Valideynlərə çağırış: Uşaqlara şəxsi məlumatları paylaşmamağı öyrədin
“Uşaqların internet təhlükəsizliyi baxımından hər bir valideyn övladlarının internetdən istifadə müddətini düzgün tənzimləməli, onların yaş kateqoriyasına uyğun informasiya məhsullarından yararlanmasına nəzarət etməli və valideyn nəzarəti proqramlarından istifadə etməlidir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova müsahibəsində deyib.
O bildirib ki, uşaqların zərərli informasiyadan qorunması üçün valideynlər ilk növbədə övladlarının istifadə etdiyi informasiya məhsullarının yaş kateqoriyasına uyğunluğunu yoxlamalı, düzgün işarələnməmiş məzmun aşkar etdikdə isə Dövlət Komitəsinə və aidiyyəti qurumlara məlumat verməlidirlər: “Uşağın maraqlandığı rəqəmsal oyunlar, filmlər, videolar, musiqilər, kitablar və mədəni-kütləvi tədbirlər haqqında valideynlər əvvəlcədən məlumat toplamalıdırlar. İnternet şəbəkəsində filtr proqramları tətbiq olunmalı, uşaqların istifadə etdiyi kompüter, planşet, smartfon, televizor və digər rəqəmsal avadanlıqlara valideyn nəzarəti tətbiq edilməli və gün ərzində ekran vaxtı uşağın yaşına uyğun tənzimlənməlidir. 6 yaşdan etibarən gündə 1 saat, 9 yaşdan etibarən 1 saat 30 dəqiqə, 12 yaşdan etibarən gündə 2 saat istifadə məqbuldur”.
O qeyd edib ki, azyaşlıların internetdə zərərli informasiyanın ən təhlükəli formaları ilə qarşılaşdığı nəzərə alınaraq, 12 yaşa qədər uşaqların “Instagram”, “TikTok”, “Snapchat”, “Facebook” kimi sosial şəbəkələrdən istifadəsi valideyn tərəfindən məhdudlaşdırılmalıdır: “Uşaqlara sosial şəbəkələrdə tanımadıqları şəxslərlə ünsiyyət qurmaq, şəxsi məlumatlarını – ad, soyad, şəkil, ünvan, telefon nömrəsi, şifrə və digər məlumatları paylaşmaq qəti şəkildə olmaz deyə öyrədilməlidir”.



