Vəzifəsini yerinə yetirən təhsil işçisinə təzyiq göstərilməməlidir - Birlik sədri
“Hər birimiz dövlətin təhsil müəssisələrində geyim tələbləri ilə bağlı verdiyi qərara hörmətlə yanaşmalıyıq. Müəllim sadəcə öz vəzifəsini yerinə yetirir və onun buna görə təhqir olunması, təzyiqlə üzləşməsi düzgün deyil. Belə hallarda müəllimə dəstək olunmalı, problemlər qarşılıqlı hörmətlə həll edilməlidir. Müəllimə hörmət uşaqların gözündə müəllimin nüfuzunu qorumaq deməkdir”.
Bu fikirləri “Azərbaycan müəllimi”nə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) İnternat Məktəb Müəllimlər Birliyinin sədri Zərif Şirəliyeva bildirib.
Onun sözlərinə görə, vahid məktəbli formasının tətbiqi şagirdlər arasında bərabərliyin təmin olunmasına və məktəbdə nizam-intizamın qorunmasına xidmət edir:
“Vahid məktəbli forması məktəbdə bərabərliyin və nizam-intizamın qorunmasına xidmət edir. Məktəb müxtəlif sosial imkanlara və dünyagörüşlərinə malik uşaqların təhsil aldığı mühitdir. Burada əsas məqsəd şagirdləri geyimlərinə görə fərqləndirmək deyil, hamı üçün bərabər şərait yaratmaqdır. Əsas olan isə qaydaların bütün şagirdlərə eyni və ədalətli şəkildə tətbiq edilməsidir”.
Z.Şirəliyeva qeyd edib ki, məktəbli forması ilə bağlı müəyyən edilmiş tələblərin yalnız hicab məsələsi ilə əlaqələndirilməsi düzgün yanaşma deyil. Onun fikrincə, məktəbdə ümumi qaydaların tətbiqi ilə dini inanclara hörmət bir-birinə qarşı qoyulmamalıdır:
“Məncə, məktəbli forması məsələsini yalnız hicabla əlaqələndirmək mövzunun mahiyyətini yanlış təqdim edir. Söhbət dini etiqaddan deyil, məktəb qaydalarından, qanunvericilikdən və hamıya bərabər yanaşmadan gedir. Dini inanclara hörmət edirəm, lakin bu məsələyə fərqli yanaşmaq dini etiqada qarşı çıxmaq demək deyil. Mənim məqsədim kiminsə inancını mübahisə mövzusuna çevirmək yox, məktəb qaydalarının mahiyyətini izah etməkdir. İnsanların niyyətinə hökm verməkdənsə, fikirlərini məzmununa görə qiymətləndirmək daha doğrudur”.
Birlik sədri məktəbli forması ilə bağlı qaydaların uşaqlara izah edilməsində valideynlərlə təhsil müəssisələri arasında əməkdaşlığın vacibliyini də vurğulayıb:
“Ailə və məktəb bu məsələdə bir-birini tamamlamalıdır. Qaydalar uşaqlara təzyiq və mübahisə yolu ilə deyil, izah və qarşılıqlı hörmət əsasında çatdırılmalıdır. Böyüklərin fikir ayrılıqları uşaqların psixoloji vəziyyətinə və məktəbə münasibətinə mənfi təsir göstərməməlidir. Unutmamalıyıq ki, məqsədimiz uşaqları mübahisələrin tərəfinə çevirmək deyil, onların sağlam təhsil mühitində böyüməsini təmin etməkdir”.




