“Vətən gördüyün qədər böyükdür” - Xudu Məmmədov

14 Dekabr, 2025 - 12:52
“Vətən gördüyün qədər böyükdür”

Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.

Bu bayatı Azərbaycanın böyük elm adamı, ictimai-siyasi xadim, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü Xudu Məmmədova məxsusdur. Artıq Xudu müəllimin ruhu şaddır. Bu qala 30 illik ayrılıqdan sonra yenə də bizimdir. Ağdam da, Qarabağımızın digər dilbər guşələri də bizimdir. Və həmişəlik bizim olacaq. 

Bu gün isə vətənpərvər insan, gözəl alim, neçə-neçə azərbaycanlı gəncə elmin zirvəsinə gedən yolu göstərmiş Xudu Məmmədovun anadan olduğu gündür. Bu gün əsl alim, əsl vətənpərvər insan, əsl müəllim haqqında söz açmaq, xatirəsindən bəhs etmək üçün ən yaddaqalan tarixlərdən biridir. Vətən sevdalısı Xudu Məmmədovun hikmət, bilik dəryasından ilham alanlar, onun tükənməz mirasından bəhrələnənlər üçün də önəmli gündür.

“Canlı və cansız təbiəti vəhdətləşdirən böyük alim”

Görkəmli kristalloqraf, təbii quruluş formaları ilə naxışlar arasında, elmi və bədii yaradıcılıq arasındakı əlaqələrin böyük tədqiqatçısı Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olub, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub və müəllimi professor Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alıb.

Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olub. Namizədlik dissertasiyasının ilkin mövzusu “Borosilikat-aksinit mineralının quruluşunun təyini” olub. 

1955-ci ildə SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında “Kristalloqrafiya və kristallofizika” ixtisası üzrə “Ksonolit və vollastonit minerallarının kristal quruluşu” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib.

O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb. Əsas elmi işləri kristallokimya elminə həsr olunub.  

Xudu Məmmədov bir neçə dəfə Londonda məşhur ingilis alimi Con Bernalın qonağı olub, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışıb.

1969-cu ildə Xudu Məmmədov doktorluq dissertasiyasını müdafiə edib, 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb. 

1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib. Xudu Məmmədov bir neçə illik tədqiqatların yekunu olaraq, 1960-cı ildə “Kalsium-silikatları və hidrosilikatları və hidrosilikatların kristallokimyası” monoqrafiyasını yazır.

Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri olub. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilib. Xudu Məmmədov “Şərəf nişanı” (1967), “Qırmızı Əmək Bayrağı” (1986) ordenləri, Azərbaycan SSR Ali Sovetinin “Fəxri fərmanı” və bir sıra medallarla təltif olunub.

Professor, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü Xudu Məmmədov 1988-ci ilin 15 oktyabrında vəfat edib.

Əsl müəllim

Xudu Məmmədov elmi fəaliyyəti ilə yanaşı, gənc alim və tədqiqatçıların yetişməsində mühüm rol oynaib. O, universitet və elmi tədqiqat institutlarında uzun illər dərs demiş, tələbələrə kristalloqrafiya və mineralogiyanın əsaslarını öyrədib. X. Məmmədovun mühazirələri yüksək elmi səviyyəsi və maraqlı izah tərzi ilə seçilib. Tələbələri arasında hər zaman şəxsiyyəti və və ədalətli münasibəti ilə seçilən alim, onların elmi püxtələşməsinə, alim kimi formalaşmasına xüsusi diqqət ayırıb. Tələbələri ilə hətta xarici ölkələrdə olarkən belə tez-tez əlaqə saxlayan, hər birinə diqqət və qayşısını əsirgəməyən alim yetirmələrini elmin yeni zirvələrinə yüksəlmələri üçün daim çalışıb. Onun yetirmələri bu gün Azərbaycanın və dünyanın müxtəlif elmi müəssisələrində, tədqiqat mərkəzlərində uğurla fəaliyyət göstərirlər.

Xudu Məmmədov öz nümunəsində əsl müəllimin kimliyini çox dəqiq ifadə edib: “Ali məktəb illəri həm yaş, həm də dünyagörüşünün həcminə görə şəxsiyyətin və gerçəkləşdirilə bilən arzuların formalaşması illəridir. Ali məktəb təkcə bilik verən yer deyil, həm də şəxsiyyətə forma verən yerdir. Bir sözlə, burada hər şey dərs, hamı müəllim olmalıdır. Müəllimin ustalığı beyinlərə fikir yazmaqdan başqa, bir də hansı beyinə hansı fikri yazmaq olar - bilməkdir”.

Tələbələrinin yaddaşında əsl alim, əsl müəllim kimi qalan Xudu Məmmədov müəllimliyin əsl məramını, əsl müəllimin missiyasını belə qiymətləndirirdi: 

“Müəllim yalnız dərs deyən, sadəcə olaraq bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan şəxsiyyət, adi tərbiyəçi deyil. O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə olan, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan canlı bir varlıqdır. O, adi gəncdən tutmuş bütün dünyanın müəllimidir”.

Xudu müəllim tələbələrinə təkcə elm yox, həm də həyat dərsi keçirdi: “Em öyrǝnib sonra elmlǝ mǝşğul olmaq, hǝyatı öyrǝnib sonra yaşamağa bǝnzǝyir”.

Müəllimin ustalığı

Xudu Məmmədov 1951-ci ildə müəllimi, AMEA-nın müxbir üzvü Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alıb. O, məhz Heydər Əfəndiyevin müəllimlik və alimlik təcrübəsindən özü üçün çox dəyərli örnək götürüb və müəlliminin elmini və pedaqoji fəzilətini yaşadıb. X. Məmmədov müəlliminə həsr etdiyi “Müəllim və müəllimlik” kitabında yazırdı: "Elə gərəksiz mühazirələrimiz olub ki, başlanğıcdan sonuna qədər auditoriyada baş vermiş hər şey xırdalıqlarına qədər yadımdadır. Elə bilirəm ki, yaddaşın bu qəribəliklərinə çoxları rast gəlib. Niyə belədir? Yəqin ki, kitablarda bu qəribəliklərə cavaba oxşar şeylər var. 

Ancaq mən öz-özlüyümdə belə bir qanunauyğunluq duymuşam: mahiyyət, məzmun beyinə çatdıqda çatdırma yollarından beyində iz qalmır. Beyinə çatmış belə mahiyyəti beyin istədiyi formaya salaraq xatirə gətirə bilir, başqa sözlə, beyin onu işlədə bilir. Daşıyıcısından ayrıla bilməyən mahiyyətə gəlincə isə mahiyyəti anlaşılmayan şeylər kimi mexaniki təkrardan başqa cür işlədilə bilməz. Belə ki, mahiyyət çatdırıla bilmədikdə uğursuz çatdırmaq cəhəti yaxşı yadda qalır. Hələ çox yaxşı arzu ilə atılmışsa da, bu addım oxucuda yaddaqalan gülüş də doğurur. (Belə bir vəziyyəti mənim bu yazımın yarada bilməsini gözləməmiş deyiləm). Heydər müəllim bizə çatdırmaq istədiyi mahiyyət üçün elə forma, elə daşıyıcı secirdi ki, diqqətimiz mahiyyəti almağa, ona yer tapmağa, ona öz obrazımızı verməyə çalışırdıq və yeni aydınlıqdan duyduğumuz daxili sevinca yönəlir, bütün bunların necə baş verdiyini düşünməyə vaxtımız qalmırdı. O, elə bil bizə körpəlikdə bildiyimiz, ancaq sonralar unutduğumuz sevincləri xatırladırdı. Burada istər-istəməz gözbağlayıcı ustalığı yada düşür: sizdən xəbərsiz cibinizə bir sey qoyur, sonra da sizdən tapır. Bu qayda ilə bizə verdiyi fikri bizim dilimizdən eşitdikdə onun sevincinin sərhədi olmazdı. Sözsüz, biz də sevinirdik. Doğrudan da, hesab edirdik ki, fikir bizim özümüzünküdür. Beynimizdə olmasaydı, müəllim onu bizə necə xatırlada bilərdi? Dünya olacaqları göstərir ki, istənilən beyinə istənilən fikri yazıb oxumaq həmişə mümkün olan iş deyil. 

Görünür, müəllimin ustalığı beyinlərə fikir yazmaqdan başqa, bir də hansı beyinə hansı fikri yazmaq olar - bilməkdir". 

Böyük alim, müəllim, şəxsiyyət Xudu Məmmədovdan 10 qızıl öyüd:

• Başa düşülmək üçün başa düşməyə çalış.

• Bir şeyi və hər şeyi bilən heç bir şey bilmir.

• Biz yalnız iç düşüncələrimizin formasını görə bilirik.

• Bütün yeniliklər fantastik xəyallar arxasınca gedilərkən tapılıb.

• Danışa bilməmək hələ bədbəxtlik deyil, danışa bilməməkdir. Bədbəxtlik sarsaq danışıb, özünü danışan hesab etməkdir.

• Dərdi olmaq qorxulu deyil, ağlaya bilməmək qorxuludur.

• Dünya başıma dolanmasın deyə, özüm dünyanı dolanmağa başladım.

• Pislər pisləri pisləşdirdiyi qədər yaxşılar yaxşıları yaxşılaşdırmırlar.

• Sən dünyaya lazım olmayanda dünya da sənə gərək olmur.

• Üzünü gəncliyə tut, səsin gələcəyə çatsın.

“Elmin Vətəni yox, alimin Vətəni olmalıdır” deyən Xudu Məmmədov uşaqların, gənclərin bu ruhda böyüməsini istəyirdi: “Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər” deyirdi.

Görkəmli alimin elmimizdə açdığı yol “Xudu məktəbi” adlandırılıb. Xudu Məmmədov ilk dəfə “Bakı kristalloqrafiya məktəbi” yaradıb, onun rəhbərliyi ilə 40-dan çox yüksək səviyyəli alim hazırlanıb, onlardan 30-u namizədlik, 10-u isə doktorluq dissertasiyası müdafiə edib. 

Allah rəhmət eləsin!