Xaricdə təhsil alanların ölkəyə verdiyi töhfə ciddi təhlil olunmalıdır – Deputat

22 Yanvar, 2026 - 09:41
Xaricdə təhsil alanların  ölkəyə verdiyi töhfə ciddi təhlil olunmalıdır

“Təhsil sahəsində aparılan müzakirələrdə media ilə əməkdaşlıq və ictimaiyyətin məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə deyib.

Deputatın sözlərinə görə, həm yerli, həm də xarici mediada aparılan maarifləndirici təbliğat işləri təhsil islahatlarının düzgün təqdim olunmasına töhfə verə bilər.

Fariz İsmayılzadə qeyd edib ki, təhsildə problemlər və müzakirə mövzuları çoxdur, lakin prioritet istiqamətləri müəyyənləşdirmək vacibdir.

Onun fikrincə, əsas mövzulardan biri xaricdə təhsil almış məzunlarla bağlı ictimai dinləmələrin keçirilməsidir.

Deputat vurğulayıb ki, artıq minlərlə gənc xaricdə təhsil alaraq ölkəyə qayıdıb və onların harada işləməsi, hansı sektorlarda fəaliyyət göstərməsi, ölkənin inkişafına necə töhfə verməsi ciddi təhlil olunmalıdır. Bununla yanaşı, dövlət proqramlarının ilkin nəticələri qiymətləndirilməli və gələcək planlar ictimai müzakirəyə çıxarılmalıdır.
Fariz İsmayılzadə diqqətə çatdırıb ki, bu proqramlara böyük maliyyə vəsaiti ayrılır və həmin vəsaitin səmərəliliyi də cəmiyyət üçün açıq şəkildə izah olunmalıdır.