“Valideynlər övladlarının təhsilini və gələcəyini düşünməlidirlər” - Deputat
“Vahid məktəbli formasının tətbiqi şagirdlər arasında sosial bərabərliyin və həmrəyliyin gücləndirilməsinə, onların diqqətinin geyim fərqlərindən daha çox tədris prosesinə yönəlməsinə töhfə verir”.
Bu fikirləri “Azərbaycan müəllimi”nə Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir”
Onun sözlərinə görə, vahid məktəbli formasının tətbiqi dünyanın bir çox ölkəsində mövcud olan təcrübədir və təhsil mühitinə müsbət təsir göstərir:
“Dünyanın az qala bütün ölkələrində vahid məktəbli forması tətbiq olunur. Çünki bu, şagirdlər arasında sosial bərabərlik, düşüncə bərabərliyi və ümumi həmrəylik yaradır. Eyni zamanda şagirdlərin diqqətini bir-birinin geyim tərzinə deyil, daha çox dərslərinə yönəldir. Təcrübə göstərir ki, bu yanaşma təhsilin keyfiyyətinə də müsbət təsir göstərir”.
H.Babaoğlu qeyd edib ki, sosial bərabərlik, humanizm Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərləri sırasında mühüm yer tutur:
“Sosial bərabərlik Azərbaycan cəmiyyətində həmişə üstün tutulan keyfiyyətlərdən biri olub. Daha keyfiyyətli tədris mühiti yaratmaq, intellektual gənclik formalaşdırmaq üçün əlimizdən gələni etməliyik”.
“Hər bir valideynlə fərdi qaydada maarifləndirmə işi aparılmalıdır”
Deputat bildirib ki, bəzi valideynlərin məktəbli formasının tətbiqinə fərqli münasibət göstərməsi məsələnin mahiyyətindən uzaqlaşmasına səbəb olur.
Onun fikrincə, valideynlərin bu qaydalara etiraz etməsinin səbəbləri müxtəlif ola bilər və hər bir hal ayrıca araşdırılmalıdır:
“Təəssüf ki, bəzi valideynlər bu məsələni fərqli şəkildə qəbul edir və ona başqa məzmun verməyə çalışırlar. Belə olduqda artıq məsələnin mahiyyəti dəyişir, valideynin məktəbə münasibəti və ictimai dünyagörüşü mübahisə predmetinə çevrilir. Burada sual yaranır ki, valideyn nə üçün vahid məktəbli formasının öz övladına da şamil edilməsinə etiraz edir? Bəzi hallarda bu, valideynlərdə ictimai məsuliyyət hissinin zəif olması ilə bağlıdır. Bəzi hallarda onların dini şüurunun hələ gənclik illərindən manipulyasiya edilməsinin, digər hallarda isə kənar dəstək vasitəsilə bu cür düşünən insanların təşkilatlandırılmasının nəticəsi ola bilər”.
H.Babaoğlu hesab edir ki, bu səbəblər nəzərə alınmaqla valideynlərlə fərdi qaydada izahat və maarifləndirmə işi aparılmalıdır:
“Hər bir valideynin hansı məqsədlə etiraz etdiyini ayrıca müəyyənləşdirmək lazımdır. Elə valideynlər var ki, onlar həqiqətən də bu məsələni dini məsələ hesab edirlər və hər hansı kənar təsir altında deyillər. Onlara izah olunmalıdır ki, məktəbli formasının tətbiqinin dinlə əlaqəsi yoxdur. Digər tərəfdən, dini və sosial düşüncələri vaxtilə manipulyasiya edilmiş valideynlər də ola bilər. Bəziləri din adı altında qonşu ölkədən gələn radikal məzhəbçilik təsirlərini həqiqi islam kimi qəbul edirlər. Ona görə də maarifləndirmə işi hər bir valideynin mövqeyi və etirazının səbəbi nəzərə alınmaqla aparılmalıdır”.
Deputatın fikrincə, valideynlər məktəbdə müəyyən edilmiş qaydalara münasibətlərini formalaşdırarkən ilk növbədə övladlarının təhsilini və gələcəyini düşünməlidirlər:
“Hər bir valideyn övladı qarşısında məsuliyyət daşıyır. Valideyn həm övladına, həm də cəmiyyətə münasibətdə öz mövqeyinə tənqidi yanaşmağı bacarmalıdır. Hər hansı addım atmazdan və ya nəyəsə etiraz etməzdən əvvəl məsələnin mahiyyətini araşdırmalıdır. Özünə sual verməlidir ki, əgər vahid məktəbli forması dünyanın bir çox ölkəsində tətbiq olunursa və uşaqların daha yaxşı təhsil almasına xidmət edirsə, mən nə üçün buna etiraz edirəm? Hesab edirəm ki, valideynin bu sual üzərində düşünməsi onu düzgün nəticəyə gətirə bilər”.
“Məktəbli formasının dini mübahisəyə çevrilməsi onun mahiyyətindən uzaqlaşmaqdır”
H.Babaoğlu bildirib ki, məktəbli forması ilə bağlı qərarın dini müzakirə mövzusuna çevrilməsi təsadüfi deyil. Deputatın qənaətinə görə, müəyyən xarici mərkəzlər dini həssaslıqlardan istifadə etməklə Azərbaycan cəmiyyətində qarşıdurma yaratmağa çalışırlar:
“Çox qəribədir ki, biz vahid məktəbli forması haqqında qərar qəbul edirik və birdən-birə Azərbaycan cəmiyyətində din müzakirə olunmağa başlayır. Nə üçün belə olduğunu soruşsaq, məncə, cavab ondan ibarətdir ki, müəyyən qüvvələr Azərbaycanda xaos yaratmağa, insanların dini duyğularını ictimai qarşıdurma vasitəsinə çevirməyə çalışırlar. Hesab edirəm ki, bu cür fəaliyyət göstərən mərkəzlər arasında İran və bəzi digər ölkələr tərəfindən idarə olunanlar da var. Onların Azərbaycanın güclü olmasında maraqlı olmadığını düşünürəm”.
Deputat fikrini davam etdirərək bildirib ki, bu cür təsirlərin uşaqların dini dünyagörüşünün formalaşmasına da mənfi təsir göstərə biləcəyini düşünür:
“Əslində məktəbli uşaq hansı geyim formasından istifadə etməsinin nə ilə əlaqədar olduğunu tam dərk etmir. Uzun müddət bunun fərqində olmaya bilər. Əgər onun hələ formalaşmamış düşüncəsi din adı altında manipulyasiya edilirsə, gələcəkdə dini və islamı yanlış başa düşə bilər. Hətta yaşadığı dini həyat tərzinin əsl dini inanc deyil, başqa bir ölkənin ideoloji təsirinin nəticəsi olduğunu da fərqləndirməyə bilər. Buna görə uşaqların dini şüurunun kənar manipulyasiyalardan qorunması və düzgün maarifləndirilməsi vacibdir”.
H.Babaoğlu Azərbaycanın təhlükəsizliyi və dövlətçiliyi baxımından da məsələyə diqqətlə yanaşılmasını vacib hesab edib:
“Biz müharibə dövründə müxtəlif ölkələrin Azərbaycana münasibətini gördük. Mən hesab edirəm ki, həmin qüvvələr din adı altında da ölkəmizi zəiflətməyə çalışırlar. Onların uzaq məqsədi Azərbaycanın gücünü azaltmaq, ölkəmizi yenidən Ermənistan qarşısında zəif vəziyyətə salmaqdır. Buna görə hər bir şüurlu Azərbaycan vətəndaşı bu cür təsirlərin mahiyyətini dərk etməlidir”.
Deputat vurğulayıb ki, dini inancından asılı olmayaraq, hər bir vətəndaş övladının gələcəyini güclü Azərbaycan dövlətində, Konstitusiyanın təmin etdiyi hüquq və azadlıqlar çərçivəsində görməlidir:
“İstər mömin, istər qeyri-mömin, istər inanclı, istərsə də inancsız olsun, hər kəs övladının gələcəyini məktəbdə, Azərbaycan Respublikası Konstitusiyasının təminatı altında və güclü Azərbaycan dövlətinin vətəndaşı olmaqda görməlidir. Bizi gücləndirən Konstitusiyamızdır. Konstitusiyamıza görə, din dövlətdən ayrıdır, eyni zamanda hər kəsin din və etiqad azadlığı qorunur. Hesab edirəm ki, bu cür polemikalarla bizi yüz il əvvələ qaytarmağa çalışırlar. Halbuki böyük ziyalılarımızın apardığı maarifçilik fəaliyyəti nəticəsində bu məsələlər hələ yüz il əvvəl geniş müzakirə olunub”.
H.Babaoğlu eyni zamanda məktəbli formasının dini məsələ kimi təqdim olunmasına etiraz edən valideynlərə müraciət edib:
“Mən əks mövqedə olan hər bir valideynə yalnız bunu deyə bilərəm: özünüzə sual verin ki, nə üçün məktəbli forması dünyanın başqa yerlərində dinlə əlaqələndirilərək müzakirəyə çıxarılmır, amma Azərbaycanda bu məsələ dini mübahisəyə çevrilir? Hesab edirəm ki, bunun arxasında müəyyən məqsəd və niyyət dayanır. Bu niyyətin xoş niyyət olmadığını düşünürəm”, - deputat fikrini tamamlayıb.




