Vakant müəllim yerləri niyə əvvəlcədən açıqlanmır? – AÇIQLAMA

9 İyul, 2026 - 10:27
Vakant müəllim yerləri niyə əvvəlcədən açıqlanmır?

"Tədris ili başa çatmazdan əvvəl müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi həyata keçirilir. Müəllimlər müxtəlif səbəblərdən çalışdıqları məktəbi dəyişərək başqa təhsil müəssisəsinə keçirlər. Növbəti mərhələ isə təhsilverənlərin sertifikatlaşdırılması prosesidir. Bu da yekunda vakant yerlərin sayına təsir göstərən əsas amillərdən biridir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli Təhsil TV-də yayımlanan "Təhsil dialoqu" verilişində deyib.

Şöbə müdiri bildirib ki, sertifikatlaşdırma prosesi nəticəsində bəzi hallarda müəllimlərin hətta iki cəhddə də uğur qazana bilməməsi yeni vakant yerlərin yaranmasına səbəb olur: "Bunlar kifayət qədər dinamik və nəticələri əvvəlcədən tam proqnozlaşdırılması mümkün olmayan proseslərdir. Müəllimlər tərəfindən səsləndirilən fikirlərdən biri də vakant yerlərin guya gizlədilməsi ilə bağlıdır.

Məsələn, əgər biz hansısa vakant yerləri əvvəlcədən elan etsək, daha sonra bu proseslərin nəticəsində siyahıda dəyişiklik olsa, bu dəfə də sual yaranacaq ki, bu vakansiya var idi, niyə çıxarıldı və ya əvvəl yox idi, necə oldu ki, yarandı?"

N.İsmayılbəyli qeyd edib ki, müəllimlərin əməkhaqqı sistemi və kadr siyasətinin idarə olunması vahid baza üzərindən həyata keçirilir: "Bəzən müəllimlər vakant yerlərin gizlədildiyini iddia etsələr də, nəzərə almaq lazımdır ki, bütün sistem mərkəzləşdirilmiş qaydada idarə olunur.

Əvvəl də qeyd etdiyimiz kimi, əsas məqsədimiz məktəblərdə dayanıqlı kadr təminatını həyata keçirmək və ehtiyac olan bütün təhsil müəssisələrini pedaqoji kadrlarla təmin etməkdir. Bu baxımdan bizim vakant yerləri gizlətmək kimi hər hansı marağımız yoxdur".