Universitetlərimizin “GreenMetric” reytinqində yüksəlişi nəyi göstərir?
Azərbaycan universitetlərinin dayanıqlılıq sahəsində beynəlxalq göstəriciləri yüksəlir. “UI GreenMetric World University Rankings 2026”da 22 ali təhsil müəssisəmizin yer alması, onlardan 5-nin TOP 500-ə daxil olması və 16 universitetin ötən illə müqayisədə mövqeyini yaxşılaşdırması bu sahədə nəzərəçarpacaq irəliləyiş olduğunu göstərir. Bəs bu nəticələr universitetlərimizin fəaliyyətində hansı dəyişikliklərdən xəbər verir və uğurun əsas səbəbləri nələrdir?
“Universitetlərimizdə “yaşıl kampus” yanaşması institusional prosesə çevrilib”
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, əldə olunan nəticələr universitetlərimizin dayanıqlı inkişaf məsələlərinə marağının və bu istiqamətdə fəaliyyətinin artdığını göstərir: “Eyni zamanda, 16 Azərbaycan universitetinin ötən illə müqayisədə mövqeyini yaxşılaşdırması da diqqətəlayiq göstəricidir. Bu, artıq universitetlərimizdə “yaşıl kampus” yanaşmasının yalnız ayrı-ayrı təşəbbüslər səviyyəsində qalmadığını, daha geniş institusional prosesə çevrildiyini göstərir.
Bu dinamikanın arxasında bir neçə amili qeyd etmək olar: enerji və su resurslarından səmərəli istifadə, tullantıların idarə olunması, yaşıllıq və kampus infrastrukturunun inkişafı, dayanıqlı nəqliyyat, bərpa olunan enerji mənbələrinə marağın artması, ekoloji maarifləndirmə və ən əsası, dayanıqlılığın universitetlərin strateji inkişaf gündəliyində daha çox yer alması.
AzMİU da Azərbaycanda “UI GreenMetric” reytinqinə qoşulan ilk universitetlərdən biridir və iştirak etdiyimiz bütün illərdə ölkə üzrə ən yaxşı nəticə göstərən universitetlər sırasında olmuşuq. Bizim üçün bu iştirak yalnız reytinq mövqeyi ilə bağlı deyil. Reytinqdəki nəticələr universitetdə dayanıqlı inkişaf istiqamətində görülən işlərin müəyyən göstəricilər üzrə ölçülməsi və növbəti hədəflərin müəyyənləşdirilməsi üçün də bir vasitədir”.
Şöbə müdiri qeyd edib ki, 16 universitetin mövqeyini yaxşılaşdırması daha geniş bir institusional dəyişiklikdən xəbər verir: “Universitetlərdə ekoloji məsuliyyət artıq yalnız kampusun yaşıllaşdırılması və ya ayrı-ayrı ekoloji aksiyalarla məhdudlaşmır.
Dayanıqlı inkişaf anlayışı getdikcə enerji və su idarəetməsi, tullantıların azaldılması və çeşidlənməsi, karbon emissiyalarının idarə olunması, dayanıqlı nəqliyyat, infrastruktur, təhsil və tədqiqat kimi daha geniş sahələri əhatə edir.
Burada mühüm dəyişikliklərdən biri də dayanıqlılığın idarəetmə səviyyəsində qəbul edilməsidir. Yəni universitet yalnız müəyyən layihələr həyata keçirməklə kifayətlənməməli, bu istiqamətdə konkret hədəflər müəyyən etməli, nəticələri ölçməli və əldə olunan göstəriciləri davamlı şəkildə təkmilləşdirməlidir.
Eyni zamanda, universitetlərin bu sahədə fəaliyyəti yalnız öz kampusları ilə məhdudlaşmamalıdır. Tələbələrin, akademik və inzibati heyətin ekoloji şüurunun formalaşdırılması, dayanıqlılıq mövzusunda tədqiqatların və innovativ həllərin təşviqi də universitetin təsirinin mühüm hissəsidir.
Bu baxımdan 16 universitetin mövqeyini yaxşılaşdırmasını ali təhsil müəssisələrində dayanıqlılığın getdikcə daha sistemli şəkildə nəzərdən keçirilməsinin göstəricilərindən biri kimi qiymətləndirmək olar”.
““Yaşıl universitet” universitetin idarəetmə və inkişaf mədəniyyətidir”
Q.Məmmədzadə “yaşıl universitet” anlayışına da aydınlıq gətirib və söyləyib ki, “yaşıl universitet” anlayışını yalnız yaşıllıq sahələrinin çoxluğu və ya kampusda günəş panellərinin olması ilə məhdudlaşdırmaq düzgün olmaz: “Yaşıl universitet, mənim yanaşmama görə, ekoloji, iqtisadi və sosial dayanıqlılıq prinsiplərini öz fəaliyyətinin müxtəlif istiqamətlərinə inteqrasiya edən universitetdir.
Burada enerji səmərəliliyi, su resurslarının idarə olunması, tullantıların azaldılması və təkrar emalı, yaşıl sahələrin qorunması, dayanıqlı nəqliyyat, karbon emissiyalarının azaldılması, bərpa olunan enerji, iqlim fəaliyyəti, eləcə də dayanıqlılığın tədris və tədqiqata inteqrasiyası kimi göstəricilər mühüm əhəmiyyət daşıyır. Lakin, məncə, ən vacib məsələlərdən biri bu fəaliyyətlərin ölçülə bilən olmasıdır. Məsələn, universitetin enerji istehlakını nə qədər azaltdığı, suya qənaətin hansı səviyyədə olduğu, tullantıların nə qədərinin təkrar emala yönəldildiyi və karbon emissiyalarının necə dəyişdiyi kimi konkret göstəricilər daha real mənzərə yaradır.
Bundan əlavə, universitetlərin müxtəlif beynəlxalq reytinqlərdə fərqli nəticələr göstərməsi də mümkündür. Çünki hər bir reytinq öz metodologiyasına, indikatorlarına və məlumat toplama mexanizmlərinə əsaslanır. Buna görə də universitetin dayanıqlılıq fəaliyyətini yalnız bir reytinqin mövqeyi ilə qiymətləndirməkdənsə, müxtəlif göstəricilərə və real institusional nəticələrə kompleks şəkildə baxmaq daha məqsədəuyğundur.
Başqa sözlə, “yaşıl universitet” bir layihə deyil, universitetin idarəetmə və inkişaf mədəniyyətidir”.
Bu nəticələri əldə etməklə yanaşı, onu qoruyub saxlamaq və daha da irəliyə aparmaq lazımdır. Bəs universitetlər bu nəticələri daha da yaxşılaşdırmaq üçün növbəti mərhələdə hansı istiqamətlərə fokuslanmalıdır?
Bu məsələyə aydınlıq gətirən müsahibimiz qeyd edib ki, növbəti mərhələdə universitetlərin əsas diqqəti əldə olunan nəticələri daha sistemli, ölçülə bilən və uzunmüddətli fəaliyyətlərə çevirməyə yönəlməlidir: “İlk növbədə, enerji səmərəliliyi, bərpa olunan enerji, su resurslarının səmərəli idarə olunması, tullantıların azaldılması və təkrar emalı, dayanıqlı nəqliyyat və karbon emissiyalarının azaldılması üzrə konkret hədəflər müəyyən edilməlidir.
İkinci mühüm istiqamət isə dayanıqlılığın təhsil və tədqiqatla daha sıx əlaqələndirilməsidir. Universitetlər tələbələr üçün yalnız “yaşıl kampus” yaratmamalı, eyni zamanda onların gələcək peşə fəaliyyətlərində dayanıqlı həllər yarada bilmələri üçün bilik və bacarıqlar formalaşdırmalıdır. Elmi tədqiqat və innovasiyalar da bu prosesin mühüm hissəsidir.
Bununla yanaşı, beynəlxalq reytinqlərin nəticələrinə yanaşmada da müəyyən peşəkarlıq vacibdir. Reytinqdə yüksək mövqe, əlbəttə ki, universitet üçün mühüm göstəricidir, amma nəticəni şərh edərkən metodologiyanın, indikatorların, məlumatların təqdim edilməsi və mümkün validasiya mexanizmlərinin də nəzərə alınması lazımdır. Çünki müxtəlif reytinqlər fərqli meyarları ölçür və eyni universitet müxtəlif sistemlərdə fərqli nəticələr göstərə bilər.
Məncə, burada əsas sual “universitet reytinqdə neçə pillə irəlilədi?” sualından bir qədər daha geniş olmalıdır: “Bu nəticənin arxasında hansı real dəyişiklik dayanır?”
AzMİU-da bizim yanaşmamız da məhz budur. Reytinq bizim üçün məqsədin özü deyil, universitetin dayanıqlı inkişaf istiqamətində harada olduğunu görmək və növbəti strateji addımları müəyyən etmək üçün istifadə olunan vasitələrdən biridir.
Nəticə etibarilə, əsas hədəf sadəcə reytinq cədvəlində daha yüksək mövqedə görünmək deyil. Əsas hədəf ölçülə bilən, sübut edilə bilən və uzunmüddətli təsir yaradan dayanıqlı universitet modelinin formalaşdırılmasıdır”, – deyə o bildirib.




