Uşaqların təhlükəsizliyinin təmini nəzarət mexanizmləri ilə mümkün deyil – Dövlət Komitəsinin sədri

10 İyun, 2026 - 15:35
Uşaqların təhlükəsizliyinin təmini nəzarət mexanizmləri ilə mümkün deyil

“Müasir dövrdə uşaqların inkişafı və təhlükəsizliyi məsələləri dünyada dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və cəmiyyətin özü də bunu tələb edir. Son illərdə həm ölkəmizdə, həm də dünyada baş verən hadisələr göstərir ki, uşaqların təhlükəsizliyinin təmin olunması yalnız müdafiə və nəzarət mexanizmləri ilə mümkün deyil”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatlarının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində səsləndirib.

Sədr qeyd edib ki, bunun üçün hüquqi maarifləndirmə, hüquq şüurunun inkişafı və hüquq mədəniyyətinin formalaşdırılması vacibdir.

Bahar Muradova dövlətimiz tərəfindən uşaqlar üçün təhlükəsiz və sağlam mühitin yaradılması istiqamətində hərtərəfli addımlar atıldığını qeyd edib və buna misal olaraq son vaxtlar qəbul edilmiş, dövlət qurumlarının iştirakı ilə hazırlanmış normativ-hüquqi sənədlərin qəbulunu göstərib: “Bu sənədlər xüsusi əhəmiyyət daşıyır və indiyədək mövcud olmuş bir sıra boşluqların aradan qaldırılmasına xidmət edir”.