Valideynlər bəzən sağlamlığı sadəcə xəstə olmamaq kimi qiymətləndirirlər

18 İyun, 2026 - 14:25
Valideynlər bəzən sağlamlığı sadəcə xəstə olmamaq kimi qiymətləndirirlər

“Valideynlər bəzən sağlamlığı sadəcə xəstə olmamaq kimi qiymətləndirirlər. Halbuki sağlam uşaq səhər enerjili oyanan, gün ərzində aktiv olan, öyrənməyə maraq göstərən, özünü xoşbəxt hiss edən və yaşıdları ilə rahat ünsiyyət qura bilən uşaqdır. Uşağın həm fiziki, həm də emosional rifahı eyni dərəcədə vacibdir”.

Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin Fizioterapiya şöbəsinin müdiri, həkim-fizioterapevt Təranə Mahmudova deyib. 

O, bildirib ki, müasir dövrdə ekran qarşısında keçirilən vaxtın artması da diqqət tələb edən məsələlərdəndir:

“Uşaqların açıq havada daha çox vaxt keçirməsi, hərəkətli oyunlarla məşğul olması və ailə ilə keyfiyyətli vaxt paylaşması onların sağlam inkişafına müsbət təsir göstərir. Ən önəmlisi isə odur ki, sağlam vərdişlər uşaqlıqdan formalaşır. Uşaq valideynini nümunə götürür. Ailədə sağlam qidalanma, hərəkətli həyat tərzi və müsbət ünsiyyət mühiti varsa, həmin vərdişlər təbii şəkildə uşağa da ötürülür. Bu gün atılan kiçik addımlar gələcəkdə piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri kimi bir çox sağlamlıq problemlərinin qarşısının alınmasına kömək edir. Ona görə də sağlam həyat tərzini bir məcburiyyət kimi deyil, uşaqlarımıza verə biləcəyimiz ən dəyərli sərmayə kimi görmək lazımdır”.