Xalçaçılıqla rəssamlığı birləşdirən tələbə – AzMİU-da fərdi sərgi
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) aprelin 27-dən başlayan “Dizayn həftəsi” davam edir. Tədbir çərçivəsində universitetin “Dizayn” ixtisası üzrə IV kurs tələbəsi Tugiya Xudiyevanın fərdi sərgisi təqdim olunub. Tədbir iştirakçılarının xüsusi marağına səbəb olan rəsm əsərləri, xüsusən xalçaçılıqla rəssamlığı birləşdirən əl işləri xüsusi diqqət çəkib: “Rəsmlərim fərqlənir, güllər, dəniz mənzərəsi, xalça, nar var. Rəsm əsərlərimdə əsasən abstrakt üslubdan istifadə edir və demək olar ki, bütün işlərimdə çəhrayı rəngi aksent kimi ön plana çıxarıram”, - deyən Tugiya Xudiyeva sərgidə əsasən abstrakt üslubda hazırladığı əsərləri nümayiş etdirir.
Bildirib ki, bu il keçirilən sərgisini “Memarlıq və Şəhərsalma İli”nə uyğunlaşdırıb: “Bu il “Memarlıq və Şəhərsalma İli” olduğu üçün həm də memarların rəsmini çəkmişəm. Bu qəbildən Memar Əcəmi, Mikayıl Hüseynov və Zaha Hadidin rəsmləri sərgi iştirakçılarının diqqətini çəkib. Bu əsərlərimdə ağ-qara tonlardan istifadə etmişəm, vizual vurğu yaratmaq üçün isə rəngli iplərlə aksentlər əlavə etmişəm”.
Xalçaçılıqla rəssamlığı birləşdirən gənc dizayner üslubundan danışıb. Tugiya deyir ki, bu yaxınlarda sərgisi keçirilən Azərbaycan müasir incəsənət rəssamı Faiq Əhməddən ilhamlanıb: “Faiz Əhmədin xalçalarını, işlərini görəndən sonra mən də öz rəsmlərimə belə iplərlə detallar əlavə etməyə başladım”.
Onun istifadə etdiyi rəng ahəngi də sərgi iştirakçılarının diqqətini çəkib: “Bütün rəsmlərimdə göy rəngə də üstünlük verirəm. Tünd göy ilə qırmızının rəsmlərimdəki ahəngini rektorumuz da, Rəssamlıq Akademiyasının rektoru, professor Natiq Əliyev də çox bəyəndi”.
Tugiya Bakı məktəblisi olub: “Rəsm çəkməyi çox sevirdim. Anam dedi ki, mütləq kursa getməliyəm. Ümumi orta təhsil aldıqdan sonra orta ixtisas təhsili alıb. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsilini tamamladıqdan sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn fakültəsinə qəbul olunub: “Aldığım orta ixtisas təhsili ilə subbakalavr kimi ali təhsil müəssisələrinə qəbul imtahanlarına müsabiqədənkənar qatıla bilərdim. Ancaq mən imtahanda iştirak etdim və qabiliyyət imtahanından yüksək qiymət alaraq ali məktəbə qəbul olundum”.
Xatırladaq ki, ötən ildən keçirilən “Dizayn Həftəsi” beş gün davam edir. Tədbirlər çərçivəsində ilk gün ustad dərsləri təşkil edilir, ikinci gün açıq qapı günü keçirilir, üçüncü gün açılış mərasimi, dördüncü gün panel müzakirələr, beşinci gün isə hərrac keçirilir.
Ötən il “Dizayn həftəsi”ndə AzMİU-nun “Dizayn” ixtisası üzrə IV kurs tələbəsi olan Ziya Alısoyun dünyanın müxtəlif regionlarında (Avstriya, Türkiyə və Azərbaycanın müxtəlif rayonları) çəkdiyi 28 fotoşəkli nümayiş etdirilmişdi.



