MDU alimlərinin beynəlxalq elmi arenada uğuru: Q1 jurnallarda 5 yeni nəşr

26 Sentyabr, 2026 - 13:09
MDU alimlərinin beynəlxalq elmi arenada uğuru: Q1 jurnallarda 5 yeni nəşr

Region universitetlərinin beynəlxalq elmi məkanda görünürlüğünün artması son illər Azərbaycan ali təhsilində diqqətçəkən istiqamətlərdən birinə çevrilib. Bu baxımdan Mingəçevir Dövlət Universitetinin (MDU) son iki ayda əldə etdiyi nəticə xüsusi diqqət çəkir. Universitet tədqiqatçılarının iştirakı ilə hazırlanan 5 elmi məqalə Scopus/CiteScore göstəricilərinə görə Q1 kateqoriyasında təmsil olunan beynəlxalq jurnallarda dərc edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, araşdırmaların mövzuları da kifayət qədər genişdir: bərpa olunan enerji və yaşıl investisiyalardan əmək bazarı və təhsilə, dayanıqlı istehlakdan dövlətin ekoloji siyasətinə, hətta təhsil xərcləri ilə sosial proseslər arasındakı əlaqəyə qədər müxtəlif məsələlər Azərbaycan nümunəsində elmi təhlilə cəlb olunub.

Son nəşrlər arasında diqqətçəkən araşdırmalardan biri MDU-nun rektoru Anar Eminov, universitetin tədqiqatçıları Ramil Həsənov və Ceyhun Mahmudov, eləcə də Abbas Musayev və Mehdi Bağırovun müəllifi olduqları tədqiqatdır. “Environmental Economics” jurnalında sentyabr ayında dərc olunan məqalədə Azərbaycanda bərpa olunan enerji istehlakına təsir göstərə bilən iqtisadi artım, insan inkişafı, karbon emissiyaları və urbanizasiya kimi amillər maşın öyrənməsi metodlarından istifadə edilməklə araşdırılıb.

MDU alimlərinin digər tədqiqatı isə birbaşa təhsil və əmək bazarının gələcəyi ilə bağlıdır. Natəvan Namazova, Zivər Zeynalova və Elkhan Richard Sadik-Zada tərəfindən aparılan araşdırmada formal universitet təhsili ilə qeyri-formal təhsilin insanın karyera rifahına təsiri müqayisə edilib. Azərbaycanda 613 gənc mütəxəssis arasında aparılan tədqiqatın nəticələri hər iki təhsil formasının karyera rifahına müsbət təsir göstərdiyini, qeyri-formal təhsilin təsirinin isə daha güclü olduğunu göstərib. Araşdırmada Z və Y nəsilləri arasında da fərqlər müəyyənləşdirilib. Məqalə “Sustainability” jurnalında dərc olunub.

Eyni jurnalın digər sayında MDU tədqiqatçılarının iştirakı ilə yaşıl dövlət tənzimlənməsi və dayanıqlı istehlak davranışı araşdırılıb. Mubariz Məmmədli, Natəvan Namazova, Zivər Zeynalova və Elkhan Richard Sadik-Zadanın tədqiqatında Azərbaycanda 425 ekoloji şüurlu istehlakçı-prosumerin məlumatları təhlil olunub. Araşdırma dövlət tənzimlənməsi, şirkətlərin ekoloji məsuliyyəti, rəqəmsal şəffaflıq və ekoloji narahatlığın insanların dayanıqlı istehlak davranışına necə təsir etdiyini öyrənib.

Yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi də MDU alimlərinin beynəlxalq elmi gündəliyə çıxardıqları mövzulardandır. Rahibə Əbdülhəsənova, Sədaqət Əhmədova, Ceyhun Mahmudov, Flora Ələsgərova və Akimə Əhmədovanın “Economies” jurnalında dərc olunan araşdırmasında 33 ölkənin 2010–2021-ci illər üzrə məlumatları təhlil edilib. Tədqiqat dövlətin ekoloji xərclərinin təkbaşına yaşıl investisiyaların artmasına yetərli olmadığını, yaşıl maliyyə infrastrukturu və digər siyasət alətlərinin də əhəmiyyət daşıdığını göstərir.

Beşinci araşdırma isə təhsilin yalnız insan kapitalının formalaşmasına deyil, daha geniş sosial proseslərə təsirini araşdırması ilə seçilir. Ramil Həsənov, Təranə Əliyeva, Fidan Səfərova, Təranə Şirvanova və Laszlo Vasanın “Problems and Perspectives in Management” jurnalında dərc olunan məqaləsində Azərbaycanın 1998–2023-cü illər üzrə göstəriciləri əsasında dövlətin təhsil xərcləri, təhsilə cəlbolunma və təhsilli şəxslər arasında cinayət göstəriciləri arasındakı uzunmüddətli əlaqə təhlil edilib. Nəticələr təhsil siyasətinin insan kapitalı ilə yanaşı daha geniş sosial nəticələrlə də əlaqəli ola biləcəyini göstərir.

Bu tədqiqatların ortaq cəhətlərindən biri ənənəvi nəzəri yanaşmalarla kifayətlənməməsi, maşın öyrənməsi, struktur modelləşdirmə, panel məlumatlar və zaman sıraları kimi müasir analitik metodlardan istifadə edilməsidir. Eyni zamanda araşdırmaların böyük hissəsində Azərbaycan ayrıca empirik tədqiqat məkanı kimi beynəlxalq elmi auditoriyaya təqdim olunur.

Son iki ay ərzində beş belə nəşrin ərsəyə gəlməsi MDU-da tədqiqat fəaliyyətinin beynəlmiləlləşdirilməsi istiqamətində dinamikanın artdığını göstərir. Regionda fəaliyyət göstərən ali təhsil müəssisəsi üçün beynəlxalq indeksli elmi nəşrlərdə təmsilçiliyin genişlənməsi həm universitetin elmi görünürlüğü, həm də Azərbaycanla bağlı məlumat və problemlərin beynəlxalq akademik dövriyyəyə daxil edilməsi baxımından əhəmiyyət daşıyır.

MDU-da elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsi, beynəlxalq indekslənən jurnallarda nəşr fəallığının artırılması və universitet əməkdaşlarının xarici tədqiqatçılarla birgə elmi layihələrə cəlb edilməsi inkişafın əsas istiqamətlərindən biri kimi davam etdirilir.

MDU alimlərinin beynəlxalq elmi arenada uğuru: Q1 jurnallarda 5 yeni nəşr