Universitetlər süni intellekt detektorlarından imtina edir

11 Avqust, 2026 - 17:49
Universitetlər süni intellekt detektorlarından imtina edir

ABŞ-də getdikcə daha çox universitet tələbələrin süni intellektdən istifadə edib-etmədiyini müəyyənləşdirmək üçün xüsusi proqramlardan istifadəyə məhdudiyyət qoyur və ya bu vasitələrdən tamamilə imtina edir.

“Azərbaycan müəllimi” xəbər verir ki, buna əsas səbəb süni intellekt detektorlarının etibarsız nəticələr verməsi, insan tərəfindən yazılmış mətnləri yanlışlıqla süni intellekt tərəfindən hazırlanmış kimi müəyyənləşdirməsi və ana dili ingilis dili olmayan tələbələrə qarşı qərəzli nəticələr göstərməsidir.

Yel, Vanderbilt, Cons Hopkins və İndiana universitetləri müəllimlərin süni intellekt detektorlarının nəticələrini akademik saxtakarlığın yeganə sübutu kimi qəbul etməsini qadağan edən və ya buna qarşı çıxan qaydalar tətbiq edib. Nortvestern, Corctaun və Nyu-York universitetlərinin də daxil olduğu ən azı 12 ali təhsil müəssisəsi isə “Turnitin” şirkətinin süni intellekt detektorunu deaktiv edib.

Məlumata görə, bəzi tələbələr də süni intellekt detektorlarından yayınmaq üçün xüsusi “insanlaşdırma” proqramlarından istifadə edirlər. Bu proqramlar süni intellekt tərəfindən yaradılmış mətnləri insan tərəfindən yazılmış mətnə daha çox bənzətməyə çalışır. Nəticədə universitetlər üçün süni intellekt istifadəsini aşkar etmək bir növ “pişik-siçan oyunu”na çevrilir.

ABŞ-də aparılan sorğulardan birinə əsasən, müəllimlərin 73 faizi süni intellektlə bağlı akademik dürüstlük problemi ilə şəxsən qarşılaşdığını bildirib.

Mütəxəssislər hesab edirlər ki, problemin həlli daha güclü nəzarət texnologiyalarından deyil, qiymətləndirmə üsullarının dəyişdirilməsindən keçir. Universitetlər tələbənin hazır cavabı süni intellektdən əldə edib-etmədiyini müəyyənləşdirmək əvəzinə onun düşünmə və işləmə prosesini nümayiş etdirməsinə imkan verən tapşırıqlara üstünlük verməyə başlayırlar.

Bu məqsədlə auditoriyada keçirilən şifahi imtahanlar, ənənəvi yazılı imtahanlar, tələbənin cavabın hazırlanma prosesini izah etdiyi tapşırıqlar və süni intellektdən necə istifadə etdiyini göstərən qiymətləndirmə üsulları təklif olunur.

İndiana Universitetinin Kelli Biznes Məktəbinin yenilənmiş süni intellekt təlimatında da müəllimlərə süni intellekt istifadəsini “tutmağa” çalışmaq əvəzinə tələbələrin düşünmə prosesini, əsaslandırmasını və real iştirakını üzə çıxaran tapşırıqlar hazırlamaq tövsiyə olunur.

Mərkəzi Florida Universitetinin Müəllimlərin Tədris və Öyrənmə Mərkəzinin direktoru Kevin Yi bildirib ki, süni intellekt detektorları etibarlı olmadığı üçün müəllimlər qiymətləndirmə tapşırıqlarını yenidən hazırlamaq istiqamətinə yönəlirlər.

Mütəxəssislərin fikrincə, süni intellekt ali təhsildə əvvəldən mövcud olan başqa bir problemi də üzə çıxarıb. İnternet dövründə plagiat, hazır işlərin satın alınması və digər yollarla akademik saxtakarlıq ənənəvi, nəzarətsiz yazılı tapşırıqların tələbənin real bilik və bacarığını ölçmək imkanlarını artıq zəiflətmişdi.

Bu səbəbdən ali təhsildə əsas istiqamətin tələbələri süni intellektdən istifadə etdiklərinə görə izləmək deyil, bu texnologiyanın asanlıqla əvəz edə bilməyəcəyi qiymətləndirmə üsulları yaratmaq olduğu bildirilir.

Lakin bu yanaşmanın universitetlər və müəllimlər üçün əlavə vaxt və maliyyə tələb edəcəyi də vurğulanır. Xüsusilə böyük auditoriyalarda şifahi imtahanların təşkili və tələbələrin iş prosesinin fərdi şəkildə qiymətləndirilməsi əlavə resurslar tələb edir.

Mütəxəssislər hesab edirlər ki, süni intellekt təhsil sistemində qalıcı olacaq. Buna görə ali məktəblər həm tələbələrə süni intellektdən məsuliyyətli və etik istifadəni öyrətməli, həm də qiymətləndirmə sistemlərini yeni reallığa uyğunlaşdırmalıdır.

Mənbə: "Inside Higher Ed"