Universitetə qeydiyyat zamanı kağız sənəd tələb olunur? -AÇIQLAMA
Bu gündən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatına başlanılır. Qeydiyyat “MyGov” platforması üzərindən elektron formada həyata keçiriləcək. Bəs qeydiyyat zamanı abituriyentin ali məktəbə əlavə olaraq kağız sənəd təqdim etməsinə ehtiyac varmı? Tələbə yalnız qeydiyyatdan keçməklə rəsmi olaraq həmin təhsil müəssisəsinin tələbəsi statusunu qazanırmı?
“Bəzi zəruri sənədlər əyani formada tələb edilə bilər”
“Azərbaycan müəllimi”nin mövzu ilə bağlı sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, ali təhsil müəssisələrinə qeydiyyat prosesi zamanı heç bir kağız sənəd tələb edilmir. Lakin ali təhsil müəssisələri tədris zamanı tələbələrdən bəzi zəruri sənədləri əyani formada tələb edə bilərlər.
“Onlayn qeydiyyat tələbənin qəbul əmrinin verilməsi üçün əsas qeydiyyatdır”
Təhsil və media mütəxəssisi, tədqiqatçı, təhsil idarəetməsi üzrə doktorant Taleh Mirzəyev “Azərbaycan müəllimi”nə bildirib ki, ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin qeydiyyatı “MyGov” platforması üzərindən tam onlayn formada həyata keçirilir. Artıq tələbələr universitetə yaxınlaşmadan, hər hansı kağız sənəd təqdim etmədən onlayn qaydada qeydiyyatlarını tamamlaya bilərlər.
“MyGov” platformasındakı onlayn qeydiyyat tələbənin qəbul əmrinin verilməsi üçün əsas qeydiyyatdır və ümumiyyətlə, qeydiyyat bundan ibarətdir. Bundan əlavə olan prosedurlar isə qeydiyyat prosesinə aid deyil.
Bundan əlavə dedikdə, “MyGov” platforması üzərindən aparılacaq onlayn qeydiyyatdan sonra, daha dəqiq ifadə etsək, dərslər başladıqdan sonra universitetlərimizin tələb etdiyi bəzi fiziki, kağız daşıyıcıda olan sənədlər nəzərdə tutulur. Qeyd etmək istəyirəm ki, həmin kağız daşıyıcıda tələb olunan sənədlər birbaşa qeydiyyat prosesi ilə bağlı deyil və bunlar eyniləşdirilməməlidir. Əlavə sənədin tələb edilməsi qeydiyyat prosesində kağız sənədin tələb olunması anlamına gəlmir”.
Hansı əlavə sənədlər istənilə bilər?
Bildirdiyimiz kimi, qeydiyyat tam onlayn qaydada 28 avqust–8 sentyabr tarixlərində keçiriləcək və bu qeydiyyatı uğurla tamamlayanlar artıq tələbə statusu almış olurlar. Lakin dərslər başlayandan sonra universitetlərdə tələbələrdən hansı sənədlər istənilə bilər?
Mütəxəssisin sözlərinə görə, bu, bir neçə halla bağlıdır. Birincisi, “MyGov” platformasında əks olunmayan, lakin tələbənin tədrisə başlaması üçün zəruri olan bəzi sənədləri universitetlər istəyə bilərlər və bu da çox təbiidir:
“Bunun ən tipik nümunəsi tələbənin sağlamlıq haqqında tibbi arayış təqdim etməsidir. Qeyd edək ki, 18 yaşına qədər Azərbaycan vətəndaşları sağlamlıq haqqında tibbi arayış üçün heç bir rüsum ödəmirlər. Sadəcə aidiyyəti üzrə tibb müəssisələrinə yaxınlaşırlar, tibbi müayinələrdən keçir və bu müayinənin nəticəsi olan sağlamlıq haqqında arayışı fiziki formanı gözləmədən “MyGov” kabinetlərindən elektron formada, PDF formatında əldə edə bilirlər”.
Mütəxəssis qeyd edib ki, tələbələrdən istənilən sadəcə sözügedən arayışı çap edərək tədrisə başlayacağı təhsil müəssisəsində təqdim etməkdir:
“Çünki burada bir texniki detal var. Tələbələrin tibbi müəssisəsinə müraciət etdikdən sonra onlara verilən arayışın elektron formada “MyGov” kabinetinə yüklənməsi hələ onun təhsil məlumatları ilə inteqrasiya olunması anlamına gəlmir.
Bu proses yəqin ki, gələcəkdə inteqrasiya oluna bilər və bundan sonra yaşadığı ərazi üzrə qeydiyyatdan keçib sağlamlığına dair arayış alan tələbənin sağlamlıq məlumatları artıq təhsil məlumatlarına da inteqrasiya oluna bilər. Amma indiki halda bu inteqrasiya hələ yoxdur.
Məsələnin mahiyyəti odur ki, “MyGov”da birbaşa inteqrasiya olunmamış, elektron formada olmayan, fiziki şəxsin özünün iştirakı ilə keçirilən tibbi yoxlanış və onun nəticəsi olan arayışı universitetlərimiz tələb edə bilirlər.
Eyni zamanda, müəyyən arxivləşdirmə işləri, tələbələrin şəxsi işlərində əks olunması ilə əlaqədar fotoşəkil istənilə bilər, yaxud “MyGov”da olan və ya olmayan bəzi sənədlərin surətləri tələb oluna bilər”.
Tələbə güzəştli kateqoriyaya aiddirsə…
Taleh Mirzəyev qeyd edib ki, qeydiyyat prosesindən sonra tələbələrdən bu kimi sənədlərin tələb edilməsinin qeydiyyat prosesi ilə heç bir əlaqəsi yoxdur. Bütün bunlar tələbələr üçün formalaşdırılan şəxsi iş arxivlərində əks olunma üçündür:
“Bir də burada başqa bir nüans var. Xüsusi güzəşt kateqoriyalarına aid olan tələbələrin statusunu bir çox hallarda sistem özü avtomatik olaraq müəyyənləşdirir. Buna baxmayaraq, yenə də “MyGov” platformasındakı qeydiyyat portalının özündə də hər hansı təhsil haqqından güzəşti və ya imtiyazı olan tələbə bu bəndi seçdikdə onu təsdiq edən sənədlərin elektron formasının yüklənməsi tələb olunur. Paralel olaraq da “MyGov” platformasında onların bu statusu sistem tərəfindən dövlət qurumlarının informasiya ehtiyatlarından sorğu edilir, görünür və tanınır.
Belə olduğu halda təqdim olunan elektron sənədlər də qaydasındadırsa, eyni zamanda sistem üzərindən də onun bu statusu tanınırsa, heç bir problem olmur və tələbədən bu kimi sənədlər, məsələn, şəhid ailəsi üzvü olmağı, yaxud təhsil alanın əlilliyinin olması ilə bağlı sənədin sonradan fiziki formada təqdim edilməsi tələb olunmur.
Bu hallar olur ki, hər hansı səbəbdən onun statusu ilə bağlı “MyGov” platformasında bu məlumatlar əks olunmur, yəni hər hansı səbəbdən inteqrasiya edilmir. Bu halda tələbənin yüklədiyi elektron PDF formatındakı sənəd ali təhsil müəssisələrinin qəbul və hüquq bölmələri tərəfindən qiymətləndirilir.
Bu sənədin həqiqiliyinə dair rəy yarandıqda onun güzəştli şərtlərlə qəbulu ilə bağlı qərar verilir.
Lakin sistem üzərindən avtomatik tanınma həyata keçirilə bilmədikdə həmin tələbələrə statusu təsdiq edən, elektron formada yüklədiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətlərini təqdim etmək tələb olunur”.




