Uşaqların Müdafiəsi İdarəsindən liftdə azyaşlıya zorakılıq edilməsi ilə bağlı AÇIQLAMA

7 İyul, 2026 - 18:37
Uşaqların Müdafiəsi İdarəsindən liftdə azyaşlıya zorakılıq edilməsi ilə bağlı AÇIQLAMA

"Liftdə azyaşlı uşağa qarşı törədilmiş fiziki zorakılıq cəmiyyətimizdə haqlı narahatlıq doğurur və qətiyyətlə pislənilməlidir. Hər bir uşaq təhlükəsiz mühitdə yaşamaq və zorakılıqdan qorunmaq hüququna malikdir".

"Azərbaycna müəllimi" xəbər verir ki, bunu Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, hadisəni törədən şəxsin saxlanılması və sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində tədbirlərin görülməsi hüquqi məsuliyyətlə yanaşı, zəruri tibbi qiymətləndirmənin də vacibliyini göstərir.

"Bu hadisə bir daha göstərir ki, uşaqların müdafiəsi yalnız baş vermiş hadisələrə operativ reaksiya ilə deyil, həm də erkən profilaktika, psixoloji xidmətlərin gücləndirilməsi, risklərin vaxtında müəyyən edilməsi və aidiyyəti qurumlar arasında səmərəli əməkdaşlıqla daha da möhkəmlənir. Bu baxımdan psixoloji xidmət sahəsində aparılan islahatların və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərin davam etdirilməsi cəmiyyətimizin təhlükəsizliyi və rifahı üçün mühüm əhəmiyyət kəsb edir.

Unutmayaq Uşaqların təhlükəsizliyi hər birimizin ortaq məsuliyyətidir", - deyə qurum rəsmisi yazıb.

Qeyd edək ki, ötən gün liftə minmək istəyən azyaşlıya qarşı zorakılıq tətbiq edildiyinə dair video yayılıb. Hadisəni törədən şəxs hüquq mühafizə orqanları tərəfindən müəyyən edilərək saxlanılıb.