maliyyələşdirilən elmi-texniki, ədəbi-bədii, idman və ekoloji istiqamətli dərnək ştatlarının ayrılması, idman bölmələrinin yaradılması, habelə mütaliə səriştəliliyinin mədəni dəyərə çevrilməsi ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi şagirdlərdə elmi dünyagörüşünün, tənqidi təfəkkürün formalaşmasında, milli qürur, milli təəssübkeşlik və vətənpərvərlik hisslərinin güclənməsində, mənəvi-estetik dəyərlər ruhunda tərbiyə olunmalarında, onlarda şəxsiyyəti təyin edən cəhətlərin inkişafında müstəsna əhəmiyyətə malik tədbirlər kimi nəzərə alınmalıdır. 
Uşaqların tərbiyəolunma sistemindən danışarkən bir məqama da diqqət yetirməliyik. Təhsil prosesində tərbiyəvi dəyərlərin aşılanması üzrə işlər aparılsa da, uşaq və yeniyetmələr bir sıra hallarda ətrafda, əhatə olunduqları mühitdə onlara təlqin edilənlərin əksi ilə rastlaşırlar. Əksər telekanallarda bayağı, milli ənənələrlə bir araya sığmayan verilişlərin nümayişi həqiqətən, ikrah doğurmaqla uşaqların daxili aləminə, psixologiyasına olduqca mənfi təsir göstərir. Düşünürük ki, uşaq və gənclərin tərbiyəsində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin roluna, təhsil tariximizə, təhsilimizin müasir problemlərinə, pedaqoji fikir tariximizin görkəmli nümayəndələrinə, “müəllim-valideyn”, “məktəb-valideyn” münasibətlərinə, inkişafyönlü təhsil layihələrinə və digər bu kimi vacib məsələlərə həsr edilən verilişlərə geniş yer verilməsi daha məqsədəmüvafiq olardı.  

Statistik rəqəmlərə görə, ailə münaqişələri nəticəsində xüsusilə son vaxtlar boşanmaların sayının xeyli artması da ciddi narahatlıq doğurmaya bilməz. Bəlkə də ailə dəyərlərinin təbliği və təşviqi ilə bağlı sistemli maarifləndirmə işləri elə məktəbdən başlanmalıdır?! Vaxtilə məktəblərimizdə “Ailə həyatının etika və psixologiyası” fənni, bəzi qeyri-dövlət məktəblərində “Mənəviyyat” adlı fənn tədris olunurdu. Düşünürük ki, müasir standartlar əsasında bu fənlərin məzmununun hazırlanması və onların müstəqil fənn kimi tədrisi ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələrin təşkili məqsədəmüvafiq hesab edilə bilər. 

Aydın ƏHMƏDOV,
Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim