Universitetə qəbul, yoxsa onu bitirmək çətin olmalıdır? 

9 İyun, 2026 - 10:34
Universitetə qəbul, yoxsa onu bitirmək çətin olmalıdır? 

Ali məktəbə qəbul prosesi, yoxsa universitetdə təhsil daha çətin olmalıdır? Çoxtərəfli yanaşma və fərqli təhsil modelləri onu göstərir ki, dünyada bununla bağlı heç də vahid mövqe və standartlar yoxdur. Hansısa ölkə ən güclülərin daha əvvəlcədən seçilməsi yanaşmasını əsas gətirərərək qəbul prosesini çətinləşdirir, ali təhsil almağı nisbətən asanlaşdırır.

Bəzi ölkələrdə isə əksinə, qəbul asan, ali təhsil almaq çətin olur. 

“Yüksək bal hər zaman yüksək potensial demək deyil”

“Azərbaycan müəllimi”nə açıqlama verən Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova da qeyd edib ki, “universitetə qəbul, yoxsa universiteti bitirmək çətin olmalıdır?” sualı illərlə müzakirə olunan məsələlərdəndir: “Bu suala verilən cavab əslində bütöv bir təhsil fəlsəfəsini müəyyənləşdirir. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, ali təhsilin keyfiyyəti yalnız qəbul imtahanlarının mürəkkəbliyi ilə ölçülmür. Əsas məsələ universitetə daxil olan gəncin orada hansı bilik, bacarıqları qazanmasıdır.

Azərbaycan uzun illərdir ki, ali məktəblərə qəbul sistemində şəffaflığın təmin olunmasına nail olub. Bu gün qəbul imtahanları bilik və hazırlıq səviyyəsini ölçən obyektiv mexanizm kimi fəaliyyət göstərir. Lakin müasir dünyada təhsil yalnız test nəticələri üzərində qurulmur. Harvarddan Oksforda, Sorbonnadan Tokio Universitetinədək aparıcı ali məktəblərin əksəriyyətində qəbul zamanı akademik göstəricilərlə yanaşı, namizədin analitik düşüncəsi, sosial fəaliyyəti, liderlik keyfiyyətləri, yaradıcılığı və motivasiyası da nəzərə alınır.

Məhz buna görə də müasir dövrdə sualın cavabı qəbulun daha da çətinləşdirilməsində deyil, qiymətləndirmə meyarlarının zənginləşdirilməsində axtarılmalıdır. Çünki yüksək bal hər zaman yüksək potensial demək deyil. Bəzən orta nəticə göstərən bir gənc gələcəkdə böyük alimə, uğurlu sahibkara və ya peşəkar dövlət qulluqçusuna çevrilə bilir. Təhsil sistemi yalnız yaddaşı deyil, düşüncə qabiliyyətini də ölçməyi bacarmalıdır”.

Deputatın fikrincə, dünya təcrübəsi də göstərir ki, universitetə qəbul olmaqdan daha çətini onu uğurla başa vurmaqdır: “ABŞ, Almaniya, Fransa, Böyük Britaniya kimi ölkələrdə tələbələrin müəyyən hissəsi tədris prosesinin tələblərinə uyğunlaşa bilmədiyi üçün təhsilini yarımçıq qoyur. Bunun səbəbi həmin ölkələrdə diplomun sadəcə formal sənəd deyil, real bilik və bacarıqların göstəricisi hesab olunmasıdır.

Təəssüf ki, postsovet məkanında uzun illər ərzində universitetə qəbul olmaq əsas məqsəd kimi qəbul edilib. Nəticədə tələbənin ali məktəbdəki inkişafı, elmi fəaliyyəti, tədqiqat bacarıqları və peşə hazırlığı ikinci plana keçib. Halbuki universitet diplom verən müəssisə deyil, insan formalaşdıran məkandır.

Bu gün dünyanın aparıcı universitetlərində tələbələr yalnız mühazirə dinləmir, layihələr hazırlayır, araşdırmalar aparır, istehsalat təcrübəsində iştirak edir, startaplar yaradır və fərqli sahələr üzrə multidissiplinar biliklər qazanırlar. Əmək bazarı da artıq diplomdan çox kompetensiyalara üstünlük verir”.

E.Akimova qeyd edib ki, bu baxımdan Azərbaycanda ali məktəblərə qəbul prosesinin mexaniki şəkildə çətinləşdirilməsi çıxış yolu sayıla bilməz: “Daha vacib məsələ universitetlərdə tədrisin keyfiyyətinin artırılması, akademik tələblərin yüksəldilməsi, tələbələrin tədqiqat və yaradıcılıq imkanlarının genişləndirilməsidir. Diplom almaq asan deyil, zəhmət tələb edən prosesə çevrilməlidir.

Əslində, güclü təhsil sisteminin formulu sadədir: universitetə daxil olmaq üçün ədalətli seçim, universiteti bitirmək üçün isə ciddi akademik məsuliyyət. Çünki dövlətlərin gələcəyini qəbul imtahanlarında yüksək bal toplayanlar deyil, universitetlərdə öz üzərində işləməyi bacaran, düşünən, yaradan və yenilik gətirən insanlar müəyyən edir.Təhsil yarış deyil, inkişaf yoludur. Bu yolun ən çətin hissəsi isə universitetin qapısından içəri daxil olmaq deyil, həmin qapıdan peşəkar, savadlı və cəmiyyət üçün faydalı bir vətəndaş kimi çıxmaqdır”.