Xalqının qəlbindəki Aşıq Ələsgər

21 Aprel, 2026 - 09:40
Xalqının qəlbindəki Aşıq Ələsgər

Bədii ədəbiyyat artıq, çoxdandır ki, ayrı-ayrı millətlərin deyil, bütövlükdə bəşər mədəniyyətinin əhəmiyyətli bir hissəsi, onun mənəvi parçası olaraq insanları dünən və gələcək kontekstində birləşdirən körpüdür. O, insan ruhunun ən yaxşı cəhətlərini oyadır və varoluş məqsədləri uğrunda mübarizədə ona kömək edir. Bu baxımdan onun şifahi forması olan folklor ədəbiyyatı xüsusi əhəmiyyət daşıyır. Folklor xalqın əsrlər boyu formalaşan yaddaşı, dünyagörüşü və həyat fəlsəfəsinin ifadəsi, onun adət-ənənələrini, əxlaqi dəyərlərini, sevinc və kədərini, tarixi taleyini əks etdirən ən mükəmməl şifahi yaradıcılıqdır. Bu yaradıcılıqda xalqın ancaq təfəkkür səviyyəsi deyil, təbii sərhədləri daxilində coğrafiyası əks olunur, keçib gəldiyi yolları görünür, Abbas Tufarqanlının bu şeirindəki kimi:              


Ay ağalar, gəlin tərif eləyim,
Nə əcəb düşübdü yeri Dərbəndin.
İsgəndər əlilə olub bərqərar,
Çəkilibdi bürcü-barı Dərbəndin.

Döşündə çeşmələr, zirvəsində qar,
Gözəlində həya, iyidində ar.
Elə ki, qış keçdi, açıldı bahar,
Laləzardı sağı, solu Dərbəndin.

Dərbənd dedikləri bağçadı, bağdı,
Alt yanı dəryadı, üst yanı dağdı,
Çox əcəb gəzməli, səfalı çağdı,
Xəstəyə şəfadı narı Dərbəndin.

Bu,Təbrizin 60 kilometrliyindəki Urmu gölünün şərqində, Səhənd dağına “əl uzatsan çatar” məsafədə yerləşən Tufarqanda Vətəni vəsf edən Qul Abbasın (O, özünü həmin vətənin qulu saydığınıdan qoşmalarında bu təxəllüslə də təqdim edilirdi) hüdudsuz kimi görünən doğma torpaqlara sevginin ifadə forması idisə, ondan 200 il sonra aşıq sənətinin nəinki ən gözəl ənənələrini yaşadan, üstəlik, o ənənələri yeni nümunələrlə zənginləşdirən, Göyçə gölünün yaxınlığında yaşasa da, ömrünün son günlərinədək Azərbaycan aşıq sənətinin ədəb-ərkanını yaşadan və müasirləri ilə bərabər gələcək aşıq nəslinə də örnək olası irs qoyan Aşıq Ələsgər “Gərəkdi”si ilə “açıq dərs” keçirdi:  

Aşıq olub, tərki-vətən olanın,
Əvvəl, başda pür kamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mə'rifət elmində dolu gərəkdi.

Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsi yandıra,
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.

Danışdığı sözün qiymətin bilə,
Kəlməsindən ləlü gövhər süzülə,
Məcazi danışa, məcazi gülə,
Tamam sözü müəmmalı gərəkdi.

Bu, sonralar ancaq Göyçədə deyil, bütün Azərbaycan məkanında Dədə Ələsgər - deyilərək çağrılan ustadın aşıqlıq sənətinə gələnlərin hansı meyarlara sahib olmaları ilə bağlı xatırlatmalardır. İstər aşıq sənətində, istərsə də o sənətin ən mühüm göstəricilərindən olan aşıq ədəbiyyatında Aşıq Ələsgər öz irsi ilə bir məktəbdir. Bu məktəbdə aşıq poeziyasına aid janrlara müraciət, həmin janrların yaratdığı imkanlardan yerli-yerində, məharətlə istifadə, bu və ya digər həyati mövzulara müraciəti zamanı onların hansının daha münasib olmasını duyabilmə qabiliyyəti özünü göstərir: 

Arif ola, eyham ilə söz qana,
Naməhrəmdən şərm eyləyə, utana,
Saat kimi meyli haqqa dolana,
Doğru qəlbi, doğru yolu gərəkdi.

Ələsgər haqq sözün isbatın verə,
Əməlin mələklər yaza dəftərə.
Hər yanı istəsə, baxanda görə,
Təriqətdə bu sevdalı gərəkdi.

Dədə Ələsgər “Gərəkdi”sində aşıq sənətinin kodeksini yaradırdı. Bu, həmin kodekslər sisteminə aid o anlayışdır ki, qərinələr sonra dəyərlər kateqoriyasını yaratmaq zərurəti yaşayan cəmiyyətlər o çərçivədə sənət etikasını -  yaradıcılıq prosesində, əsərlərin hazırlanması və təqdimatında sənətkar davranışlarını, onun mənəvi dəyərlərini və ictimai məsuliyyətini tənzimləyən qaydalar məcmuəsini qanunlaşdıracaqlar. Göyçəli aşıq isə XIX əsrin 60-70-ci illərində aşıqlıq sənəti etikasını yazırdı: yalnız nəyin yaradıldığı ilə deyil, həm də necə yaradıldığı və təqdim edildiyi ilə bağlı mənəvi sərhədləri müəyyən edir. Bu sənətin ən başlıca cəhətini isə “Saat kimi meyli haqqa dolana, Doğru qəlbi, doğru yolu gərəkdi” - deyə, vurğulamaqla, istənilən sənətdə səmimiliyi başlıca amil kimi görür.
Bütün bunlarla bərabər, Aşıq Ələsgərin əksər şeirləri təbiətin - onun tərkib hissəsi olan dəyərlərin poetikasını yaradır. Bu poetikanın işığında təbiət və onun tərkib hissəsi olan zərrəcikləri necə də aydın görünür və bəlkə buna görədir ki, onunlirik “Mən”i öz sevgisinin etirafında olduğu kimi, duyğularının izharında da səmimidir. Buna görədir ki, onun şeirlərinin dili, məntiqi, ideya-məzmunu, əslində xalqımızın bədii-təfəkkür tərzinin ifadəsi kimi qəbul edilir və qavranılır. Nəticədə xalqın mahiyyətindən yarandığı şübhə doğurmayan qaynaqlardan qidalanan bu şeirlər hansı janrda olmasından asılı olmayaraq oxunaqlı, yaddaqalan və təsirli olur. Onun lirik “Mən”inin verdiyi suallar da sevgisi qədər təsirlidir. Bu sevgidə dərin emosional-psixoloji bağlılıq, fədakarlıq, qayğı və hörmətə əsaslanan qeyri-maddi hissi nəinki duyur, onu yaşayırsan. Bu hisslərdə insanın özünü dərk etdiyi andan yaşadığı duyğular o qədər qabarıqdır ki, lirik “Mən”lə bərabər olduğunu zənn edirsən:

Ayrılıqdan ölüm yeydi,
Həsrətin qəddimi əydi.
Nə dedim, xətrinə dəydi,
Üzün məndən niyə döndü?

Aşığa yoxdu qadağa,
Müştaqdı dilə, dodağa.
Ələsgər sana sadağa,
Üzün məndən niyə döndü?

Aşıq Ələsgərin hansı janrda olursa-olsun, yaradıcılığının qayəsində sevgi dayanır və bunu onunla izah etmək mümkündür ki, bu şeirlərin ömrünün az qala əbədi kimi görünən taleyini həmin sevgidən uzaqda təsəvvür etmək mümkün deyil. Bu sevginin ünvanları müxtəlif olsa da, müəllif o müxtəliflikləri ümumi müstəviyə gətirir və ona görədir ki, doğulan gündən formaca rəngarəng olan həmin mənəvi varlıqların mahiyyətini asanlıqla dərk edir, onu təhtəlşürunda saxlaya bilirsən.
Buna, dəyərlər kompleksi demək olar, insanlar məhz həmin dəyərlər daşıyıcısı olaraq millətə çevrilir. Birmənalı olaraq o məsələnin üzərində israrla dayananları inkar etmək çətindir ki, “millət”i şərtləndirən başlıca keyfiyyət ortaq dil deyil, ortaq dini də ağla gətirmək real görünmür. Millət- tarix, mədəniyyət, psixologiya birliyinə malik, özünü vahid cəmiyyət kimi identikləşdirən insanların ümumi daşıyıcısı olduğu dəyərlərlə şərtlənən sabit ictimai-siyasi və etnomədəni birliyidir. 
Məhz bu nöqteyi-nəzərdən yazılı ədəbiyyat və folklor nümunələri yaradan böyük şəxsiyyətlər ilk növbədə insanlarımızı daha çox dəyərlər ətrafında yığılmağa çağırmışlar. Həmin çağırışların sonu isə hansısa məqamda bəşəri xarakter alır və dünyanın məhək daşının həqiqətdən keçdiyi inamı vurğulanır, insanların hansı keyfiyyətdə olduğu vaxtlarda Şərin yeriməyəcəyi, Xeyirin addımlar atacağı qənaət möhkəmlənir. Bu qənaət Aşıq Ələsgərin “Dünyada” şeirində bu cür səslənir:

Qafil dilim, bu nə yoldu tutubsan,
Sərf edirsən nə kamaldı dünyada.
Dövlətə güvənib, gül tək açılma,
Çox sənin tək güllər soldu dünyada.

Kibridən qəlbində bərkitmə barı,
Top dəyər, dağılar bürcü, hasarı,
Yüz sənin tək ahu gəzən şahmarı,
Fələk kəməndinə saldı dünyada.

Guşumda sırğadı, sinəmdə dağdı,
Ağıllı unutmaz, necə ki sağdı:
Dövlətdən qismətin beş arşın ağdı,
Çəkdiyin qovğadı, qaldı dünyada.

Bu məqamlarda Aşıq Ələsgər mənəviyyat yolunun yolçusu olduğunu, daxilən yaşadığı dərin mənəvi, daxili və mistik həyat tərzi ilə qəlbini dünyəvi bağlılıqlardan təmizləyən sufi olaraq, ilahi sevgiyə qovuşmağa can atmağa, özünütərbiyə yolu ilə "kamil insanlığa" nail olmağa və Allaha yaxınlaşmağa çağırış edən Yunis Əmrəyə bənzəyir. Söhbət o Yunis Əmrədən gedir ki, Anadolu təsəvvüf şeirinin banisi, ilahi eşqi, insan sevgisini və vəhdəti-vücud fəlsəfəsini xalq dilində çatdıran, ömrünü dünyanı dərk etməyə çağırışları ilə Allaha eşqi, insan qəlbinin ucalığını bir vəhdətdə görməyə dəvət edirdi. Aşıq Ələsgər “Dünyada” qoşmasında təkcə Azərbaycanın deyil, ümumilikdə Yaxın Şərqin ən böyük mütəffəkirlərindən biri kimi qəbul olunan Mirzə Fətəli Axundovun aforizmini - “Kamal ata kürkü deyil ki, irsən övlada keçə” fikrinə söykənir, insanın ən böyük sərvəti kimi “kamalı” göstərir:
Fələk bərhəm edib çox nizamları:

Söndürüb zülm ilə yanan şamları.
Hayıf cavanların gül əndamları,
Mara-mura qismət oldu dünyada.

Yığılar məxluqat, qurular məhşər,
Boyunlarda kəfən, əllərdə dəftər,
Onda vay halına, yazıq Ələsgər,
Özün getdin, sözün qaldı dünyada.

Əlbəttə, bu dəyərlərin ən istedadlı insanlarda formalaşması üçün mühitin olması şəksiz zəruri əsaslardandır və Aşıq Ələsgərə qədər o mühit formalaşmışdı. Yarandığı zamandan üzü bu tərəfə inkişaf edən aşıq şeirinin müxtəlif janrları - qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis və digər növlərindən ibarət olan aşıq sənəti özündə topladığı misilsiz sərvəti yaradan insanların xidmətləri idi ki, onlar Azərbaycan şifahi xalq ədəbiyyatını türkdilli xalqların folklorunda möhtəşəm mədəniyyət xəzinəsinə çevirmişdilər. Orta əsrlər Yaxın Şərqində öz inkişaf yolunun pik mərhələsinə keçən Azərbaycan aşıq sənətinin populyarlığı, demək olar ki, həmin region üçün xarakterik olmaqdan əlavə, həmin ərazilərdə, xüsusilə Güney Qafqazda yaşayan xalqların folklor nümunələrində yer alırdı. Nəticə olaraq Azərbaycan aşıq sənəti XV əsrin sonları və XVI əsrin əvvəllərində yaşamış Şah İsmayıl Xətainin müasiri, fəaliyyətini Səfəvilər sarayında davam edirən Aşıq Qurbani (Dirili Qurbani), XVI əsrdə Güney Azərbaycanda yaşamış Tufarqanlı Abbas, həmin əsrdə Quzey Azərbaycan aşıq sənətinin nümayəndəsi Sarı Aşıq, XIX əsr Göyçə aşıq məktəbindən Aşıq Alı (Qızılvəngli Alı) və digərlərinin unikal yaradıcılığı sayəsində ən yüksək məqamlara qalxa bilmişdi. Aşıq Ələsgər və onlardan sonra gələn yüzlərlə ustad sənənətkar öz yaradıcılıqları ilə nəinki o səviyyəni qoruya bilmiş, hətta onu inkişaf etdirərək adlarını ustad sənətkarlar sırasına yaza bilmişlər. Bunların arasında xüsusilə fərqlənən Qızılvəngli Aşıq Alının İrəvan xanlığının Ağkilsə kəndində anadan olmuş şəyirdi Aşıq Ələsgərin məxsusi yeri var. Onun ustad sənətkar kimi yetişməsində, əlbəttə, Aşıq Alının rolu inkar oluna bilməz, lakin o da var ki, əsas sözü fitri istedadı və zəhməti deyib. Məhz bu keyfiyyətləri sayəsində o, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və aşıq sənətində böyük iz buraxmaqla məktəb yaradan azsaylı sənətkarlar sırasında dayanıb. Ustadın yaradıcılığında xüsusi seçilən dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və digər şeir növləri onun yaradıcılığında ən gözəl şəkildə yaranmaqla 170 ilə yaxındır ki, xalqımızın yaddaşındadır. Həmin şeirlər hansı janrda olmasından asılı olmayaraq öz mövzusu, yaradıcılıq üslubu, sadə olduğu qədər mənası ilə fərqlənir. Azərbaycan xalqının böyük əksəriyyətində “yaylaq” kültürünün özünəməxsus izləri var və bu izlər istər yazılı, istərsə də şifahi ədəbiyyatımızda kifayət qədər canlı tablolarda öz oxucu və yaxud dinləyicisində təəssürat yaradıb və tərəddüdsüz olaraq qeyd edə bilərik ki, o sənət əsərlərinin siyahısında Aşıq Ələsgərə məxsus “Yaylaq” qoşmasının xüsusi yeri var: 

Könlüm qaranquştək uçub qoynuna,
Gəzir hər yamacı, hər yalı, yaylaq!
Ruhum təzələnir, məst olur ürək,
Görəndə bu çağı, bu halı, yaylaq!

Kəkotu, qırxbuğum, qaymaqçiçəyi,
Bənövşə, qantəpər, qızlar örpəyi,
Qoyun mələşməsi, çoban tütəyi,
Çəkir uzaqlara xəyalı, yaylaq!

Bu, ustad aşığın istedadı sayəsində yaranan sənət əsərinin kaloriti ilə fərqlənən şeirlərindən biridir. Yaylaq sözünün leksik mənasını bu qədər parlaq ifadə etməklə sözün mənzərəsini çəkməyin az sayda yaradıcı insanların nail olduğunu vurğulamaqla, deməyi lazım bilirik ki, Dədə Ələsgər gedib də gördüyü yaylaqların coğrafiyasını cızmaqla bərabər, həmin yerlərin toponimlərini qabardır, onların əzəli sakinlərinin kim olduğunu xatırladır:

Qırxqız, Alaqaya, Çilgöz, Narışlar,
Murov, Uzunyoxuş, Dəlidağ, Qoşqar!
Hansı oğul, deyin, sizi unudar?!
Düşərmi el sizdən aralı, yaylaq?!

Ələsgər köynəkdən çıxartsın sazı,
Yenə cuşa gəlsin, eşqi, avazı,
Tərifləsin allı, yaşıllı yazı,
Unutma bu böyük kamalı, yaylaq!

Aşıq Ələsgər onaqədərki ustad aşıqların yaratdığı mühitdən qidalanan, fitri istedadı ilə aşıq sənətini yüksəkliklərə qaldıran, sələfləri olan klassik aşıqlarımızın, həmçinin özündən sonra gələn, aşıqlıq sənətinə yiyələnmək istəyən gənclərə  müqayisəolunmaz stimul verən ustad sənətkarlarımızdan biridir. Aşıq Ələsgər, yaradıcılığı dövründə sinkretik sənətin sirlərinə sahib olmağı bacaran, gözəl saz çalan, dastan söyləyən, zəngin aşıq poeziyasına aid janrların - qoşma, gəraylı, divani, təcnis, müxəmməs və digər janrların estetik təbiətinə, bədii-ifadə imkanlarına dərindən yiyələnən ustad kimi nəinki Göyçə və yaxud Azərbaycan aşıq sənətində, həmçinin Quzey, yaxud Güney Azərbaycanla bərabər, Dağıstan, Qərbi Azərbaycan və Türkiyənin şərq vilayətlərində kifayət qədər tanınan sənətkarlardan biri olub. Ustad bu gün də ancaq Azərbaycan Respublikasının sərhədləri daxilində deyil, 50 milyona yaxın soydaşımızın yaşadığı coğrafiyada anılır, onun müxəmməs və təcnisləri, qoşma və gəraylıları dünyanın hikmətini bir daha hər kəsə xatırladır. O hikmətin mayası nədən yorulub, bunu isə “Dağlar” qoşmasında Dədə Ələsgər yada salır:

Bahar fəsli, yaz ayları gələndə,
Süsənli, sünbüllü, lalalı dağlar,
Yoxsulu, ərbabı, şahı, gədanı,
Tutmaz bir-birindən aralı dağlar.

Gahdan çiskin tökər, gah duman eylər,
Gah gəlib-gedəni peşiman eylər,
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar.

O, bu gün də xalqımızın gələcək tarixi boyu yaşayaraq seviləcək şeirləri ilə çağırışlar etməkdədir. İnsanlarımızı Vətəni sevməyə, ali bəşəri duyğularla yaşamağa və ədalətli olmağa səsləyən bu çağırışlar günümüzdə nə qədər aktualdır! 
30 sentyabr 2024-cü ildə Bakı şəhərində Prezident İlham Əliyevin Sərəncamı ilə Aşıq Ələsgərin ucalan abidəsinin açılışı mərasimində uca  dəyərlərlə yaşayan xalq ozanı belə təqdim edilirdi: “Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. Əlbəttə ki, biz onun timsalında xalqımızın yüksək ruhunu görürük”. Xatırlatma üçün qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Aşıq Ələsgər Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Mahirə Hüseynova,
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor