Videooyunlar zərərli, yoxsa faydalıdır? – Tədqiqatın diqqətçəkən nəticəsi

2 Aprel, 2026 - 10:46
Videooyunlar zərərli, yoxsa faydalıdır?

Yeni tədqiqat göstərir ki, videooyunlara daha çox vaxt ayıran uşaqlar orta göstəricidən 2,5 bal yüksək əlavə IQ artımı nümayiş etdirirlər.

“Azərbaycan müəllimi” xəbər verir ki, “Scientific Reports” jurnalında dərc olunan yeni araşdırma "videooyunlar uşaqlar üçün zərərlidir" qənaətini yoxlamaq üçün sorğu keçirib. ABŞ-də yeniyetmələrin beyin və idrak inkişafını öyrənən genişmiqyaslı uzunmüddətli layihə — Yeniyetmə Beyin İdrak İnkişafı Tədqiqatı (ABCD Study) çərçivəsində aparılıb. Araşdırma 9–10 yaşlı 9 855 uşağın ekran vaxtı məlumatlarını təhlil edib.

İki il sonra alimlərin eyni uşaqlardan 5.000-dən çoxunu yenidən araşdırdığı mərhələdə nəticələr diqqətçəkici olub: videooyunlara daha çox vaxt ayıran uşaqlar həmyaşlarına nisbətən orta artımdan əlavə olaraq 2,5 ballıq IQ yüksəlişi nümayiş etdiriblər. Bu artım oxu anlayışı, yaddaş, çevik düşüncə və özünənəzarət kimi idrak göstəriciləri əsasında müəyyən edilib. Tədqiqat uşaqların genetik xüsusiyyətlərini və sosial-iqtisadi vəziyyətini də nəzərə alıb.

Maraqlıdır ki, televiziya izləmək və sosial mediadan istifadə etmək intellekt səviyyəsinə nə müsbət, nə də mənfi təsir göstərib. Məlumata görə, uşaqlar gündə ortalama 2,5 saat televiziya və onlayn video izləyirlər.

Tədqiqatın müəllifləri videooyunların aktiv düşüncəni, diqqəti, yaddaşı və problem həll etmə bacarıqlarını stimullaşdırdığını vurğulayırlar. Mütəxəssislər eyni zamanda balanslaşdırılmış yanaşmanın vacibliyini xatırladırlar: bu nəticələr həddindən artıq oyun oynamağı təşviq etmir. Əsas məsələ ekran vaxtının miqdarı deyil, onun məzmunu və məqsədidir.

Nərmin Məmmədzadə