Uşaqlarda asılılıq riski: Ekran vaxtı nə qədər olmalıdır?

3 Dekabr, 2025 - 16:00
Uşaqlarda asılılıq riski:

Müasir dövrdə uşaqların həyatına texnologiya olduqca erkən yaşlardan daxil olur və bu proses bəzən onların psixoloji, sosial və akademik inkişafına təsir edən ciddi çətinliklər yaradır. İnternetin tədris və öyrənmə üçün faydalı imkanları olsa da, nəzarətsiz istifadə uşaqlarda həm davranış dəyişikliklərinə, həm də asılılıq riskinə səbəb ola bilir. Valideyn və müəllimlərin vəzifəsi yalnız qayda qoymaq deyil, həm də uşağa təhlükəsiz rəqəmsal mühit yaratmaq, informasiya texnologiyalarından düzgün və balanslı şəkildə istifadə vərdişi aşılamaqdır.

Bəs uşaqlarda internetdən sağlam istifadəni necə təmin etmək və asılılıq riskini minimuma endirmək mümkündür?

“0-2 yaş dövründə uşaqlara ümumiyyətlə ekran tövsiyə olunmur”

Mövzu ilə bağlı uşaq və yeniyetmə psixoloqu Gülər Xəlilova “Azərbaycan müəllimi”nə bildirib ki, uşaqlar üçün optimal ekran vaxtı onların yaşından asılı olaraq dəyişir və bu məsələdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsaslanmaq daha doğru yanaşma sayılır: “0-2 yaş dövründə uşaqlara ümumiyyətlə ekran tövsiyə olunmur və bu yaş üçün ideal ekran vaxtı sıfır hesab edilir. 2-6 yaş aralığında uşaqların gündə maksimum bir saat ekran qarşısında olması məqsədəuyğundur, ən yaxşısı isə bu müddətin yarım saatdan bir saata qədər dəyişməsidir. 6-12 yaş arasında isə ekran vaxtı gündə maksimum 1,5-2 saat ola bilər”.

Ekranın uşağın inkişafına mənfi təsirləri

Psixoloq qeyd edir ki, ekran istifadəsinin çox olması uşağın inkişafına ciddi təsir göstərə bilər: “Ekrandakı sürətli səslər, rənglər və dəyişən görüntülər uşağın beynini passiv izləməyə alışdırır və bu da real həyatdakı yavaş tempə uyğunlaşmağı çətinləşdirir. Uşaq sürətli stimullara öyrəşdiyi üçün gündəlik fəaliyyətlər ona maraqsız görünməyə başlayır, diqqət toplama müddəti qısalır və konsentrasiya çətinlikləri yaranır ki, bu da birbaşa olaraq akademik performansa mənfi təsir edir. Real ünsiyyətdən uzaq qalan uşaqlarda nitq inkişafı gecikir, çünki ekran danışığı əvəz etmir və qarşılıqlı kommunikasiya imkanlarını məhdudlaşdırır. Uşağın yaradıcı düşüncə qabiliyyəti də zəifləyə bilir, çünki onun təxəyyülü ekran tərəfindən hazır şəkildə təqdim olunan səhnələrə öyrəşir və uşaq öz təsəvvürünü işə salmağa ehtiyac duymur”.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarda ekran istifadəsi

Onun sözlərinə görə, xüsusi qayğıya ehtiyacı olan uşaqlarda, xüsusilə autizm spektr pozuntusu, inkişaf ləngiməsi və diqqət əskikliyi-hiperaktivlik diaqnozu olan uşaqlarda ekran istifadəsi ümumiyyətlə tövsiyə edilmir: “Bu kateqoriyaya aid uşaqlarda ekran həm diqqət müddətini daha da qısaldır, həm təlimin effektivliyini zəiflədir, həm də sosial reaksiyanı azaldır. Ona görə də belə uşaqlar üçün ekran minimum səviyyədə saxlanmalı və onların fərdi təlim proqramları prioritet olmalıdır”. 

Sağlam uşaqlarda ekranla bağlı vacib qaydalar

“Yatmazdan ən azı bir saat əvvəl ekran istifadəsi olmaz və yemək zamanı ekran tamamilə qadağandır”

G.Xəlilova vurğulayıb ki, sağlam uşaqlarda da ekran istifadəsi valideyn nəzarəti altında olmalı və məzmun diqqətlə seçilməlidir: “Valideyn izlənilən videoların məzmununu bilməli, aqressiv və ya həddindən artıq stimullaşdırıcı materiallara icazə verməməlidir. Ekran vaxtı planlı şəkildə həyata keçirilməli, uşağın ekran qarşısında uzun müddət tək qalmasına yol verilməməlidir. Yatmazdan ən azı bir saat əvvəl ekran istifadəsi olmaz və yemək zamanı ekran tamamilə qadağandır, çünki bu həm ailədaxili ünsiyyəti zəiflədir, həm də uşağın rutinini pozur. Ekran istifadəsinə iki yaşdan sonra mərhələli şəkildə icazə verilə bilər, lakin valideyn sərhədləri əvvəlcədən müəyyən etməli və uşağın gün ərzində ekranla keçirdiyi müddətə qəti nəzarət etməlidir. Valideynin özü də doğru nümunə göstərməli, uşağa ekranın zərərli olduğunu deyib özü uzun müddət telefon və ya televizor qarşısında vaxt keçirməməlidir”.

Sosial media və onlayn oyunlardan istifadəyə tam qadağa doğrudurmu?

Onun fikrincə, müasir dövrdə uşaqları sosial mediadan və onlayn oyunlardan tamamilə uzaq tutmaq real deyil və bəzən bu, düzgün yanaşma da sayılmır: “Çünki tam qadağa uşağın marağını artırır və gizli istifadə ehtimalını yüksəldir. Üstəlik, əgər bütün sinif yoldaşları onlayn oyun oynayırsa, uşaq bu mühitdən tam kənarda qaldıqda özünü təcrid olunmuş hiss edə, hətta zorakılığa məruz qala bilər. Bu səbəbdən əsas məqsəd tam qadağa deyil, düzgün yönləndirmə, nəzarət və yaşa uyğun məzmun seçimi olmalıdır. Ekran istifadəsini azaltmaq üçün valideyn ilk növbədə uşağın zövq aldığı alternativ fəaliyyətləri tapmalıdır. Əgər uşaq ekrandan daha çox zövq alacağı məşğuliyyətlə tanış olarsa, o zaman ekran avtomatik olaraq arxa plana keçir. Valideynlə güclü emosional bağ və gündəlik keyfiyyətli vaxt uşağın ekrana meylini azaldan ən vacib amildir. Uşağı yaradıcı fəaliyyətlərə — rəsm çəkməyə, rəqsə, musiqiyə, idmana yönləndirmək, sensor və masa oyunları təşkil etmək, açıq havada fiziki aktivliyə şərait yaratmaq uşağın ekran ehtiyacını əhəmiyyətli dərəcədə azaldır. Əsas prinsip uşağı cəzayla deyil, daha maraqlı alternativlərlə yönləndirməkdir. Bu zaman uşaq ekranı itki kimi deyil, daha maraqlını seçmək kimi qəbul edir və daha sağlam ekran vərdişi formalaşır.

Uşaqda internet asılılığı hansı hallarda ola bilər?

O deyir ki, uşaqda internet asılılığı bir sıra hallarda özünü göstərir. Uşaq daim internet barədə düşünürsə, oradakı fəaliyyətlərlə bağlı güclü zehni məşğulluq yaşayırsa, bu, artıq bir riskdir: “Zaman keçdikcə internetə ehtiyac artır, əvvəlki qədər zövq almadığı üçün daha çox vaxt sərf etməyə başlayır və istifadəsini azaltmaq, məhdudlaşdırmaq cəhdləri nəticə vermir. İnternet kəsildikdə və ya əlindən alındıqda uşaq narahatlıq, hirs, gərginlik, kədər kimi emosional reaksiyalar göstərir. Bu davranışlar ailədə, məktəbdə və dostlarla münasibətlərdə problemlərə səbəb olur. Uşaq özünü pis hiss edəndə, narahatlıq, günahkarlıq və ya boşluq yaşadıqda interneti bir növ “qaçış yeri” kimi görür və planlaşdırdığı vaxtdan daha uzun müddət onlayn qalır”.

Valideyn internet istifadəsində nə etməlidir?

Psixoloq belə vəziyyətlərdə valideynin üzərinə mühüm vəzifələr düşdüyünü də dilə gətirib: “Uşağın internetlə çox erkən yaşda tanış olmasına imkan verilməməli, valideyn öz davranışı ilə sağlam rəqəmsal nümunə göstərməlidir. İnternetin necə və nə məqsədlə istifadə olunacağı uşağın yaşına uyğun şəkildə izah edilməli, təhlükələr barədə məlumat verilməlidir. Telefon və kompüter uşağın öz otağında deyil, ümumi məkanlarda istifadə edildikdə həm daha təhlükəsiz olur, həm də valideyn nəzarəti təbii şəkildə təmin edilir. Uşağın internetdə keçirdiyi vaxta diqqət yetirilməli, yaşına uyğun sərhədlər müəyyən edilməli və sosial mediada kimlərlə ünsiyyətdə olduğu, hansı səhifələri izlədiyi mütəmadi və hörmət çərçivəsində yoxlanılmalıdır.
Tədris prosesində texnologiyadan düzgün istifadə edildikdə isə o, öyrənməni dəstəkləyən çox faydalı alətə çevrilə bilər. Texnologiya dərsi əvəz etməməli, müəllimin nəzarəti ilə qısamüddətli, məqsədyönlü və interaktiv şəkildə tətbiq olunmalı, uşağın aktiv öyrənməsini təşviq etməlidir”.