Tarixdən danışırdı, sonra tarixin özünü yazdı - Vətən müharibəsi iştirakçısı
Bəzən insan tarixə yalnız kitablardan deyil, yaşadığı hadisələrdən, şahidi olduğu anlardan da bələd olur. Elə müəllimlər də var ki, illər boyu şagirdlərinə tarixi öyrədir, xalqımızın qəhrəmanlıq salnaməsindən, keçdiyi çətin və şərəfli yoldan danışırlar. Lakin bir gün gəlir, həmin təhsil işçiləri göstərdikləri igidlikləri, qəhrəmanlıqları ilə Azərbaycanın ən yeni tarixini yazanlardan birinə çevrilirlər. Salyan rayonunun Çadırlı kənd orta məktəbinin müəllimi Sərxan Şəfizadə də belə təhsil işçilərindən biridir.
30 ildən artıq işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinə qatılan Sərxan Şəfizadə Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində döyüş yolu keçib. Müharibədən əvvəl tarix müəllimi kimi fəaliyyət göstərən müsahibimiz bu gün sinif otağında şagirdlərinə yalnız dərsliklərdə əks olunan tarixi faktları deyil, həm də özünün iştirakçısı və şahidi olduğu hadisələri danışır. Bir vaxtlar şagirdlərinə qəhrəmanlıq tariximizi öyrədən müəllim 44 günlük Vətən müharibəsinin canlı şahididir.
“Azərbaycan müəllimi” qəzeti oxucularını 44 günlük Vətən müharibəsi iştirakçısı Sərxan Şəfizadə ilə yaxından tanış edir.
Tarix fənninə marağı hələ məktəb illərindən yaranıb
1996-cı ildə Salyan rayonunun Çadırlı kəndində anadan olan Sərxan Şəfizadə elə orta təhsilini də oradakı məktəbdə alıb.
Tarix fənninə marağı hələ məktəb illərindən yaranıb. Bu marağın formalaşmasında isə Sərxanın tarix müəlliminin xüsusi rolu olub və onun gələcək peşə seçiminə də təsir göstərib. Beləliklə, o, hələ məktəbli olarkən tarix müəllimi olmağı qarşısına məqsəd qoyub.
2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının “Tarix və coğrafiya müəllimliyi” ixtisasına qəbul olunub. 2015–2016-cı illərdə Naxçıvan Muxtar Respublikasında hərbi xidmət keçib. 2017-ci ildə MİQ imtahanında tarix fənni üzrə 53 bal toplayan gənc müəllim Hacıqabul rayonunda Sabir Gülmalıyev adına Udulu kənd tam orta məktəbinə tarix fənnindən dərs deməyə başlayıb.
Qələbə əzmi və ruh yüksəkliyi bir an belə sarsılmayıb
Gənc müəllim pedaqoji fəaliyyət göstərdiyi bir vaxtda ölkənin taleyində mühüm tarixi hadisələr baş verdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın milli birliyini, əzmini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. İşğal altında olan torpaqlarımızın azadlığı naminə xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək “Dəmir yumruq” kimi vahid amal və sarsılmaz iradə nümayiş etdirdi. Azərbaycan Ordusu doğma torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası uğrunda əks-hücum əməliyyatlarına başladı. Beləliklə, hər bir azərbaycanlının qəlbində illərdir yaşatdığı Vətən həsrətinə son qoymaq və tarixi ədaləti bərpa etmək uğrunda mübarizənin yeni mərhələsi başlandı. Və Sərxan müəllim də cəbhəyə yollandı.
Ailəsinin onu böyük qürur və xeyir-dua ilə cəbhəyə yola saldığını bildirən müəllim qeyd edir ki, valideynləri övladlarının torpaqlarımızın azadlığı uğrunda mübarizədə iştirak etməsini qürurverici hadisə hesab edirdilər. Onun müharibədən sağ-salamat qayıtması və göstərdiyi xidmətə görə medallarla təltif olunması isə ailəsinin sevincini daha da artırıb.
Sərxan Şəfizadənin döyüş yolu Füzuli istiqamətindən başlayıb. O, Horadiz istiqamətindən irəliləyən hərbi qüvvələrin tərkibində Lələtəpə yüksəkliyi istiqamətindən Cəbrayıl uğrunda gedən döyüşlərə qatılıb.
Onun sözlərinə görə, müharibənin ilk günləri xüsusilə ağır keçib. Sentyabrın 27-dən oktyabrın 4-dək Cəbrayıl istiqamətində şiddətli döyüşlər aparılıb. İlk saatlardan düşmənin bir neçə postunun ələ keçirilməsi və irəliləyişin əldə olunması döyüşlərin gedişində mühüm mərhələ olub. Bununla yanaşı, düşmən hərbçilərin təminat yollarını atəşə tutaraq onların ərzaq və silah-sursatla təchizatına mane olmağa çalışıb.
Bütün çətinliklərə və ağır döyüş şəraitinə baxmayaraq, döyüşçülərin qələbə əzmi və ruh yüksəkliyi bir an belə sarsılmayıb. Həmin günləri xatırlayan Sərxan Şəfizadə bildirir ki, 30 ildən artıq davam edən torpaq həsrəti, doğma yurdun azadlığına qovuşmaq arzusu onlara güc və əzm verirdi. Döyüş meydanında hər kəsi bir amal ətrafında birləşdirən, irəliyə səsləyən və mübarizə əzmini gücləndirən isə bircə çağırış idi: Qələbə!
Cəbrayıl istiqamətindəki döyüşlərdən sonra Sərxan Şəfizadənin döyüş yolu Xocavənd, Füzuli və Şuşa istiqamətlərində davam edib. O, bu ərazilərin azadlığı uğrunda aparılan əməliyyatlarda iştirak edərək müharibənin ən ağır və məsuliyyətli günlərini yaşayıb.
Döyüşlər zamanı təhlükə hər an mövcud olub. Düşmənin artilleriya və minaatan atəşləri, snayper təhlükəsi, eləcə də yaralı və şəhid silahdaşların döyüş meydanından təxliyəsi hərbçilər üçün ciddi sınaqlara çevrilib.
Müharibənin hər anının təhlükəli olduğunu vurğulayan müsahibimiz bildirir ki, döyüş zamanı heç kim növbəti saniyədə nə baş verəcəyini bilmirdi. Düşmənin fasiləsiz atəşləri, silahdaşlarının yaralanması, bəzilərinin şəhid olmaları, onların döyüş meydanından təxliyəsi zamanı yaranan risklər müharibənin acı reallıqları idi.
Sərxan Şəfizadə Vətən müharibəsində göstərdiyi xidmətlərə görə "Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Döyüş yolu ilə yazılan müəllimlik
Vətən müharibəsi başa çatdıqdan sonra Sərxan Şəfizadə yenidən müəllimlik fəaliyyətinə qayıdıb. Lakin bu dəfə onun Udulu kənd tam orta məktəbinə qayıdışı fərqli bir ab-hava ilə yadda qalıb. Döyüş yolunu başa vuraraq yenidən doğma məktəbinə qayıdan müəllimin gəlişi həm pedaqoji kollektiv, həm də şagirdlər üçün əlamətdar hadisəyə çevrilib. Müəllim həmkarları və şagirdləri onu böyük sevgi, hörmət və ehtiramla qarşılayıblar.
Sərxan Şəfizadənin sözlərinə görə, fəaliyyət göstərdiyi məktəbin pedaqoji kollektivi onun döyüş yolunu əks etdirən xüsusi xatirə stendi hazırlayıb. Döyüşlər zamanı çəkilmiş fotoşəkillərin və unudulmaz anları əks etdirən xatirələrin yer aldığı bu stend bu gün də məktəbin ən görkəmli yerlərindən birində qorunub saxlanılır.
Daha sonra doğulduğu Salyan rayonunun Çadırlı kənd orta məktəbində pedaqoji fəaliyyətini davam etdirən Sərxan müəllim üçün həmin stend keçmiş döyüş günlərinin unudulmaz xatirəsi olmaqla yanaşı, müəllim həmrəyliyinin, diqqət və ehtiramın da bariz nümunəsidir.
Müharibə illərində qazandığı təcrübə onun müəllimlik fəaliyyətinə də yeni məzmun və fərqli çalarlar gətirib. Sərxan müəllimin sözlərinə görə, şəxsi döyüş təcrübəsi və yaşadığı hadisələr şagirdlərin tarix fənninə, xüsusilə də Vətən müharibəsi mövzusuna marağının artmasına müsbət təsir göstərir. Hazırda V-XI siniflərdə tarix fənnini tədris edən Sərxan Şəfizadə hesab edir ki, müəllimin əsas vəzifələrindən biri gənc nəslə düzgün təlim-tərbiyə vermək, onlarda Vətən sevgisi və milli dəyərlərə bağlılıq formalaşdırmaqdır.
Xüsusilə Sərxan müəllimin “Zəfər tarixi” dərslərində 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini şagirdlərlə bölüşməsi mövzuların daha canlı və təsirli şəkildə mənimsənilməsinə imkan yaradır.
Onun müşahidələrinə görə, döyüş təcrübəsini şagirdlərlə bölüşməsi bəzilərində hərbi sahəyə marağı da artırıb. Hətta dərslərindən sonra gələcək fəaliyyətini hərb sahəsində qurmaq istəyən şagirdlər də olub.
Sərxan Şəfizadə bu gün öz müəllimlik fəaliyyəti ilə yanaşı, şəxsi həyat təcrübəsi vasitəsilə gənc nəslə Vətən sevgisini, tarixi yaddaşı və torpağa bağlılığı aşılayır. Onun üçün döyüş meydanında başladığı Vətənə xidmət missiyası bu gün sinif otağında, şagirdlərin qəlblərində və düşüncələrində davam edir.




