Vahid məktəbli geyimi bərabərlik və birlik yaradır - Təhminə Babayeva
“Məktəb yalnız bilik və bacarıqların öyrədildiyi məkan deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial davranış qaydalarını, qarşılıqlı hörməti və birgəyaşayış mədəniyyətini mənimsədiyi mühüm tərbiyə mühitidir. Bu baxımdan vahid məktəbli geyimi sadəcə şagirdlərin zahiri görünüşünü müəyyənləşdirən qayda deyil, məktəb mədəniyyətinin, nizam-intizamın və kollektiv məsuliyyət hissinin formalaşmasına xidmət edən vasitələrdən biridir”.
Bu barədə “Azərbaycan müəllimi”nə açıqlamasında Naxçıvan MR Ali Məclisinin deputatı Təhminə Babayeva deyib.
Deputat bildirib ki, məktəbli formasının əsas üstünlüklərindən biri şagirdlər arasında ailələrin maddi imkanlarından irəli gələn zahiri fərqlərin azalmasına töhfə verməsidir: “Uşaqların geyimlərinin qiyməti, markası və dəbi üzərindən müqayisə aparılması bəzən onların psixoloji vəziyyətinə, özünəinamına və sinif yoldaşları ilə münasibətlərinə mənfi təsir göstərə bilər. Vahid geyim bu cür fərqlərin ön plana çıxmasının qarşısını almağa, şagirdlərin diqqətini daha çox təhsilə, bilik və bacarıqlara, şəxsi keyfiyyətlərə və uğurlara yönəltməyə kömək edir. Belə bir mühitdə uşaqların bir-birini geyiminə görə deyil, davranışına, biliyinə, zəhmətinə və insani keyfiyyətlərinə görə qiymətləndirməsi üçün daha əlverişli şərait yaranır.
Digər tərəfdən, vahid məktəbli geyimi şagirdlərdə təhsil müəssisəsinə mənsubiyyət hissini gücləndirir. Eyni məktəbin şagirdləri olduqlarını ifadə edən geyim ümumi qaydalara riayət etməyi, kollektivin bir hissəsi kimi məsuliyyət daşımağı və məktəbin nüfuzuna hörmətlə yanaşmağı təşviq edə bilər. Bu, həm də uşaqların məktəb mühitində intizamlı davranış vərdişləri qazanmasına, ictimai qaydalara əməl etməyin əhəmiyyətini anlamasına şərait yaradır”.
Deputatın fikrincə, milli-mənəvi dəyərlərə və dini inanclara hörmətlə yanaşı, dünyəvi təhsil prinsiplərinin mahiyyətini də düzgün anlamaq vacibdir: “Dünyəvilik insanların fərqli inanclarının inkar edilməsi deyil. Bu təhsil prosesinin ümumi qaydalar əsasında təşkil olunduğu mühitin qorunması deməkdir. Məktəb müxtəlif ailələrdən, sosial təbəqələrdən və fərqli dünyagörüşlərindən gələn uşaqları bir araya gətirir. Buna görə də məktəbdə tətbiq edilən geyim qaydaları ümumi təhsil mühitinin tələblərinə uyğun olmalıdır.
Vahid məktəbli geyimi ilə bağlı məsələlərin müzakirəsində əsas məqsəd tərəflər arasında qarşıdurma yaratmaq deyil, anlaşmaya nail olmaqdır. Və şagird qaydanın hansı zərurətdən irəli gəldiyini anlamalıdır. Bu zaman qaydalara riayət etmək təkcə nəzarətdən irəli gələn davranış deyil, şüurlu məsuliyyət vərdişinə çevrilə bilər.
Bu prosesdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Məktəb rəhbərliyi qaydaların düzgün və ardıcıl tətbiqinə nəzarət etməli, müəllimlər şagirdlərə nümunə göstərməli, valideynlər isə uşaqlarda məktəb qaydalarına hörmət münasibətinin formalaşmasına dəstək verməlidirlər. Eyni zamanda, tələblərin bütün şagirdlərə bərabər və ayrı-seçkilik olmadan tətbiqi vacibdir.
Unutmaq olmaz ki, vahid məktəbli geyiminin əhəmiyyəti yalnız zahiri oxşarlıq yaratmaqla məhdudlaşmır. Onun əsas məqsədi şagirdlər arasında bərabərlik hissini gücləndirmək, məktəbə mənsubluğu təşviq etmək və sağlam təhsil mühitinin formalaşmasına dəstək verməkdir. Vahid məktəbli geyimi bərabərlik və birlik yaradır”.




