Uşaqların internetə çıxışının məhdudlaşdırılması ilə bağlı ciddi addımlar atılacaq - Mahinur Özdemir

23 Dekabr, 2025 - 12:34
Uşaqların internetə çıxışının məhdudlaşdırılması ilə bağlı ciddi addımlar atılacaq - Mahinur Özdemir

Türkiyədə rəqəmsal mühitdə, sosial media və oyun platformalarında uşaqlarla əlaqədar hüquqi tənzimləmə həyata keçiriləcək. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

Nazir bildirib ki, yaxın zamanda bu barədə müvafiq qərarlar təqdim ediləcək:

“Uzun müddətdir ki, biz bunun üzərində çalışırıq. Bir sıra ölkələrdə artıq 13-15 yaşlı uşaqların sosial şəbəkələrə və internetə çıxışı ilə bağlı məhdudiyyətlər tətbiq edilib. Bu məsələlər bizdə də uzun müddətdir işlənilir və ciddi addımlar atmağa hazırlaşırıq”.

O qeyd edib ki, ölkəsində qəbul olunmuş  2024-2028-ci illər üzrə strategiya sayəsində uşaqların rəqəmsal mühitdə müdafiəsi həyata keçirilir: "Rəqəmsal mühitdə ailənin dəstəklənməsi çox vacib məsələdir. Turkiyə uşaqların qorunmasını qurumlar arasındakı əlaqə və ailələrlə aparılan intensiv işlər sayəsində həyata keçirə bilir. Dost tətbiqlər vasitəsilə ilə uşaqlar üçün zərərsiz rəqəmsal mühit qurmaq üçün bir sıra işlər həyata keçiririk. Həmçinin, rəqəmsal mühitdəki zərərli informasiyaları müəyyən edərək, uşaqlar üçün əlçatmaz hala gətirməyə çalışırıq”.