Vüsalə Qurbanova: Əsas məqsəd nəzəri bilikləri praktiki bacarıqlara çevirməkdir

16 Fevral, 2026 - 11:23
Vüsalə Qurbanova: Əsas məqsəd nəzəri bilikləri praktiki bacarıqlara çevirməkdir

““IT SkillsSprint” layihəsini hazırda dünyanın qlobal top IT bootcamp təminatçılarından biri olan “Ironhack” ilə birlikdə həyata keçiririk. Proqramın əsas məqsədi tələbələrin bilik və bacarıqlarının praktiki cəhətdən möhkəmləndirilməsi, onlara real layihələrin təqdim edilməsi, həmin real layihələr çərçivəsində iş zamanı bu layihələrin icrası və beləliklə, öyrənmək, yəni nəzəri biliklərin tətbiq edilməsidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Səriştələrin İnkişafı Departamentinin müdiri Vüsalə Qurbanova “IT SkillSprint” təhsil proqramının açılış mərasimi zamanı jurnalistlərə söyləyib.

Onun sözlərinə görə, dünyada ali təhsil müəssisələri tələbələri nəzəri biliklərlə təmin edir. Həmin bilikləri praktiki cəhətdən möhkəmləndirmək üçün dünyada bir neçə həll və model var, onlardan biri sənayenin ali təhsil müəssisələrinə gətirilməsidir: “Bu məqsədlə biz “IT SkillsSprint” layihəsini icra edirik. Bu layihə ilə yanaşı, digər layihələrimiz də var. Layihəyə 9 universitetdən 123 tələbə seçilib və həmin tələbələr xarici müəllimlərinin köməyi ilə IT sahəsində biliklərini artıracaqlar. Bu sahədə dörd istiqamət nəzərdə tutulub. Bu istiqamətlər süni intellekt və data, “web development”, “kibertəhlükəsizlik”, "DevOps" və bulud texnologiyalarıdır”.

V.Qurbanova qeyd edib ki, məhz bu sahələrin seçilməsi təsadüfi deyil, çünki istiqamətlər hazırda ölkəmizdə prioritet və kadr hazırlığı üçün vacibdir: “Ümumilikdə bütün bu layihələrin əsas məqsədi Azərbaycanda kadr potensialının artırılması və universitetlərdə tələbələrin aldıqları nəzəri biliklərin praktiki bacarıqlara çevrilməsidir”.