ÜST məktəblilər üçün qida standartlarını açıqlayıb

29 Yanvar, 2026 - 13:00
ÜST məktəblilər üçün qida standartlarını açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məktəblərdə sağlam və balanslı qidalanmanın təşviqi ilə bağlı yeni qlobal tövsiyə və standartları açıqlayıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, təşkilatın hazırladığı yeni təlimata əsasən, məktəblərdə təqdim olunan bütün qida və içkilər sağlam, təhlükəsiz və qida dəyəri yüksək olmalı, bu yanaşma isə bütöv məktəb mühiti üzrə tətbiq edilməlidir.

ÜST vurğulayır ki, məktəblərdə yaradılan sağlam qida mühiti uşaqlarda ömür boyu davam edəcək düzgün qidalanma vərdişlərinin formalaşmasında mühüm rol oynayır. İlk dəfə olaraq təşkilat ölkələrə “bütöv məktəb yanaşması”nı tətbiq etməyi tövsiyə edir. Bu yanaşma məktəbdə təqdim olunan yeməklərlə yanaşı, bufetlərdə, avtomatlarda və məktəb ətrafında mövcud olan bütün qida mühitini əhatə edir.

Məlumata görə, dünyada uşaqlar arasında artıq çəki və piylənmə halları sürətlə artır, qida çatışmazlığı isə hələ də ciddi problem olaraq qalır. 2025-ci ildə dünyada təxminən 188 milyon məktəb yaşlı uşaq və yeniyetmə piylənmədən əziyyət çəkib və bu göstərici ilk dəfə olaraq çəkisi normadan aşağı olan uşaqların sayını ötüb. Beləliklə, məktəblər bu “ikiqat qida problemi”nin həllində əsas mübarizə meydanına çevrilib.

ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, uşaqların məktəbdə qəbul etdiyi qida və onları əhatə edən qida mühiti həm təlim prosesinə, həm də sağlamlıq və rifahlarına uzunmüddətli təsir göstərir: “Məktəbdə düzgün qidalanmanın təmin olunması gələcəkdə xəstəliklərin qarşısının alınması və daha sağlam cəmiyyətin formalaşdırılması üçün həlledici əhəmiyyət daşıyır”.

Hazırda dünyada təxminən 466 milyon uşaq məktəb yeməyi ilə təmin olunur. Lakin təqdim edilən qidaların qida keyfiyyəti ilə bağlı məlumatlar hələ də məhduddur. Bu səbəbdən ÜST məktəblərdə sağlam qida təminatının gücləndirilməsini əsas prioritet kimi müəyyənləşdirir.

Yeni tövsiyələrə əsasən məktəblərdə:
– sağlam qida və içkilərin əlçatanlığı, alınması və istehlakı artırılmalı,
– şəkər, duz və zərərli yağlarla zəngin məhsulların istifadəsi məhdudlaşdırılmalı,
– uşaqları daha sağlam seçimlərə yönəldən stimullaşdırıcı mexanizmlər (məsələn, qidaların təqdimat forması, yerləşdirilməsi və qiymət siyasəti) tətbiq edilməlidir.

ÜST qeyd edir ki, yalnız siyasət sənədlərinin mövcudluğu kifayət deyil, onların icrasına nəzarət və monitorinq mexanizmləri də gücləndirilməlidir. Təşkilatın Qida və Qidalanma Fəaliyyətlərinin İcrası üzrə Qlobal Məlumat Bazasına (GIFNA) görə, 2025-ci ilin oktyabr ayına olan məlumata əsasən, 104 ölkədə sağlam məktəb qidalanması ilə bağlı siyasət mövcuddur. Bu ölkələrin təxminən üçdə ikisində məktəb yeməklərinin tərkibi üzrə məcburi meyarlar müəyyən edilib. Lakin yalnız 48 ölkədə şəkər, duz və zərərli yağlarla zəngin məhsulların reklamına məhdudiyyət tətbiq olunur.

Yeni təlimat ÜST-ün piylənmənin qarşısının alınması üzrə sürətləndirmə planı və “qidalanma dostu məktəblər” təşəbbüsü çərçivəsində həyata keçirilən qlobal strategiyanın əsas hissəsidir. Sənəd həm milli, həm də yerli səviyyədə tədbirlərin görülməsini dəstəkləyir və şəhər, rayon rəhbərliklərinin bu prosesdə mühüm rol oynadığını xüsusi vurğulayır.