Vüsal Qasımlı: Təhsil infrastrukturunun qurulması əsas istiqamətlərdən biri kimi prioritetləşdirilib
“Azad edilmiş ərazilərdə formalaşdırılan sosial infrastruktur və xidmətlər Böyük Qayıdış prosesinin insan mərkəzli inkişaf modeli kimi qurulmasında həlledici rol oynayır. Bu yanaşmanın əsas məqsədi əhalinin geri qayıdışını yalnız fiziki məskunlaşma ilə məhdudlaşdırmamaq, eyni zamanda təhsil, səhiyyə və sosial rifah vasitəsilə dayanıqlı həyat mühitini formalaşdırmaqdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, təhsil və səhiyyə infrastrukturunun qurulması insan kapitalının inkişafını və sosial rifahın yüksəldilməsini təmin edən əsas institusional istiqamətlərdən biri kimi prioritetləşdirilib və ardıcıl şəkildə icra olunur: “Hazırda işğaldan azad edilmiş ərazilərdə 19 ümumi təhsil müəssisəsi və 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Xüsusilə bölgədə ilk ali təhsil müəssisəsi olan Qarabağ Universitetinin fəaliyyəti yerli elmi-təhsil ekosisteminin formalaşdırılmasına, region daxilində ixtisaslı insan kapitalının yetişdirilməsinə və gənclərin bölgənin sosial-iqtisadi həyatına aktiv inteqrasiyasına əlverişli zəmin yaradır.
Eyni zamanda əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə Dövlət Proqramı çərçivəsində 1 rayon mərkəzi xəstəxanası, 6 ailə sağlamlıq mərkəzi, 7 tibb məntəqəsi, 3 modul tipli xəstəxana və 1 poliklinika olmaqla ümumilikdə, 18 səhiyyə obyektinin fəaliyyəti təmin edilib. Bu istiqamətdə həyata keçirilən sosial infrastruktur layihələri Böyük Qayıdışın insan kapitalına əsaslanan, uzunmüddətli və inklüziv inkişaf modelini praktik müstəvidə möhkəmləndirir”.


