Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Hər il bu dövrdə minlərlə gənc universitet və ixtisas seçimi qarşısında qalır. Evlərdə siyahılar hazırlanır, keçid balları müqayisə edilir, tanışlardan məsləhətlər alınır. Hansı universitet daha prestijlidir? Hansı ixtisasın gələcəyi var? Hansı sahədə iş tapmaq asandır?
Bütün bunların arxasında başa düşülən bir narahatlıq var. Gənclər və onların ailələri veriləcək qərarın bütün gələcəyi müəyyənləşdirəcəyinə inanırlar. Halbuki universitet seçimi vacib olsa da, insanın bütün həyatını müəyyən edən deyil. Peşələr dəyişir, sahələr inteqrasiya olunur, yeni işlər yaranır, texnologiya bu dəyişimi daha da sürətləndirir. Belə bir dünyada 17 yaşında verilən qərarı insanın gələcəyinə verilmiş hökm kimi qəbul edə bilmərik.
Gənclər çox vaxt gözləntiləri seçirlər
Universitet seçimi zamanı qarşılaşdığımız problem yanlış ixtisas seçimindən daha dərindir. Gənclər çox vaxt özlərini kifayət qədər tanımadan başqalarının onlar üçün qurduğu gələcəyi seçirlər.
Bir gənc hüquqşünas olmaq istədiyini deyir, amma məlum olur ki, bunu ailəsi istəyir. Digəri yüksək bal topladığı üçün daha aşağı keçid balı olan ixtisası seçməyi balını “xərcləmək” hesab edir. Başqası texnologiyaya yönəlir, çünki hamı bu sahədə imkanların olduğunu deyir. Amma onun həmin sahəyə həqiqi marağının olub-olmadığını heç kim soruşmur.
Burada gəncləri qınamaq ədalətli deyil. Biz onlardan özlərini tanımalarını gözləyirik. Amma məktəb illərində onlara özlərini tanımaq üçün nə qədər imkan vermişik?
Onları düzgün cavabları tapmağa, qiymət almağa və imtahan verməyə hazırlamışıq. Müxtəlif sahələri sınamaq, real layihələrdə iştirak etmək, fərqli peşələri yaxından görmək və səhv etmək üçün isə çox az imkan yaratmışıq.
Sonra qarşılarına yüzlərlə ixtisas adı qoyub deyirik: “İndi gələcəyini seç”.
Valideynlərin niyyəti doğru, xəritələri isə köhnədir
Valideynləri də günahlandırmaq düzgün olmaz. Hər bir valideyn övladının təhlükəsiz və uğurlu həyat yaşamasını istəyir. Onlar bildikləri ən etibarlı yolu göstərməyə çalışırlar: Yaxşı universitetə daxil ol. Prestijli ixtisas seç. Diplomunu al. Sabit bir iş tap. Həyatını qur.
Bu yol xəritəsi uzun müddət işləyib. Valideynlərin böyüdüyü dünyada universitet diplomu ciddi üstünlük yaradırdı, insan bir peşə seçib uzun illər həmin sahədə çalışa bilirdi. Bugünkü gənclər isə tamam başqa dünyada yaşayacaqlar. Valideynlər yanlış istiqamət göstərmirlər. Sadəcə dəyişmiş ərazi üçün köhnə xəritədən istifadə edirlər.
Dünya dəyişir, uğur haqqında təsəvvürümüz isə eyni qalır.
Bir ixtisasın ömrü insan ömründən qısadır
Universitet seçərkən gənclərin çoxu bir peşə adı seçdiyini düşünür. Halbuki heç bir universitet proqramı insanı qarşıdakı 40 ilin bütün dəyişikliklərinə hazırlaya bilməz. Bu gün öyrənilən konkret alətlərin və texniki biliklərin bir hissəsi bir neçə ildən sonra köhnələcək. Hətta peşənin adı eyni qalsa belə, onun daxilində görülən işlər dəyişəcək.
Buna görə universitetin ən böyük vədi yalnız müəyyən bir peşəyə hazırlamaq olmamalıdır. Universitet insana düşünməyi, öyrənməyi, araşdırmağı, sual verməyi, fikrini ifadə etməyi, əməkdaşlıq etməyi və yeni vəziyyətlərə uyğunlaşmağı öyrətməlidir.Konkret bilik vacibdir. Amma o biliyi yeniləyə bilmək daha vacibdir.
Əslində bizlər, gənclərə ömürlük doğru seçim etdirməyə deyil, seçimlərini yeniləyə biləcək qabiliyyətlər qazandırmağa çalışmalıyıq.
“Code Academy”də illər ərzində minlərlə gəncin inkişaf yolunu müşahidə etmişik. İqtisadiyyat, memarlıq, filologiya və hüquq oxuyub sonradan texnologiyada özünü tapan çoxlu sayda insan görmüşük.
Onların uğurunu ilk seçdikləri ixtisas müəyyənləşdirməyib. Əsas fərqi yeni sahəyə keçmək, sıfırdan öyrənmək, çətinlik qarşısında davam etmək və əvvəlki biliklərini yeni istiqamətdə istifadə etmək qabiliyyəti yaradıb.
Yalnız bazarda tələbat olduğunu eşitdiyi üçün texnologiya seçən, amma bu sahəyə marağı olmayan insanların çətinlik yaşadığını da görmüşük. Perspektivli görünən seçim insanla uyğunlaşmadıqda uğur zəmanəti vermir. İlk seçimin ideal olmaması isə gələcəyi məhv etmir.
Universitet seçərkən...
Universitet seçərkən proqramın adı və keçid balı vacib məlumatlardır. Amma universitet həm də insanın düşüncə tərzini, çevrəsini və kimliyini formalaşdıran mühitdir.Orada kimlərlə tanış olacaqsan? Müəllimlər tələbəni düşünməyə və sual verməyə təşviq edirmi? Universitet fərqli sahələri sınamaq imkanı verirmi? Məzun şəbəkəsi və əmək bazarı ilə əlaqələr hansı səviyyədədir?
Dörd il ərzində yalnız hansı fənləri oxuyacağın deyil, hansı mühitdə formalaşacağın da vacibdir. Bəzən daha məşhur ixtisası zəif mühitdə oxumaqdansa, daha çox imkan açan universitetdə daha geniş istiqamət seçmək doğru ola bilər.
Hər gəncin yolu universitetdən keçməyə bilər. Kimsə akademik təhsildə, kimsə peşə, texniki ustalıq və ya sahibkarlıq yolu ilə inkişaf edir. Universitet oxumamaq uğursuzluq deyil. Real bacarıq qazanmadan və özünə istiqamət müəyyənləşdirmədən qalmaq daha böyük riskdir. Beynəlxalq araşdırmanın nəticələrinə görə, işəgötürənlərin 96%-i bacarıq sertifikatlarının namizədin iş müraciətini gücləndirdiyini düşünür.
İnsan 20 yaşında özünü bir cür tanıya, 30 yaşında isə başqa potensialını kəşf edə bilər
İxtisasını dəyişmək, başqa sahəyə keçmək və ya yenidən başlamaq bəzən uğursuzluq kimi qəbul edilir. Halbuki özünə uyğun olmayan istiqaməti görüb dəyişmək qərarsızlıq deyil. Bu, özünü daha yaxşı tanımağın nəticəsi ola bilər.
İnsan 20 yaşında özünü bir cür tanıya, 30 yaşında isə başqa potensialını kəşf edə bilər. Əsas məsələ heç vaxt səhv etməmək yox, yanlış və ya natamam seçimdən sonra yeni istiqamət qura bilməkdir.
Süni intellekt seçdiyim sahəyə necə təsir edəcək?
Bu il ixtisas seçən gənclərin qarşısında əvvəlki nəsillərdə olmayan başqa bir sual da var: Süni intellekt seçdiyim sahəyə necə təsir edəcək?
Bu, vacib sualdır. Amma sualı yalnız “hansı peşələr yox olacaq?” formasında vermək kifayət deyil. Süni intellekt bütün peşələri aradan qaldırmaya bilər. Amma demək olar ki, bütün peşələrin icra edilmə formasını dəyişəcək.
Proqramçı, hüquqşünas, dizayner, müəllim, marketinq mütəxəssisi, həkim və mühəndis öz işini əvvəlki kimi görməyəcək. Təkrarlanan işlərin bir hissəsi avtomatlaşacaq, bəzi bacarıqların dəyəri azalacaq, yeni bacarıqlara ehtiyac yaranacaq.
“Coursera”nın 2026-cı il üzrə “Job Skills Report” hesabatında generativ süni intellekt, yəni məzmun yaradan süni intellekt alətləri üzrə təhsil alanlar arasında tənqidi düşüncə kurslarına qeydiyyatın bir ildə 185% artdığı göstərilir. Data, IT, proqram təminatı və məhsul inkişafı sahələrində də eyni bacarığa maraq sürətlə yüksəlib. Bu tendensiya göstərir ki, texnologiya gücləndikcə insan mühakiməsinin dəyəri azalmaq əvəzinə artır.
Ona görə gəncin sualı yalnız “bu peşənin gələcəyi varmı?” olmamalıdır. Texnologiya dəyişdikcə özümü yeniləyə biləcəyəmmi? Süni intellektlə rəqabət aparacağam, yoxsa ondan istifadə edərək daha dəyərli nəticələr yaradacağam? Seçdiyim istiqamət məndə problem həlletmə qabiliyyətini inkişaf etdirəcəkmi?
Gələcəyin ən təhlükəsiz peşəsini tapmaq mümkün olmaya bilər. Amma gələcəyə uyğunlaşa bilən insan yetişdirmək mümkündür.
Gəncə yalnız “özünü tanı” demək kifayət deyil
Gənclərə özlərini tanımağı məsləhət görmək asandır. Amma özünü tanımaq yalnız düşünməklə baş vermir. İnsan özünü təcrübə vasitəsilə tanıyır.
Müxtəlif sahələri sınamaq, layihələrdə iştirak etmək, peşəkarlarla görüşmək, qısa təcrübə proqramlarına qoşulmaq, nəsə yaratmaq və bəzən uğursuz olmaq lazımdır.
Gəncdən “nə olmaq istəyirsən?” soruşmaq əvəzinə, ona fərqli işlərin necə göründüyünü göstərməliyik. “Hansı ixtisası seçəcəksən?” sualından əvvəl “hansı problemlər səni maraqlandırır?” sualını verməliyik.
Valideynin vəzifəsi övladının yerinə qərar vermək deyil. Onun məlumatlı qərar verə bilməsi üçün imkan, təcrübə və təhlükəsiz mühit yaratmaqdır.
Seçiminizə ciddi yanaşın, araşdırın
Bu gün universitet seçimi edən gənclərə demək istədiyim budur:”Seçiminizə ciddi yanaşın, araşdırın. Universitetləri və proqramları müqayisə edin. Əmək bazarını, texnologiyanın təsirini və gələcək imkanları nəzərə alın. Verəcəyiniz qərarı həyatınızın geri dönməz hökmünə çevirməyin.Ailənizə qulaq asın, amma onların qorxularını öz arzularınız hesab etməyin. Bazarın ehtiyaclarını öyrənin, amma yalnız bazarın dəbinə görə seçim etməyin. Öz maraqlarınıza, bacarıqlarınıza və hansı mühitdə inkişaf etdiyinizə də baxın”.
Valideynlərə isə demək istədiyim budur: “Övladınıza öz dövrünüzdə uğur gətirən yolu məcburən təkrarlatmağa çalışmayın. Onun üçün qərar vermək əvəzinə, öz qərarını verməyə hazırlaşmasına kömək edin. Çünki sizin təcrübəniz çox dəyərlidir, amma onun yaşayacağı dünya sizin böyüdüyünüz dünya olmayacaq”.
Gələcəyin qalibləri
Gələcəyin qalibləri 17 yaşında hər şeyi doğru seçənlər yox, 30, 40 və hətta 50 yaşında yenidən öyrənə, dəyişə və özlərinə yeni yol qura bilənlər olacaq.
Universitet, ixtisas seçimi vacibdir. Amma insanın bütün həyatını müəyyən edən seçim deyil.Çünki həyat bir seçimlə qurulmur.Seçimlərini yeniləyə bilmək qabiliyyəti ilə qurulur.
Ülvi Aslanov,
“Code Academy”nin qurucusu, təhsil və innovasiya sahibkarı




