“İngilis dili müəllimliyi”, yoxsa “Dil və ədəbiyyat” – Fərq nədədir?

1 Oktyabr, 2026 - 10:46
“İngilis dili müəllimliyi”, yoxsa “Dil və ədəbiyyat” – Fərq nədədir?

İngilis dili üzrə ali təhsil almaq istəyən abituriyentlər ixtisas seçimi zamanı bir-birinə yaxın görünən iki ixtisasla qarşılaşırlar: “İngilis dili müəllimliyi” və “Dil və ədəbiyyat (ingilis dili və ədəbiyyatı)”. Adlardakı oxşarlıq bu ixtisasların eyni məzmunu əhatə etdiyi təəssüratı yarada bilər. Lakin tədris proqramı, əsas hazırlıq istiqaməti və məzunların qarşısında açılan peşə imkanları baxımından onların arasında fərqlər var. Bəs bu ixtisasları fərqləndirən əsas məqamlar hansılardır və abituriyent seçim edərkən nələrə diqqət etməlidir?


Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan təhsil üzrə mütəxəssis Şamxal Bədəlov bildirib ki, ingilis dili üzrə ixtisas seçimi qarşısında qalan abituriyentlər üçün “İngilis dili müəllimliyi” və “Dil və ədəbiyyat (ingilis dili və ədəbiyyatı)” ixtisasları bir-birinə yaxın görünsə də, onların əsas istiqamətləri fərqlidir:

“Hər iki ixtisasda ingilis dili, qrammatika, fonetika, leksikologiya və dilçiliklə bağlı fənlər tədris olunur. Fərq isə bu biliklərin hansı istiqamətdə tətbiq edilməsindədir.

İngilis dili müəllimliyi daha çox müəllim hazırlığına yönəlmiş ixtisasdır. Tələbələr ingilis dilini öyrənməklə yanaşı, onun necə tədris olunmasını, dərsin planlaşdırılmasını, şagirdlərin biliklərinin qiymətləndirilməsini və müxtəlif tədris metodlarından istifadəni öyrənirlər. Pedaqogika, psixologiya və xarici dilin tədrisi metodikası bu ixtisasın əsas komponentləri sırasındadır. Bu ixtisasın məzunları məktəblərdə, özəl təhsil müəssisələrində, dil kurslarında və hazırlıq mərkəzlərində müəllim, həmçinin repetitor, metodist, tədris koordinatoru kimi fəaliyyət göstərə bilərlər. Əlavə bacarıqlar qazandıqda tərcümə, beynəlxalq əlaqələr və müxtəlif inzibati vəzifələr də karyera istiqamətləri arasında yer ala bilər”.

Ekspert bildirib ki, “Dil və ədəbiyyat” ixtisasında isə diqqət daha çox dilin və ədəbi mətnlərin öyrənilməsinə yönəlir:

“Burada tələbələr dilçiliklə yanaşı, ingilis və Amerika ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, stilistika, mətn təhlili və filoloji tədqiqatla bağlı biliklər əldə edirlər. Bu baxımdan ixtisas daha çox dilçi, filoloq və mətnlə işləyən mütəxəssis hazırlığına yaxındır. Bu ixtisasın məzunları təhsil sahəsi ilə yanaşı, tərcümə, redaktə, korrektə, nəşriyyat, media, kontent hazırlanması və elmi-tədqiqat istiqamətlərində də işləyə bilərlər. Məktəbdə müəllim kimi fəaliyyət göstərmək imkanı isə konkret ixtisasın və təhsil proqramının qüvvədə olan tələblərə uyğunluğundan asılıdır”.

Bəs hansı ixtisası seçmək lazımdır?

Ş.Bədəlov qeyd edib ki, burada universal bir cavab yoxdur. Seçim abituriyentin gələcək planından asılıdır:
“Əgər məqsədiniz ingilis dili müəllimi olmaq və təhsil sahəsində işləməkdirsə, ingilis dili müəllimliyi birbaşa pedaqoji hazırlıq verir. Əgər dilçilik, ədəbiyyat, tərcümə, redaktə, media və tədqiqat sizi daha çox maraqlandırırsa, “Dil və ədəbiyyat” ixtisası daha geniş filoloji baza yarada bilər.

Ən əsası isə ixtisas seçərkən yalnız adına deyil, tədris olunan fənlərə, proqramın məzmununa və məzun olduqdan sonra özünüzü hansı peşədə görmək istədiyinizə diqqət yetirməkdir”.