Vətənin, sözün, dilin şairi
Xalqımızın tarixi keçmişində elə şəxsiyyətlər var ki, onların həyatı birbaşa xalqın həyatı ilə bağlı olmuş, məqsəd, amal olaraq sadəcə xalqın inkişafına köklənmişlər. Belə şəxsiyyətlərdən biri də Azərbaycan xalqının mütərəqqi ziyalılarından olan Bəxtiyar Vahabzadədir. O, Xalq şairi, müəllim - pedaqoq, dramaturq, ədəbiyyatşünas, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü kimi tanınıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 fevral 2025-ci il tarixində “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd olunub: “Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii, ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır”.
Bəxtiyar Vahabzadə yaradıcılığına nəzər yetirsək, onun fəaliyyətinin böyük bir hissəsinin ana dilinin saflığı uğrunda mübarizəyə həsr olunduğunu aydın görə bilərik. Onun Azərbaycan dili mövzusuna yanaşması yalnız bədii deyil, həm də maarifçilik və vətənpərvərlik baxımından son dərəcə əhəmiyyətlidir. Xalq şairi yaradıcılığının bütün dövrlərində doğma dilimizi yad təsirlərdən qorumağın vacibliyini önə çəkib, bu istiqamətdə maarifçi ideyaları ilə ön sıralarda olub. Onun “Ana dili”, “Millət və dil”, “Latın dili” kimi şeirlərində ana dilinə qarşı biganəliyin, unutqanlığın cəmiyyətin inkişafı üçün hansı mənfi nəticələri doğura biləcəyindən bəhs olunur. Bu mövzuya bu dərəcədə həssas yanaşması da əbəs yerə deyildi. Tarixi keçmişimizi vərəqlədikdə dilimizin uzun illər sıxışdırıldığını, yad təsirlərə məruz qaldığını və milli kimliyimizdən uzaqlaşdırılmaq üçün müxtəlif yollara əl atıldığını aydın görə bilərik. Məhz bu səbəblər idi ki, Bəxtiyar Vahabzadə və onun kimi neçə-neçə ziyalı xadimlərimiz dilimizin qorunması uğrunda mübarizə aparmış və bu mövzuya əsərlərində geniş yer vermişlər. Şairin “Ana dili” şeiri dilimizin gözəlliyinin, qrammatik və poetik imkanlarının genişliyinin diqqətə çatdırılması, dil ənənələrinin qorunub saxlanılması baxımından şah əsərlərindən biridir:
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi.
Qiymətli xəzinədir... onu gözlərimiz tək,
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Bu sətirlərdə şair ana dilini təkcə ünsiyyət vasitəsi kimi yox, həm də milli kimliyin simvolu kimi təqdim edir. “Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır” deməklə dilin insan varlığı ilə vəhdətini göstərir, dilə yüksək emosional dəyəri ifadə edir.
Bəxtiyar Vahabzadənin doğma dilini sevməyənlərə, bu dilə hörmət etməyənlərə qarşı kəskin mövqeyi onun həm şeirlərində, həm də publisistik yazılarında öz əksini tapıb. Xalq şairi mütəmadi olaraq mətbuatda da “Ana dilim-ana köküm!”, “Tarix, dil, ənənə”, “Ana dili”, “Dil haqqında sorğu”, “Bir daha ana dili haqqında”, “Dil və əlifba”, “Dilimiz-ədəbiyyatımız”, “Dildə təbiilik və gözəllik”, “Ana dili - dövlət dili” kimi məqalələrlə çıxış edib, yüksək tribunalardan dilimizin inkişafı barədə düşüncələrini bölüşüb. O, məqalələrinin birində ana dilinin təbliğatının aparılmasının önəmini qeyd edərək yazır: “...Dil yalnız ondan istifadə edəndə, həmin dildə danışanda yaşayır və inkişaf edir. Ziyalısı ana dilində danışmayan xalqın nəinki dili, özü də ölümə məhkumdur”.
Bəxtiyar Vahabzadə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak edib. Onun yaradıcılığının əsas hissəsi ana dili ilə yanaşı, həm də Vətən, milli birlik, müstəqilliklə bağlı olub. Yaradıcılığının böyük bir hissəsi sovet ideologiyası zamanına düşsə də, bir vətən oğlu kimi milli kimliyindən ayrı düşməmiş, soydaşlarını da bu yola səsləmiş və köksü Vətən və azadlıq sevdası ilə alovlanan şairə dövr, zaman hökm edə bilməyib.
Sənətkarın bədii təsvir obyektlərindən biri də Cənubi Azərbaycan, bütöv Vətən ideyası, idealı olub. Şair bu mövzunu 1950-ci illərdən başlayıb və yaradıcılığının bütün mərhələlərində davam etdirib. Bəxtiyar Vahabzadə Azərbaycan və azərbaycançılıq mövzusunu yaradıcılığının əsas qayəsinə çevirmiş, bu mövzunu tam mənası ilə geniş çərçivədə təqdim etmişdir. Şairin “Azərbaycan” şeirində deyilir:
Azərbaycan, adın oddur, özün - işıq, sözün - işıq,
Biz də sənin bu müqəddəs torpağından boy atmışıq.
Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,
Yolumuza işıq saçsın ulduzumuz, hilalımız.
Bəxtiyar Vahabzadə Azərbaycanın dövlət müstəqilliyi, istiqlalı yolunda çox çalışıb. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev ilk “İstiqlal” ordenini ona və Xəlil Rza ilə Məmməd Araza verib. Əllinci illərin sonları - Sovet imperiyasının hələ heç sarsılmadığı, daha da güc topladığı o illərdə Bəxtiyar Vahabzadə “Gülüstan” poemasını yazdı. Bizə elə bu fakt kifayətdir deyək ki, o taylı-bu taylı yatmış millətin içində ayıq insanlar da vardı, biri də Bəxtiyar Vahabzadə idi. Bəxtiyar Vahabzadə poeziyamızda milli birliyin, vahid azərbaycançılığın əsas təbliğçisi və tərənnümçüsü idi.
Müstəqilliyin əsas rəmzlərindən biri də bayraqdır. Milli ideyalardan heç vaxt uzaqlaşmayan şair, təbii ki, bu mövzudan da yan keçməmişdir.
Daim ucalasan! Savaş günündə,
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə,
Səni alqış üçün əyilən görüm.
Bu misralarla bayrağa müraciət edərək həm onun daim ucalmasını, dalğalanmasını arzulamış, həm də bu bayraq, bu torpaq uğrunda canından keçmiş qəhrəmanlarımızı - şəhidləri xatırlayıb. Xalq şairi Bəxtiyar Vahabzadənin 1990-cı ilin qanlı yanvar hadisələrinə həsr etdiyi “Şəhidlər” poeması Azərbaycan milli azadlıq ədəbiyyatının kamil nümunəsidir. Poemada 20 Yanvar şəhidlərinin azadlıq mücadiləsi günlərində göstərdiyi misilsiz qəhrəmanlıq tərənnüm edilmiş, qatillərə ümumxalq nifrəti öz əksini tapmışdır:
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi şəhidlər.
Misralarda şair şəhidlərin vətən, bayraq uğrunda canından keçməsini bədii məharətlə əks etdirib.
B.Vahabzadənin zəngin yaradıcılığı təkcə poeziyada özünü göstərməmiş, eləcə də dramaturgiya sahəsində də təzahür etmişdir. Onun tariximizin bir çox hadisələrini canlandıran dram əsərlərinin gənc nəslin tərbiyəsində böyük rolu olub. Müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı, yüksək, pak və ülvi hisslərin tərənnümü Vahabzadə dramaturgiyasında böyük təcəssümünü tapıb. Onun pyesləri Azərbaycan və eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə geniş şöhrət gətirib. B.Vahabzadə həm də alim kimi Azərbaycan elmi qarşısında xidmətlər göstərib. Şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərlərini elmi ictimaiyyət həmişə dərin maraqla qarşılayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə B.Vahabzadə yaradıcılığının mühüm istiqamətlərindən birini təşkil edib. Əbəs yerə deyilmir ki, Bəxtiyar Vahabzadə xalqın, sözün, dilin şairidir.
Lamiyə SADİQOVA,
Bakı şəhəri E.Misirxanov adına 71 nömrəli tam orta ümumi təhsil məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi



