Xankəndidə “Mənim gələcək peşəm” adlı tədbir keçirilib
Xankəndidə şagirdlərin peşə seçiminə həsr olunan “Mənim gələcək peşəm” adlı tədbir təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xankəndi şəhəri üzrə Gənclər və İdman Sektorunun və Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirin əsas məqsədi şagirdlərdə komanda şəklində işləmək, əməkdaşlıq etmək, təşəbbüskarlıq göstərmək və müstəqil qərarvermə kimi mühüm həyati bacarıqların inkişaf etdirilməsi, onların müasir əmək bazarının tələbləri, yeni yaranan peşə istiqamətləri və gələcəyin perspektivli ixtisasları barədə məlumatlandırılması olub. Eyni zamanda şagirdlərin öz fərdi bacarıq və potensiallarını daha yaxından tanımalarına, maraq və meyillərini düzgün müəyyənləşdirmələrinə, gələcək karyera seçimində daha şüurlu və məqsədyönlü qərarlar qəbul etmələrinə dəstək göstərilməsi tədbirin əsas prioritetlərindən biri olub.
Tədbir çərçivəsində şagirdlərə peşə və ixtisas seçiminin gələcək həyat və karyera quruculuğunda oynadığı mühüm rol barədə məlumat verilib, düzgün istiqamət seçiminin şəxsi inkişaf, peşəkar uğur və cəmiyyətə faydalı fərd kimi formalaşmaq baxımından əhəmiyyəti vurğulanıb.




