Uşaqlar insan hüquqları barədə nə bilirlər?
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bununla əlaqədər olaraq, 18 may - 18 iyun tarixlərində ölkəmizdə "İnsan hüquqları aylığı" keçirilir. Aylıq çərçivəsində ümumtəhsil müəssisələrində tədbirlər, görüşlər təşkil olunur. Bəs, bu görüşlər şagirdlərə nələri qazandırır, hüquqlarını öyrədirmi? Ümumiyyətlə, şagirdlər “İnsan hüquqları” dedikdə nələri anlayır?
"Azərbaycan müəllimi" mövzu ilə bağlı şagirdlərlə həmsöhbət olub.
Cəbrayıl rayon Ə.Veysəlov adına Sirik kənd tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Fidan Qasımlı hüquq anlayışını belə təsvir edir: "Hüquq dedikdə, ağlıma ilk olaraq qadınlar gəlir. Niyə qadınlar? Sadə nümunə kimi məktəbyaşlı qızların erkən nikahlara məcbur edilməsi və təhsildən yayınmasını göstərə bilərəm. Bunun nəticəsidir ki, bir çox qadınlar öz hüquqlarını qoruya, gələcəyini qura bilmir. Daha bir nümunə məktəblərdə builinqə məruz qalan uşaqlar. İstər müəllim, istərsə də şagird tərəfindən builinqə məruz qalma da hüquqların pozulmasıdır”.
Fidan Qasımlı qeyd edir ki, "Sən düzəlməyəcəksən", "səni istəmirik", "nədi, yenə gəlmisən", "əl çək bizdən" kimi sözlərə məruz qalan uşaqlar var. “Bir valideyn övladını, bir müəllim şagirdini özünə inamlı yetişdirə də bilər, tamamən hüquqsuz da. Misal çəkdiklərim hüquqların əlindən alındığı haldır. Yəni mən belə qəbul edirəm. Məsələn mənim 15 yaşım var. Özümə və gələcəyimə edəcəyim ən böyük yaxşılıq təhsil almağımdır, yəni bu hüququmdan istifadə etməyimdir. Məktəbimizdə bu mövzularda tez-tez tədbirlər keçirilir. Bizə hüquqlarımız, vəzifələrimiz, bunlardan necə istifadə edəcəyimiz öyrədilir".
"18 yaşıma çatmadığım üçün özümü uşaq sayıram"
Hafiz Quluyev adına Qubadlı rayon Çaytumas məktəb-liseyinin X sinif şagirdi Səadət Süleymanova da fikirlərini bölüşür: “Uşaq hüquqları dinindən, dilindən, irqindən, irsindən, millətindən, ailəsindən asılı olmayaraq dünyadakı bütün uşaqlara aiddir. Uşaqların ən çox məlumatlı olduqları hüquq təhsil almaq hüququdur. Ancaq hüquqlarımız təkcə təhsil almaqla, sağlam yaşamaqla bitmir. Hər şeydən çox sevdiyimiz istirahət də bizim bir hüququmuzdur ki, hər bir uşağın istirahət etmək və əylənmək hüququ var. Dövlət tərəfindən bizim hüquqlarımızdan istifadə etməyimiz üçün şərait yaradılıb. İndi isə istərdim ki, məktəblərdə tez-tez rast gəlinən bulinqə məruz qalma halı və bu vaxt itirilən hüquqdan danışım. Bulinqə məruz qalan uşaq hüququ əlindən alınmış bir uşaqdır. Məktəbdə gördüyü bulinq bir uşağın təhsil almaq hüququnun əlindən alınmasıdır. Əlbəttə ki, bulinqə məruz qalan uşaq özünə qapanar və bu, onun sağlamlığına ciddi zərər vurar. Nəticədə isə həm də sağlamlıq hüququ əlindən alınmış olar. Bulinqə məruz qalan uşaqlar demək olar ki bir çox məktəbdə olur. Bu zaman psixoloqla və ya müəllimlərlə danışmaq lazımdır. Bizim məktəbdə psixoloqumuz və müəllimlərimiz az da olsa boş vaxt tapan kimi bizimlə söhbət edir, problemlerimizin həll olunması yolunda bizə kömək edirlər. Bəzən bunun üçün xüsusi vaxt da təyin edirlər.
Psixoloqum deyir ki, hər bir uşaq xoşbəxt olmağa layiqdir. Yəni biz uşaqlar bərabərhüquqluyuq. Mənbələrdən əldə etdiyim məlumata əsasən Uşaq hüquqları ilə bağlı konvensiyanı 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatı,1992-ci ildə isə Azərbaycan qəbul edib. Unutmayaq ki, hər bir uşağın hüququ dövlət tərəfindən qorunur".
“Mən hüquqlarımı ailəmdən və müəllimlərdən öyrənmişəm”
Nurgün Allahverənova da Qubadlı rayon Hafiz Quluyev adına texniki fənlər təmayüllü Çaytumas kənd tam orta məktəb-liseyin 10-cu sinfində təhsil alır.
O isə hüquq və azadlıqlarını belə izah edir: "Məncə, insan hüquqları hər bir insanın doğulduğu andan malik olduğu hüquqlardır. Bu hüquqlar bizim müstəqil, azad və təhlükəsiz yaşamağımız üçün vacibdir. İnsan hüquqları hamıya aiddir və heç kim bu hüquqlardan məhrum edilməməlidir. Mən hüquqlarımı ilk olaraq ailəmdən və məktəbimdəki müəllimlərdən öyrənmişəm. Hər bir insanın yaşamaq, təhsil almaq, öz fikirlərini söyləmək, istirahət etmək və tibbi yardım almaq hüququ var. Hüquqlar insanların bir-birinə hörmət etməsinə, cəmiyyətdə ədalətin qorunmasına və insanların özlərini təhlükəsiz hiss etməsinə kömək edir. Buna görə də hər kəs həm öz hüquqlarını bilməli, həm də başqalarının hüquqlarına hörmət etməlidir. Biz kiməsə qarşı ədalətsiz davrananda, onu incidəndə və haqqını əlindən alanda insanın hüquqları pozulmuş olur. Həmçinin insanları fərqlərinə görə ayrı-seçkiliyə məruz qoymaq, onların fikrini sərbəst ifadə etməsinə mane olmaq və ya təhsil almalarına maneə olmaq hüquqların pozulmasıdır".




