Universitetlərdə “karyera hazırlığı” anlayışına yeni yanaşma təklif olunur
Mütəxəssislər hesab edirlər ki, tələbələrin yalnız son semestrdə seminar və ya CV hazırlığı keçməsi onların əmək bazarına hazır olması üçün kifayət etmir və karyera hazırlığı ali təhsilin bütün mərhələlərinə inteqrasiya olunmalıdır.
“Azərbaycan müəllimi” "Times Higher Education"a istinadən xəbər verir ki, yeni yanaşmaya əsasən, tələbələr universitet illəri boyunca əməkdaşlıq, layihələrin idarə olunması, problemlərin həlli və nəzəri biliklərin real şəraitdə tətbiqi kimi bacarıqları davamlı şəkildə təcrübədən keçirməlidirlər.
Məqalədə vurğulanır ki, işəgötürənlər universitetlərdən “təlim mərkəzi” rolunu deyil, mürəkkəb iş mühitinə ilk gündən uyğunlaşa bilən məzunlar gözləyirlər.
Ekspertlər qeyd edirlər ki, təcrübəyönümlü təhsil yalnız bir dəfə keçirilən təcrübə proqramı və ya layihə ilə məhdudlaşmamalı, illər boyu ardıcıl şəkildə inkişaf etdirilməlidir.
Araşdırmada universitet təhsilinin ənənəvi məktəb modelindən uzaqlaşdırılaraq “dörd illik peşəkar təcrübə proqramı” kimi yenidən qurulması təklif olunur. Bu yanaşma tələbələrin real problemlərlə işləməsinə və peşə bacarıqlarını davamlı şəkildə inkişaf etdirməsinə imkan yaradır.
Məqaləyə görə, effektiv təcrübəyönümlü təhsil üçün real iş mühitinə bənzər kontekst, tələbələrin qərarvermə məsuliyyəti və nəticələrin təhlili vacib hesab olunur.
“Virginia Tech” universitetində tətbiq olunan “Pamplin+” proqramı çərçivəsində tələbələr sənaye tərəfdaşları ilə birgə layihələrdə iştirak edir, komanda əsaslı işlər görür və təcrübəyönümlü öyrənmə modellərinə cəlb olunurlar.
Mütəxəssislər bildirirlər ki, təcrübəyönümlü təhsil həm də bərabər imkanların yaradılmasına xidmət edir və bütün tələbələrin peşə mühitinə çıxışını genişləndirir.
Araşdırma müəlliflərinin fikrincə, ali təhsil müəssisələri karyera hazırlığını əlavə fəaliyyət kimi deyil, tədris prosesinin əsas hissəsi kimi formalaşdırmalıdır.



