“Valideynlərimin inamı məni daha da həvəsləndirir” – RFO-nun finalçıları danışırlar
Respublika Fənn Olimpiadasının yarımfinal nəticələrinə əsasən, Şərqi Zəngəzur üzrə 23 nəfər şagird finala yüksəlib.
Onlardan 5-i Biləsuvarda yerləşən Cəbrayıl rayon 10 nömrəli, 1 nəfəri isə işğaldan azad olunmuş Cəbrayılda fəaliyyətə başlayan Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin şagirdidir.
Finalda iştirak hüququ qazanan şagirdlər olimpiada ilə bağlı təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşüb.
Səməngül Bəyişli Cəbrayıl rayon 10 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinfində oxuyur. RFO-da tarix fənni üzrə iştirak edib.
"1-ci və 2-ci turu uğurla dəf edərək finala vəsiqə aldım. Doğrudan da bu sevindirici və qürurvericidir. Bu qədər şagird arasında seçilmək özü bir uğurdur. Çox ciddi səylə hazılaşdım və uğura nail oldum. Fənni tədris edən Xuraman müəllimin mənə öyrətdikləri və verdiyi ruh yüksəkliyi sonda uğur qazanmağa kömək etdi.
Ümid edirəm ki, final mərhələsini uğurla başa çatdırıb medala layiq görülərəm. Dəstəklərini hər an hiss etdiyim valideynlərimə, müəllimlərimə təşəkkürüm sonsuzdur”.
Sənay Əzizli də eyni məktəbin 10-cu sinfində təhsil alır. O da yarışa tarix fənni üzrə qoşulub və finala yüksəlib.
"Olimpiadada bir o qədər şagird arasından seçilib finala yüksəlmək özü bir qalibiyyətdir. Hazırlıq mərhələsinə çox ciddi və böyük əzmlə çalışırdım. Fənn müəllimimin tövsiyələrini diqqətlə dinləyir və böyük həvəslə həyata keçirdim. Təbii ki, həyatda uğur qazanmaq üçün hər bir çətinliyə sinə gəlmək və gərgin mübarizə aparmaq lazımdır.
Bundan əvvəl - 2024-2025-ci tədris ilində keçirilən RFO-da tarixdən qızıl medala layiq görülmüşəm. Gələcəkdə isə özümü qanunlarımızın keşiyində duran vəkil olaraq görmək istəyirəm"
Aytac Məmmədova 10 nömrəli tam orta ümumtəhsil məktəbin 11-ci sinifində oxuyur. Respublika fənn olimpiadalarında kimya üzrə yarışa qatılıb.
"7-ci sinifdən fənn müsabiqələrində iştirak edirəm. Yalnız bu il final mərhələsinə vəsiqə qazandım. Bu uğurumda fənn müəllimim İsib İbrahimovun, valideynlərimin və məktəb rəhbərliyinin rolu böyükdür. Onlar heç bir zaman dəstəklərini əskik etməyiblər. Doğrusu, həm qəbul imtahanına, həm olimpiada imtahanlarına hazırlaşmaq çətin olur. Lakin düşünürəm ki, buna dəyər”.
Növbəti şagird məktəbin 8-ci sinif şagirdi Ramal Həmzəyevdir. O da yarışa tarix üzrə qatılıb və müəlliminin ona böyük dəstək göstərdiyini deyir.
"Müəllim məni böyük həvəslə iyun ayından tarix olimpiadasına hazırlaşdırır. Çox çalışırdım, bəzən də çox yorulurdum. Ümid edirəm ki, final mərhələsində uğurlu nəticə əldə edəcəyəm"
Toğrul Rəsulzadə də məktəbin 9-cu sinif şagirdidir. Olimpiadaya tarix üzrə qatılan Toğrul finalçılardan biridir.
"Hazırlıq mərhələsində digər uşaqlara nisbətən daha çox yorulurdum, çünki həm buraxılış fənlərinə həm də olimpiadaya hazırlaşırdım. Tarix müəllimim, eləcə də valideynlərimin əziyyəti və mənə olan inamı ilə daha da həvəsləndim. Final mərhələsində uğurlu nəticə ilə medal qazanmaq hədəfimdir.
RFO-nun finalçılardan biri də Yusif İsmayılzadədir. Yusif işğaldan azad olunmuş Cəbrayılda fəaliyyətə başlayan Mehdi Mehdizadə adına orta ümumtəhsil məktəbinin 8-ci sinfində təhsil alır.
"Məktəbdə qazandığım bilik, müəllimlərin göstərdiyi diqqət və dəstək tarix fənninə olan marağımı daha da artırdı. Bu maraq məndə olimpiadada iştirak etmək və öz biliklərimi sınamaq istəyi yaratdı, iştirak etdim, finala yüksəldim.
İnanıram ki, insan əzmlə və səylə çalışdıqca uğurlar da artır. İndi isə ən böyük məqsədim final mərhələsində medal qazanmaq, məktəbimi layiqincə təmsil etmək və müəllimlərimin etimadını doğrultmaqdır".



