Universitetdə yıxılan tələbənin vəziyyəti açıqlandı
Azərbaycan Universitetində tələbə mənfi birinci mərtəbədən mənfi ikinci mərtəbəyə yıxılıb.
Hadisə ilə bağlı "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, tələbə ambulor müalicə üçün evə buraxılıb: "15.12.2025-ci il tarixində saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Azərbaycan Universitetindən 18 yaşlı şəxsin yıxılması səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kiş) yerində ilkin tibbi xidmət göstərilib və döş qəfəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan pasiyentə zəruri tibbi xidmət göstərilib və ambulor müalicə üçün evə buraxılıb", – deyə açıqlamada qeyd edilib.
14:23
Azərbaycan Universitetində tələbənin yıxılması ilə bağlı yayılan məlumat təsdiqini tapıb.
Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq universitetdən bildirilib.
Qeyd edilib ki, hadisə universitet binasında baş verib. Belə ki, tələbə mənfi birinci mərtəbədən mənfi ikinci mərtəbəyə yıxılıb.
Məlumata görə, iki mərtəbənin arasında üzərinə çıxılması qadağan olunan yüngül konstruksiya mövcuddur. Tələbə həmin konstruksiyanın üzərinə çıxıb və nəticədə aşağı düşüb.
Universitet tərəfindən tələbəyə dərhal ilkin tibbi yardım göstərilib. Eyni zamanda təcili tibbi yardım çağırılıb, tələbə xəstəxanaya aparılıb və valideynlərinə məlumat verilib.
Qeyd edək ki, tələbənin vəziyyəti qənaətbəxşdir, o, tibbi müayinədən sonra evə buraxılıb.


