Uşaqlar arasında zorakılığın qarşısının alınmamasına görə cərimə tətbiq ediləcək
Uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə cərimə tətbiq ediləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə, uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməməsinə görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə ediləcək.
Təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə fiziki şəxslər 300 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 600 manatadək məbləğdə cərimə olunacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.



